Hüquq müdafiəçisi bu gün kalonda monitorinq aparacaq
17 saylı cəzaçəkmə müəssisəsində işıq, su və istilik problemləri var. Bu barədə həmin kalonda cəza çəkən AXCP fəalı Elnur Məcidlinin atası Arzuman Məcidli məlumat verib. Onun sözlərinə görə, istilik sisteminin olmaması məhbusları olduqca çətin vəziyyətə salıb: “Su donub. Əl-üzlərini yumağa su tapa bilmirlər”.
A.Məcidli oğlu ilə görüş məsələsində də problemlərin olduğunu deyir: “Dünən getmişdik Elnura baş çəkməyə. Məni buraxdılar, dostlarına icazə vermədilər. Əsas gətirdilər ki, guya qanunvericilik buna imkan vermir. Mən də dedim ki, bu adam təhlükəli cinayətkar deyil ki. Niyə qoymursuz dostları ilə görüşsün. Mübahisə də etdim, amma faydası olmadı”.
A.Məcidli AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Jozef Debononun Azərbaycana səfəri zamanı Elnur Məcidli ilə görüşməməsindən də şikayətləndi: “17-ci kalonda cəza çəkən digər siyasi məhbuslarla görüşüb, Elnurla görüşməyib. Bu da Elnura istər-istəməz pis təsir edib. Elnur Məcidli ən gənc siyasi məhbusdur. Ən azı buna görə həmməruzəçi onunla da görüşməli idi. Mən yerli hüquq müdafiəçilərindən də narazıyam. Bugünə qədər heç bir hüquq müdafiəçisi bu kalondakı məhbuslarla maraqlanmayıb”
Qeyd edək ki, hüquq müdafiəçisi Eynulla Fətullayev bu gün 17-ci kalonda olacaq və monitorinq aparacaq.
Gültəkin