Ziyalılar Novruzovu ələ saldılar

“Onun ağlı çatmaz…”

Ziyalılar Forumunun fəaliyyəti hakimiyyəti ciddi narahat edib. Görünür məhz bu səbəbdən iqtidar mənsubları və onlara yaxın mətbuat bu qurumu qaralamaqdan yorulmur. Qeyri-adi fikirləri ilə hər zamanda gündəmə gəlməyə bacaran YAP icra katibinin müavini Siyavuş Novruzov Ziyalılar Forumunu qanunsuz qurum adlandırıb. Onun sözlərinə görə, bu qurumda toplaşanlar ziyalı adından istifadə edirlər və onların əksəriyyəti Azərbaycanın qlobal problemləri dövründə ölkəni qoyub qaçıblar. YAP icra katibinin müavi Ziyalılar Forumunda təmsil olunan şəxsləri  “fərari” adlandırıb və erməni ziyalıları ilə müqayisə edib (S.Movruzovun açıqlamasını buradan oxuya bilərsiniz).
Onun bu sözləri isə cavabsız qalmayıb.

«Azərbaycanda Aristotel və Lütfi Zadə məntiqi ilə yanaşı, Siyavuş Novruzov məntiqi də var»

Qəzetimizə açıqlamasında Ziyalılar Forumunun təsisçilərindən olan Eldar Namazov deyib ki, özlərinə qarşı bu tip məntiqə, reallığa, həqiqətə sığmayan bəyanatları, bəsit fikirlərə şərh verməyə, vaxt sərf etməyə lüzüm görmədiyini bildirib.
E.Namazov bir müddət əvvəl də Siyavuş Novruzovun buna bənzər ittihamlarla çıxış etdiyini xatırladıb: «Həmin ittihamda belə bir ifadə vardı ki, Rafiq Əliyev Əbdürrəhman Vəzirovun dövründə vəzifədə olub. Onun harası ziyalıdır. Onda mən Rafiq müəllimə dedim ki, siz tez-tez müsahibələrinizdə iki məntiqdən – Aristotel və Lütfi Zadə məntiqindən danışırsınız. Mən bununla razı deyiləm. Ən azı Azərbaycanda Aristotel və Lütfi Zadə məntiqi ilə yanaşı, bir Siyavuş Novruzov məntiqi də var. Ziyalılar dediyimə xeyli güldülər də “.
E.Namazov S.Novruzovun ziyalıların təklifi ilə bağlı özünəməxsus şəkildə çıxış etdiyini yada saldı: «Vaxtı ilə Siyavuş Novruzov Ziyalılar Forumunun təklif etdiyi “Demokratiyaya doğru yeddi addım” sənədini şərh edəndə bizim eks-prezidentlər haqqında təklifimizə çox geniş yer ayırmışdı. O hesab edirdi ki, nə Əbülfəz Elçibəyə, nə də Ayaz Mütəllibova bu qanun şamil oluna bilər. Amma onun açıqlamasından bir neçə ay sonra Prezident Administrasiyasından Milli Məclisə “Eks prezidentlər haqqında” Qanun layihəsi göndərildi. Həmin qanun adıçəkilən hər iki şəxsə şamil olundu və Siyavuş Novruzov da səsini çıxarmadan ona səs verdi. Ona görə də nə məntiqi, nə də siyasi baxımdan bu cür bəyanatlara şərh verməyə lüzum görmürəm”.

«Səyavuş kimilərin ağlı çatmaz Aslan İsmayılovun kim olduğunu dərk etməyə»

Onu da qeyd edək ki, Səyavuş Novruzov Ziyalılar Forumun ilə yanaşı bir müddət əvvəl bu qurumu tərk edən tanınmış vəkil Aslan İsmayılovun da ünvanına xoşagəlməz fikirlər səsləndirib.
S.Novruzovun fikrincə, A.İsmayılov Dağıstanın hansısa ali məktəbinin filialını bitirib və onun heç bir tarixi həyat yolu olmayıb. Onun sözlərinə görə, əgər A.İsmayılov yaxşı hüquqşünas olsaydı, Moskva Dövlət Universitetində, yaxud Leninqradda oxuyardı. Ən azından Tiflis Dövlət Universitetini bitirərdi. O eyni zamanda A.İsmayılovun 20 ildir özünə iş tapa bilmədiyini deyib.
Tanınmış vəkil də öz növbəsində YAP icra katibi müavinin dediklərinə cavab verib.
A.İsmayılov deyib ki, S.Novruzovun onun kim olduğunu dərk etməyə ağlı çatmaz. Keçdiyi həyat barədə qısa məlumat verən tanınmış vəkil S.Novruzovun bütün həyatı boyu bu yolu təkrarlaya bilməyəcəyini vurğulayıb: «Orta məktəbi Azərbaycan dilində əla qiymətlərlə qurtarıb SSRİ dönəmində ən güclü hüquq fakültəsi sayılan Kuban Dövlət Universitetinin hüquq fakültəsini universitetin tarixində yeganə qafqazlı olaraq əla qiymətlərlə bitirən birisiyəm. Ali məktəbi bitirəndən sonra yeganə tələbə kimi birbaşa Neftekumskda hakim işləmişəm. Sonra Andropovski rayonunda hakim işləmişəm. 1986-1989-cı illərdə Stavropol rayonun Zelençuk rayonunda SSRİ-də ən cavan məhkəmə sədri olmuşam. O rayonda SSRİ Siyasi Büro üzvlərinin bağ evləri yerləşirdi. Kislovodsk,  Yesentuki, Pyatiqorski məhkəmə sədrləri ora sədr getməyə can atırdı. 1989-cu ildə respublika prokurorlğunda işləmişəm. Prezident Aparatında işləmişəm, o cümlədən bir il Heydər Əliyevin yanında baş məsələhətçi olmuşam. 1993-cü ildə Milli Məclisdə Rəhim Qazıyev Heydər Əliyevi təhqir edəndə Səyavuş kimiləri siçan deşiyində gizlənəndə mən Milli Məclisdə Rəhim Qazıyevin cavabını vermişəm. «Youtobe»də girib bu çıxışa baxmaq olar. 1996-cı ildə Büdapeştdə Mərkəzi Avropa Universiteti insan haqları üzrə kursu, 2000-2002-ci illərdə Varşavada Avropa birliyinin təşkil etdiyi ali beynəlxalq insan haqları kursunu bitirmişəm. 2010-cu ildən Fəlsəfə üzrə fəlsəfə doktoruyam. Səyavuş ona-buna çanta gəzdirə-gəzdirə, artıq hər şey hazır olanda əlində çömçə qazana bölüşməyə gəlib. Mən heç vaxt qazan dibi yalamamışam və qazana da yaxın düşməmişəm. Özümü vətəndaş mövqeyi olan və Azərbaycan üçün həqiqətən iş görmüş bir kişi sayıram. Hansı ki, Səyavuş iki ömür yaşasa ora çata bilməz».
 A.İsmayılov S.Novruzovun ziyalıları və onların övladlarının fərari adlandırmasına da cavab verdi: «iki oğlum var, ikisi də hərbi xidməti keçib. Biri Amerikada oxuyub qurtarıb, gəlib hərbi xidməti keçib. O biri BDU-nun hüquq fakültəsini qurtarıb, hərbi xidməti keçib, indi Almaniyada oxuyur. 1989-cu ildə bütün Azərbaycan rəhbərliyi Sumqayıt işlərində qorxub qaçanda Sumqayıt hadisələrini SSRİ DTK-sı və ermənilərin törətdiyini təkbaşına mən sübut etmişəm. Ona görə mənim ucadan danışmağa haqqım var. Səyavuş Novruzovlar, Əli Əhmədovların heç birinin mənim haqqımda danışmağa haqqı yoxdur. Onların mənim gördüyüm işləri dərk etməyə ağlı çatmaz».
A.İsmayılov özünü hüquq elmlər doktoru hesab edən Səyavuş Novruzovla istənilən telekanalda debata hazır olduğunu vurğuladı: «Fəlsəfə üzrə fəlsəfə doktoruyam. Səyavuş Novruzov hüquq elmləri doktorudur. İstəyirəm əllərində olan istənilən telekanalda Səyavuşun bütün hüquq dostları yığışsın, aramızda debat keçirək. O özünü hüquqşunas sayır, hüquq elmi ilə bağlı debata çıxaq. Mən ədəbiyyat, incəsənət, idman demirəm. Çünki Səyavuş Novruzov o sahələrə yad adamdı. İstənilən bildiyi sahə ilə bağlı, onunla, onun müəllimləri ilə üz-üzə durmağa hazıram. Amerika və Avropanın ən yüksək tribunalarında çıxış edib və Azərbaycanı ləyaqətlə təmsil etmişəm. Oraların qapısına belə Səyavuş Novruzovu buraxmazlar».
A.İsmayılov Səyavuş Novruzovun onu iş tapmamaqla bağlı ittihamına da cavab verib: «Məni iş tapa bilməməkdə ittiham edir. Səyavuş Novruzovun rəhbərləri mənə hüquq mühafiəzə orqanlarında rəhbər vəzifələr təklif ediblər. Sadəcə, mən qəbul etməmişəm. 1994-cü il iyun ayının 12-də mən Prezident Aparatında vəzifədən azad olunandan sonra aparatın işlər müdiri Akif Muradverdiyevin otağında Ramiz Mehdiyevlə birlikdə məni Nazirlər Kabinetində, Milli Məclisdə, Respublika Prokurorluğunda və ya Ədliyyə Nazirliyində şöbə müdiri və daha yüksək vəzifələrdə işləməyə razı salmaq istəmişlər, sadəcə mən razılıq verməmişəm. İkincisi, onun ağlı kəsmir ki, hüquq sahəsində bacarığı, savadı olan adam ölkədə tanınmış vəkil ola bilər. Biz elə bir ölkədə yaşayırıq ki, heç bir savadı olmayan adam nazir ola bilər. Amma savadı olmayan yaxşı vəkil ola bilməz. Sadəcə Səyavuş Novruzovun bunu bilməyə ağlı çatmaz».

Fizzə