İbrahim İbrahimli: «Siyasi və sosial tələblərlə çıxış edən bütün qurumlarla bir araya gələrək, demokratiya uğrunda xalq hərəkatı yaratmağa hazırıq»
Ictimai Palata (IP) son sessiyasında 2012-ci il planlarıyla bağlı sənəd qəbul etdi. Sənəddə mühüm istiqamətlərdən biri demokratik qüvvələrin birliyinə nail olunması sahəsində atılacaq addımlarla bağlıdır. IP demokratik qüvvələrin köklü demokratik dəyişikliklər uğrunda mübarizə naminə təşkilatlanması və birləşməsinin davam etdirilməsini qarşısına məqsəd kimi qoyub. Eyni zamanda IP ölkənin köklü demokratik dəyişikliklərə nail olması uğrunda çıxış edən bütün ictimai-siyasi qüvvələrlə dialoqun qurulması və real əməkdaşlıq mexanizmlərinin yaradılması sahəsində iş aparılmasını gələcək fəaliyyət planında nəzərdə tutub. Bəs gələcəkdə IP-in əməkdaşlıq edə biləcəyi təşkilatlar hansı ola bilər?
IP Koordinasiya Şurasının üzvü Ibrahim Ibrahimlinin sözlərinə görə, təmsil etdiyi təşkilat həm dünyada gedən prosesləri, həm də daxildəki siyasi şərtlərin dinamikasını nəzərə alaraq ciddi sənəd qəbul edib. IP-in açıqladığı sənədin 2012-ci ildəki fəaliyyət planı olduğunu deyən I.Ibrahimli əlavə etdi ki, bu sənəd digər tərəfdən “avtoritarizmdən demokratiyaya yumşaq keçidin yol xəritəsi”nin reallaşması üçün əlverişli şəraitin yaradılmasına hesablanıb: “Ictimai Palata ölkədə demokratiya uğrunda geniş xalq hərəkatına nail olmaq üçün ölkənin bütün siyasi, ictimai təşkilatları ilə əməkdaşlıq etməyə hazırdır. Ictimai Palata ölkədə köklü dəyişikliklərə nail olmaq üçün vətəndaş cəmiyyətinin, siyasi blokların, QHT-lərin əməkdaşlığını əhəmiyyətli sayır”.
Hazırda ölkədə kütləvi sosial narazılığın olduğunu deyən I.Ibrahimli vurğuladı ki, tədricən bu sosial narazılığın siyasi narazılığa keçməsi ölkədə böyük dəyişikliklər üçün yol aça bilər. Bu baxımdan Azərbaycandakı hazırkı ictimai-siyasi duruma biganə qalmayan təşkilatlardan Ziyalılar Forumu, Demokratik Müqavimət Hərəkatı ilə əməkdaşlığı real sayan I.Ibrahimli bildirdi ki, siyasi və sosial tələblərlə çıxış edən bütün qurumların bir araya gələrək demokratiya uğrunda xalq hərəkatı yaratması günümüzün tələbidir. Ictimai Palata 2012-ni ölkədə ciddi dəyişikliklər ili kimi tarixə salmaq niyyətindədir. Ona görə həm regionumuzda, həm də ölkə daxilində baş verən proseslərdən çıxış edərək ciddi fəaliyyət ortaya qoymaq istəyir”.
Xəyal