Kəlbəcərlilər aksiyalara başlamaq fikrindədir
“Goranboy rayonunda Kəlbəcərdən olan şəhid ailələrinə və köçkünlər üçün nəzərdə tutulmuş ”Qaçkınkom”un verdiyi 47 mənzil həmin rayonun imkanlı şəxslərinə satılır”. Bu barədə rayondakı mötəbər mənbədən xəbər almışıq. Mənbənin dediyinə görə, artıq ev növbəsində olan 38 nəfər ölkə başçısına məktub göndərərək haqlarını tələb edirlər.
Kəlbəcər Rayon Icra Hakimiyyəti başçısının birinci müavini Aqil Məmmədov isə mətbuata açıqlamasında deyib ki, evlər Kəlbəcər rayonunun köçkünləri üçün tikilsə də, paylanmasını bu qurum həyata keçirmir. Məsələn, əgər evlər Goranboyda tikilibsə, həmin icra nümayəndələri tikiləcək evlərin yerini və həmin rayonda yerləşmiş köçkünləri siyahıya alır, Qaçqınlar Komitəsinin nümayəndəsi ilə paylayırlar:
Sitat: “Məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı dövlət proqramı var və buna əsasən ehtiyacı olanlara evlər tikilir və növbəli şəkildə paylanır. Öncə çadırda yaşayanlar, daha sonra Fin qəsəbələrindəkilər köçürülür. Hansı köçkün hansı yerli rayonlarda məskunlaşıbsa, onların sosial problemləri ilə yerli icra hakimiyyətləri məşğul olur”.
Mənbəmizin verdiyi məlumata görə, mənzillə təmin oluna bilməyənlərin 18 nəfəri artıq Bakıdadır. Onlar “Qaçqınkom”a müraciət etmək fikrindədir. Tələblərinə əməl olunmasa, onda etiraz aksiyalarına başlayacaqlar.
Mürsəl Ibrahimli