Qərb «Suriyanın dostları qrupu» yaradır; Vaşinqton Dəməşqdəki səfirliyini bağladı
Əsədin əsgərləri isə Homs şəhərini yenidən bombaladı
Suriyada qanlı qırğınlar davam edir. Bəşər Əsədə tabe olan hərbi qüvvələr ötən gün müxalifətin nəzarətində olan Homs şəhərini yenidən bombalayıb. “BBC”-nin şəhərdə olan müxbiri xəbər verib ki, Əsəd hərbçilərinin hədəfi əsasən əvvəlki bombardman zamanı yaralananların saxlanıldığı xəstəxanalardan biri olub. Müxalifət qüvvələrinin mövqelərinə hər yarım dəqiqədən bir mərmi atılır. Şəhərin bombardman edilməsində tanklarla yanaşı, vertolyotlardan da istifadə olunur. Hücumlar nəticəsində 10-dan çox insanın həlak olduğu bildirilir.
Ingiltərənin keçmiş xarici işlər və müdafiə naziri Malkolm Rifkind isə “Financial Times” qəzetində məqalə ilə çıxış edərək, Suriya müxalifətinə açıq dəstək verilməsini istəyib: “Suriya vətəndaş müharibəsində müxalifətə dəstək vermək zamanı gəldi. Ingiltərə və ərəblər, eləcə də Türkiyənin liderliyilə Qərb Suriyanın cəsur müxalifətinə dəstəklərini sürətləndirərək, tarixi gedişatın haqlı tərəfində yer almalıdır. Suriya vətəndaş müharibəsinə sürüklənmir, elə vətəndaş müharibəsinin içindədir”.
Məqalədə diplomatik vasitələrin tükəndiyi bildirilir. Rusiyanın getdikcə müttəfiqlərini itirdiyini yazan müəllif daha sonra vurğulayıb ki, Səudiyyə Ərəbistanı və Qətər Azad Suriya Ordusunun siyasi liderliyini gücləndirmək üçün Türkiyə ilə əməkdaşlığını artıracaq. Buna qarşı çıxanlar, status-kvonun Suriyanı təhlükəli bir parçalanmaya apardığını özləri-özlərinə sual verməlidirlər. Birbaşa NATO müdaxiləsi olmayacaq. Ancaq loqistik dəstək, kəşfiyyat, xəbərləşmə yolu ilə indidən dəstək verməyə başlaya bilərik. Suriyaya Iran silahlarının getməsinin qarşısı alınmalı, Yunan Kiprinin Rusiya gəmilərini blokadada saxlaması üçün Avropa Birliyinə təzyiqlər edilməlidir”.
Məqalədə diplomatik vasitələrin tükəndiyi bildirilir. Rusiyanın getdikcə müttəfiqlərini itirdiyini yazan müəllif davam edir: “Səudiyyə Ərəbistanı və Qətər Azad Suriya Ordusunun siyasi liderliyini gücləndirmək üçün Türkiyə ilə əməkdaşlığını artıracaq. Buna qarşı çıxanlar, status-kvonun Suriyanı təhlükəli bir parçalanmaya apardığını öz-özlərinə sual kimi verməlidirlər. Birbaşa NATO müdaxiləsi olmayacaq. Ancaq loqistik dəstək, kəşfiyyat, xəbərləşmə yolu ilə indidən dəsətək verməyə başlaya bilərik. Suriyaya İran silahlarının getməsinin qarşısını almalıyıq. Yunan Kiprinin Rusiya gəmilərini blokadada saxlaması üçün Avropa İttifaqına təzyiqlər etməliyik”.
Birləşmiş Millətlər Təşkilatının (BMT TŞ) Təhlükəsizlik Şurasında Rusiya və Çinin vetosu nəticəsində Suriya ilə bağlı layihəni qəbul etdirə bilməyən ABŞ Bəşər Əsədə qarşı yeni plan üzərində işləyir. Vaşinqton Əsəd əleyhdarlarına dəstək verilməsi məqsədilə beynəlxalq bir koalisiya qurulmasını təklif edib. Dövlət katibi Hillari Klinton jurnalistlərə açıqlamasında bildirib ki, Təhlükəsizlik Şurasında üzləşdikləri maneələr üzündən BMT-dən kənar səylərin ikiqat artırılması məcburiyyətində qalıblar. Klinton Suriya xalqının daha yaxşı bir gələcəyə sahib olmasına yardım məqsədilə “Demokratik Suriyanın Dostları”nın birləşməsinin vacib olduğunu söyləyib.
Fransa prezidenti Nikola Sarkozi də bənzər təkliflə çıxış edib. Sarkozi də “Suriyanın dostları” qrupunun yaradılmasını istəyib. Fransa prezidenti vurğulayıb ki, Almaniya kansleri Angela Merkellə görüşdən sonra Rusiyanın dövlət başçısı Dmitri Medvedevlə Suriya məsələsini müzakirə edəcəklər: “Fransa və Almaniya Suriya xalqını tərk etməyəcək. Beynəlxalq ictimaiyyətin qarşısının alınmasını qəbul edə bilmərik”.
Ingiltərənin baş naziri Devid Kameronun sözçüsü isə Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin yaxın günlərdə keçiriləcək toplantısı zamanı quruma üzv dövlətlərin Suriyaya tətbiq olunacaq yeni sanksiya paketini gündəmə gətirəcəklərini bildirib. Sözçünün sözlərinə görə, ayrıca, Ingiltərə də BMT vasitəsilə Bəşər Əsəd rejiminə təzyiqi artırmaq üçün alternativ yollar axtarışındadır: “Bu istiqamətdə Təhlükəsizlik Şurasının qərarı əvəzinə, BMT Baş Assambleyası tərəfindən bir bəyanat qəbul olunmasını hədəfləyirik”.
Bu arada, ABŞ prezidenti Barak Obama Suriyaya hərbi müdaxilə olunmayacağını bəyan edib. Onun sözlərinə görə, Vaşinqton Bəşər Əsədin bir an öncə istefa verməsini tələb edir. Ölkədə yaranmış böhranın yeganə çıxış yolu Bəşər Əsədin hakimiyyətdən getməsidir. ABŞ hökuməti bununla yanaşı, Dəməşqdəki səfirliyini bağladığını da açıqlayıb. Səfir Robert Ford və digər diplomatlar ötən gün Suriyanı tərk ediblər.
Informasiya şöbəsi