Ziyalılar Forumundan “Azərbaycan”a sərt cavab

«Naftalin iyi gələn üsullardan istifadə etməkdənsə, ölkədə yaranmış vəziyyəti düzgün qiymətləndirsinlər»

Eldar Namazov: «Satılmayan qəzetlərdə Ziyalılar Forumunu şərləməklə onun nə fəaliyyətinin qarşısını almaq, nə də ictimai rəyə təsir etmək mümkündür»

Ziyalılar Forumunun fəallaşması hakimiyyəti narahat etməkdədir. Iqtidar KIV-ləri artıq neçənci dəfədir ki, bu təşkilatı qaralamağa yönələn yazılar dərc edib. Bu günlərdə “Azərbaycan” qəzeti də bu tip məqalə il çıxış edib. Məqalədə Foruma nifrət özünü açıq-aydın göstərir. Belə ki, qəzet təşkilatı öz adı ilə Ziyalılar Forumu yox, forumun fəallarından politoloq Eldar Namazova görə “Eldar Namazovun dəstəsi” adlandırır. Məqalə müəllifi Ziyalılar Forumunun rəsmi Bakını kəskin tənqidə məruz qoymasını “olanları görmək istəməyənlərin narazılığı” kimi dəyərləndirir. Qəzetin yazdığına görə, kimlərsə ziyalı adı altında pərdələnərək öz şəxsi problemlərini ictimai məsələ kimi ictimaiyyətə sırımaq istəyir, kimlərsə ziyalı adı altında düşmən dəyirmanına su tökməyə cəhd edir.
“Azərbaycan” qəzetinin Ziyalılar Forumunun əleyhinə yönələn bu yazısı cavabsız qalmayıb.
Ziyalılar Forumunun təsisçilərindən, məqalədə daha “diqqət” ayrılan Eldar Namazov hakimiyyət mətbuatının yazdıqlarının artıq kampaniya xarakteri daşıdığını deyir: “Bizə qarşı çap olunan hər bir məqaləyə cavab versək, işimiz-gücümüz cavab vermək olardı. Çünki bu, artıq kampaniya xarakteri daşıyır. Son bir neçə ayda heç dayanmır. Təbii ki, daim belə yazıları təkrarlamaqda intriqa yaratmaq niyyəti güdürlər”.
Eldar Namazov Ziyalılar Forumunu “Eldar Namazov qrupu” adlandırmağın böyük ağılsızlıq olduğunu vurğuladı: “Rüstəm Ibrahimbəyov ”Bir cənub şəhərində filmini çəkəndə mən dördüncü sinifdə oxuyurdum. “Istintaq” filmini çəkəndə institutun birinci kurs tələbəsi idim. Bir insan, vətəndaş kimi formalaşmağımda Rustəm Ibrahimbəyovun əsərləri, Ramiz Rövşənin şeirləri böyük rol oynayıb. Ona görə də Ziyalılar Forumunu orda yaşca ən cavab olan mənim adımla adlandırmaq ağılsızlıqdır”.
E.Namazovun fikrincə, hakimiyyətin Ziyalılar Forumuna qarşı apardığı kampaniya ciddi narahatlıqdan irəli gəlir: “Hər yazıda qırmızı xətlə qeyd edirlər ki, cəmiyyət Ziyalılar Forumuna dəstək vermir, insanlar onlara inanmırlar. Əgər bu həqiqətdirsə, niyə hər həftə bizim haqqımızda palaz-palaz yazılar yazırlar. Guya inandırmağa çalışırlar ki, Ziyalılar Forumunun əhəmiyyəti yoxdur. Yəqin ki, cəmiyyətdə Ziyalılar Forumuna olan dəstəyi, sıralarının genişlənməsi, çoxlu sayda tanınmış ziyalıların bizə qoşulması hakimiyyəti narahat edir”.
Hakimiyyətə yaxın mətbuatın cəmiyyət arasında nüfuzu olmadığını deyən E.Namazov insanların Ziyalılar Forumunun fəaliyyətini məhz müstəqil qəzetlər vasitəsilə izlədiyini də vurğuladı: “Baxın görün ”Azadlıq”, “Yeni Müsavat” qəzetlərini nə qədər adam oxuyur, bizə qarşı kampaniya aparan qəzetlərin oxucuları nə qədərdir. Görün onlar nə qədər satılır, saytlarına nə qədər adam baxır. Insanlar azad mətbuat vasitəsilə Ziyalılar Forumunun fəaliyyətini izləyir. Biz xüsusi minnətdarlığımızı bildirmək istəyirik “Azadlıq” radiosuna. Satılmayan qəzetlərdə Ziyalılar Forumunu şərləməklə onun nə fəaliyyətinin qarşısını almaq, nə də ictimai rəyə təsir etmək mümkündür”.
E.Namazovun sözlərinə görə, Ziyalılar Forumunun əleyhinə naftalin iyi gələn üsullardan istifadə etməkdənsə, hakimiyyət təmsilçiləri ağıllarını başlarına yığıb, ölkədə yaranmış vəziyyəti düzgün qiymətləndirsə, daha yaxşı olar. Çünki istənilən halda belə kampaniyalarla Azərbaycan cəmiyyətində gedən prosesin qarşısını ala bilməyəcəklər. Buna cəhd ağılsızlıqdır.

Fizzə