Rəsulzadə bizdən nə istərdi?

Hər 31 yanvar adını həmişə iftixarla xatırlayacağımız insanı – Məhəmməd Əmin Rəsulzadəni yad edirik. Bu insanın siyasi mübarizə yolu, xalqının yolunda gecəsini gündüzünə qatması hamımıza bəllidir. Bunu biz də bilirik, Rəsulzadəyə qarşı nifrəti, qısqanclığı olanlar da. Xalqının yolunda etdiklərini “ümummili” liderlə ört-basdır etməyə nə qədər çalışsalar da, buna müvəffəq ola bilməyəcəklər. Onun özünün də dediyi kimi, “sözsüz, bir gün həqiqət zəfər çalacaq”.
Bu, məsələnin birinci tərəfi. Məsələnin ikinci tərəfinə keçməzdən öncə demək istəyirəm ki, bu yazıda səsləndirdiyim fikirlərə görə məni tənqid edə bilərsiniz. Çünki mən tənqidlərə açıq insanam. Amma bu yazıdan sonra heç kim məni, Rəsulzadəni tanımamaqda ittiham edə bilməz. Mən onu oxuduqdan, onu dərk etdikdən sonra özümdə bu yazını yazmaqda iradə tapmışam. Rəsulzadəni çoxlarından daha yaxşı bilirəm.
Toxunmaq istədiyim məsələ isə tamam başqa mövzudur. Problemimiz ondadır ki, biz Rəsulzadəni bütləşdirməyə doğru gedirik. Bir qrup ÿonsuz da “ümummilli” lideri gecə-gündüz ÿteleviziya və qəzetlərdə bizə sırıyır. Biz də burada ortaya öz ümummilli liderimizi atmağa çalışırıq. Öz ümummilli liderimizin üstün cəhətlərini sadalayırıq. Digər tərəf kimi böyük imkanlarımız olmasa da, yenə də deyirik ki, yox, bizim ümummilli liderimiz sizin “ümummili lider”dən daha ağıllı, daha bacarıqlı, daha vətənsevər olub. Digər müsbət cəhətləri sadalayaraq inandırmağa çalışırıq ki, dediklərimizi isbat edək. Amma bir şeyi unutmayaq, biz  “ümummilli” liderin yaratdığı bu sistemi dəyişdirmədən, öz ümummilli liderimizi təbliğ belə, edə bilməyəcəyik.
Bəs nə etməli? Biz bu gün hər vəchlə alternativlər düşünməliyik. Araşdırmalıyıq, oxumalıyıq, öyrənməliyik. Yeni siyası texnologiyalar, yeni mübarizə metodları, təşkilatlanma üsullarını öyrənməliyik. Rəsulzadə 19 yaşında dostları ilə təşkilat qurmuş bir insandır. Bu təşkilat Çar Imperiyasına qarşı yönəlmişdi. Bəs bizim neçə faizimiz təşkilatlanmaqda fəalıq? Rəsulzadə müstəqillik əldə etmək barəsində hələ 20-22 yaşlarında alternativ fikirlər yaradıb dostları ilə müzakirə edirdi. Dirənişçi qüvvələrlə, indiki sözlə desək, şəbəkələşməni qururdu. Bunları edərkən biz yaşda idi.
Biz bu gün nə edirik? Biz bu gün Rəsulzadənin nəyə görə heykəli olmadığına, adına küçə olmamasına görə deyinirik, gileylənirik. 9 milyonun hər birini Rəsulzadəni tanımamasına görə qınayırıq. Amma unutmayın! Rəsulzadənin həyatda qalan varisi sadə bir müəllimdir, “ümummilli lider”in varisi isə prezident. Belə olan təqdirdə bizim ah-nalə etməyimizin yeri yoxdur.
Yuxarıda da dediyim ki, öyrənməliyik. Oxumalıyıq, araşdırmalıyıq. Bir sözlə, gənc Rəsulzadənin özü olmalıyıq. Bu gün bizim hədəfimiz 21-ci əsrdə ən azı iki nəfər Rəsulzadə tək tarixə iz qoyacaq lider yetişdirməkdir. Biz bunu edəcəyimiz təqdirdə sözün əsl mənasında göstərəcəyik ki, biz M.Ə.Rəsulzadəni dərk edirik. Əminəm ki, özü də bizdən bu cür yanaşma gözləyərdi.
Ruhun şad olsun, gözəl Insan!

Tural Amin Oyrati