«Məqsədimiz insan azadlıqlarını, hüququn aliliyini, məhkəmələrin müstəqilliyini və şəffaf seçkiləri bərpa etməyə nail olmaqdır»
Ötən il bir qrup gəncin toplaşıb təsis etdiyi “Nida” Vətəndaş Hərəkatının 1 yaşı tamam olur. Meydana iddialı atılan gənclər ötən müddət ərzində bir sıra aksiyaları ilə yadda qalıblar. 1 yaş ərəfəsində “Nida”çı Üzeyir Məmmədli ilə görüşüb hərəkatın gördüyü və görəcəyi işlər ətrafında söhbətləşdik.
– “Nida”nın yaranmasının 1 ili tamam olur. Necə oldu ki, Nida yarandı? Bu fikrə hardan gəldiniz?
– “Nida” Vətəndaş Hərəkatını təsis etmək barədə hardasa il yarım öncə qərar vermişdik. Sadəcə müəyyən səbəblərə görə bir az gecikdik. Biz 5-6 nəfər idik və bu istiqamətdə fəaliyyət göstərməyə meylli olan digər bir qrupla tanış olduq. Ideyalarımız, məqsədlərimiz üst-üstə düşdüyündən “Nida” adı altında birləşməyə razılaşdıq və 2011-ci il fevralın ilk günlərində hərəkatı təsis etdik.
– Vətəndaş Hərəkatı çox iddialı deyilmi? Axı təsisçilər və üzvlər, demək olar, sırf gənclərdir.
– Təsis toplantısında bu mövzu ətrafında fikir ayrılıqları yaşandı, amma son qərar “hərəkat” oldu. Açığı, mən özüm də vətəndaş hərəkatı olmasının tərəfdarı idim. Çünki bizim fəaliyyət istiqamətimiz yalnız gəncləri deyil, yaşından asılı olmayaraq bütün vətəndaşları əhatə etməli idi. Bundan əlavə, bizdə gənc deyəndə adətən universitet tələbələri nəzərdə tutulur, amma təsisçilərin əksəriyyəti məzun olmuşdu. Həm də vətəndaş hərəkatı olmağımız təşkilatda gənclərin önünü kəsmir. Nida üzvlərinin əksəriyyəti tələbələrdir.
– Elə bu yaxınlarda yazarlar Əli Əkbər, Elnur Astanbəyli və Zamin Hacı da “Nida”ya qoşuldular.
– Bəli. Bu da bizim nə dərəcədə doğru qərar verdiyimizin sübutudur. “Nida” üçün ciddi uğurdur.
– Ümumiyyətlə, neçə üzvünüz var?
– Hazırda 100-dən çox üzvümüz var və sıralarımız dayanmadan artır.
– Bəs vətəndaşların diqqətini necə cəlb edirsiz? Hansı işlərinizə görə sizə qoşulurlar?
– “Nida” yaranan ərəfədə “Ərəb baharı”nın bizə də təsiri olmuşdu. Yeni olmasına baxmayaraq təşkilat olaraq bütün imkanlarımızla aksiyalarda, piketlərdə iştirak edirdik. Bu, təbii ki, bizim təşkilatlanmamıza mənfi təsir göstərirdi. Çünki hakimiyyətin basqısı, təqiblər, təhdidlər və həbslər yeni gələn gəncləri çəkindirirdi. Amma o mərhələdən də salamat çıxdıq və əsas gücümüzü təşkilatlanmaya yönəltdik. Bundan əlavə, biz siyasi məhbusların azadlığa çıxması üçün və 2011-ci ildə orduda artan ölüm hadisələrinə etiraz olaraq keçirilən aksiyalarda fəal iştirak etmişik. Bu gün də evləri sökülən vətəndaşların hüquqlarının müdafiə komitəsində, gənclərin hüquqlarının müdafiə komitəsində, siyasi məhbusların hüquqlarının müdafiə komitəsində aktiv iştirak edirik. Ümumi fəaliyyətimiz isə sırf sadaladıqlarımdan ibarət deyil. Maarifləndirici aksiyalarımız və fləşmoblarımız, kitab təqdimatları, imkansız tələbələr üçün kitab yığma kampaniyamız, siyasi məhbuslara kitab göndərmə kampaniyamız və xeyli partilərimiz olub.
– Indi hansı tədbirlərə hazırlaşırsız, sirr deyilsə?
– Hazırda Bakıda fəaliyyət göstərən “Ambassador Group”, “Hyatt Hotels Corporation” və “Hilton Worlwide” kimi dünyaca məhşur hotel şəbəkələrinin Azərbaycanda müstəqil ziyalılara, gənclər təşkilatlarına, siyasi partiyalara və mediaya qarşı göstərdikləri mövqeyə görə etiraz kampaniyasına başlamışıq. Artıq bununla bağlı bütün qəzetlər və saytlar məlumat yayıb. Mərkəzi ABŞ-da yerləşən nəhəng şirkətlərin Azərbaycan hakimiyyətinin sifarişi ilə azad sözə və toplaşmaq hüququna qənim kəsilməsi biabırçı haldır. Ziyalılar Forumunda və “Azadlıq” qəzetinin ad günü tədbirində işıqların söndürülməsini xatırlamaq kifayətdir, məncə.
– “Nida” Hərəkatının siyasətə baxışı necədi? Siz özünüzü hakimiyyətə, ya müxalifətə alternativ olaraq görürsünüzmü?
– Xeyr, qətiyyən. Biz siyasi dəyişikliklər istəyirik, amma siyasi iddiamız yoxdu. Üzvlərin fərqli siyasi baxışları ola bilər, gələcəkdə də siyasi fəaliyyət göstərə bilər, amma “Nida”nın belə bir niyyəti və iddiası yoxdur. Bizim məqsədimiz Azərbaycanda insan azadlıqlarını, hüququn aliliyini, məhkəmələrin müstəqilliyini və şəffaf seçkiləri bərpa etməyə nail olmaqdır. Ən azı bu prosesdə iştirak etməkdir. Bizimlə eyni məqsədlər uğrunda mübarizə aparan bütün təşkilatlarla da əməkdaşlıq və tərəfdaşlıq edirik, etməyə də davam edəcəyik.


