Nemət Pənahlının evinin işığı yandı

Xalq hərəkatının öncüllərindən olan və hazırda məhbus həyatı yaşayan Nemət Pənahlının ailəsinin ötən il dekabrın 30-dan bəri işıqsız qalması barədə “Azadlıq”ın ötən saylarında məlumat vermişdik. Nəhayət ki, dünən Pənahlı ailəsinin yaşadığı evin işığı yandırılıb.
Bu barədə “Azadlıq”a məlumat verən Nemət Pənahlının həyat yoldaşı Həcər xanım bildirib ki, düz bir ay işıqsız şəraitdə yaşadıqdan sonra media orqanlarına, hüquq-müdafiə təşkilatlarına müraciət edib. “Insan Haqları Uğrunda” Ictimai Birliyin sədri Eynulla Fətullayev məsələ ilə maraqlanıb, amma “Bakıelektrikşəbəkə”dən ona da eyni söz deyilib – 1100 manat borc ödənildikdən sonra elektrik enerjisi bərpa oluna bilər. Bundan sonra Eynulla Fətullayev tanınmış ictimaiyyət nümayəndələrinə müraciət edərək, problemi ictimai yardımlaşma yolu ilə həll etmək qərarına gəlib.
“Tanınmış ictimaiyyət nümayəndələrinin köməyilə yığılıb ödənilən məbləğ guya, 2005-ci ildən qalıb. Halbuki, elektrik enerjisinə görə borcun 3 ildən artıq saxlanmasının mümkün olmadığını bilirik. Bizə də aydın idi ki, bu, siyasi baxışlarına görə həbs olunmuş Nemət Pənahlının özünə və ailəsinə qarşı təzyiqdir. Ona görə də məsələni ictimailəşdirdik. Problemin həllində bizə yardım edən ictimaiyyət nümayəndələrinin hər birinə, o cümlədən mənəvi dəstəyə görə ”Azadlıq”, “Yeni Müsavat” qəzetlərinə və digər media orqanlarına minnətdaram. Çünki bu aksiya eyni zamanda, Pənahlı ailəsinin ölmək üzrə olan ümidini diriltdi”, – deyə Həcər Pənahlı bildirib.