kiv-df

Dastanlarda sözü qalan ustad

Aşıq Hüseyn Bozalqanlı

Milli-mənəvi sərvətlər xalqın tarixi keçmişini, onun zəngin mədəni irsə malik olduğunu təsdiqləyən faktlardandır. Dədə Qorquddan bugünümüzədək yol gəlmiş ozan-aşıq sənəti də mədəni irsimizin əvəzedilməz sərvətlərindən biridir. Aşıq sənəti Azərbaycan mədəniyyətinə bir çox kamil sənətkarlar, ölməz ustadlar, yaradıcı aşıqlar bəxş edib.
Ozan-aşıq sənətinin kamil ustadlarından sayılan Hüseyn Bozalqanlı da unudulmaz el aşıqlarından biri olub.
Aşıq Hüseyn Bozalqanlı 1868-ci ildə Tovuz rayonunda Bozalqanlı kəndində anadan olub. Kənddə yeni açılan dini məktəbdə, molla Səməd Axundun məktəbində üç il təhsil alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. Çox kiçik yaşlarından şerə, sənətə bağlanıb, hələ on iki yaşında ikən şer yazmağa başlayıb. Toylarda, məclislərdə aşıqlara qulaq asıb, aşıq sənətinə də uşaqlıqdan valeh olub.
Cəmi üç ay aşıq Məmmədquluya şagird olub. Fitri istedada malik olan Hüseyn toylarda, ziyafətlərdə bacarıqlı aşıq kimi şöhrət qazanıb. Bu, təsadüfi deyildi – Hüseyn haqq aşığı idi, dərsi də ona möcüzələr yaradan Allah vermişdi.
Aşıq Hüseyn Bozalqanlı həmişə hazırcavab, özünə inamlı olub.
Atası Məşədi Cəfərqulu kimi, o da dövrünün təkcə saz-söz sənətkarı deyil, el-oba təəssübkeşi, comərdliyi ilə yadda qalmışdır. Deyişmələr zamanı heç vaxt irəli keçməyən aşıq bununla tərəf-müqabilinin nəyə qadir olduğunu öyrənir və beləliklə, ona ustadcasına qalib gələrmiş.
Aşıq Hüseyn Bozalqanlı Dədə Ələsgərə çox yaxın olmuşdur. Tədqiqatçılar söyləyirlər ki, fitri istedadına görə, Aşıq Ələsgər onun xətrini çox istəyirmiş.
Qurbani, Abbas Tufarqanlı, Vaqif  kimi ölməz sənətkarların ədəbi irsindən fərqlənən Hüseyn Bozalqanlının aşıq poeziyasının bütün formalarında yaratdığı şeirlər (gözəlləmələr, müxəmməslər, divanilər, təcnislər, qoşma və gəraylılar, dodaqdəyməzlər) bu gün də el sənətkarlarının dilinin əzbəridir.
Aşıqlarla deyişmədə heç vaxt sözünü birinci deməzmiş, öz rəqibinə fürsət verər və nəticədə təmkinilə qalib gələrmiş.
Görkəmli sənətkar Qurbani, Abbas Tufarqanlı, Vaqif kimi sənətkarların irsilə tərbiyələnən, aşıq poeziyasının bütün formalarında yaratdığı şerlərlə – gözəlləmələr, qoşmalar, təcnislər, dodaqdəyməzlər, divanilər, gəraylılar, dastanları ilə aşıq və şairlər içərisində həmişə seçilərmiş.
Azərbaycan xalq yaradıcılığının inkişafında da Aşıq Hüseynin böyük xidməti olub. O, “Qara Tanrıverdi”, “Nəriman”, “Xanlar”, “Hacı Tağı” dastanlarının yaradıcısıdır. “Koroğlu” dastanının ən kamil bilicisi məhz Aşıq Hüseyn hesab edilib. Dastanın bir neçə qolu – “Koroğlunun Toqat səfəri”, “Bağdad səfəri”, “Həmzənin Qıratı aparması”, “Koroğlunun vuruşması” və s. qolları Aşıq Hüseynin dilindən yazılıb.

“Gizlində min əməl tutana lənət!”

Bədahətən söz deməkdə də Aşıq Hüseynin əvəzi olmayıb. Buna görə də sevimli xalq şairimiz Səməd Vurğun onu “əli qılınclı şair” adlandırar və həmişə ona dərin məhəbbət bəsləyərdi.
Ölməz sənətkar yaşadığı mühitdə baş verən hadisələrə çox həssaslıqla yanaşar, ona açıq münasibətini bildirərdi. O, 1906-cı ildə törədilən erməni-müsəlman davasını, millət qırğınını çox uzaqgörənliklə qabaqcadan duyur və öz şerində əks edirdi. “Lənət” şerində bu qırğını, ədavəti törədəni açıq-aşkar lənətləyir:
Kəsib dar bədəni  deyirlər: dayan!
Hayes, türkes,  ermənisən, müsəlman?
Arifsənsə mənasını  anla, qan,
Gizlində min əməl  tutana lənət!
Aşıq  Hüseynin bütün şerləri zəngin xalq təcrübəsinə əsaslanan ibrətamiz nəsihətlərdir, sınaqlardan çıxmış həyat fəlsəfəsidir. Onun fəlsəfi fikirləri, dini baxışları, həyatın yaranması haqqında şerləri aşığın dünyagörüşünün nə qədər kamil olduğunu bir daha sübut edir:
Cəlili-cabbarım,  Qadiri-muxtar,
Altı gündə bu dünyanı  çəkibdi.
On səkkiz min aləm  küllü hər nə var,
Ərşi, kürsü, nöh  asmanı çəkibdi.
Sazı sinəsində, sözü köksündə elləri dolaşan aşıq Hüseyn Bozalqanlı hələ sağlığında təkcə Azərbaycanın ayrı-ayrı mahallarında deyil, Iranda, Türkiyədə və digər qonşu ölkələrdə də tanınmışdır. “Qırmızı” rədifli qoşmasında aşıq özü də buna işarə etmişdir:
ÿAşıq Hüseyn  telli sazı əlində,
Hər suala cavabı  var dilində.
Adı bəlli Azərbaycan  elində,
Dolanmışam  hər obanı qırmızı
Bozalqanlı Aşıq Hüseynin yaradıcılığında vətənpərvərlik, torpağa, yurda, anaya məhəbbət əsas mövzu olmuşdur. Göyçə-Qazax-Tovuz-Gəncə, bir sözlə, qərb aşıq məktəbinin klassiklərindən sayılan Hüseyn Bozalqanlını heç də ötəri yerə dastan yaradıcısı və yaşadıcısı adlandırmamışlar. O, “Koroğlu” dastanının bilicisi olduğundan, “Koroğlunun Toqat səfəri”, “Bağdad səfəri”, “Həmzənin Qıratı aparması”, “Koroğlunun vuruşması” və s. dilindən lentə alınmışdır. Aşıq Hüseyn Bozalqanlı özü də bir neçə dastanın (“Tanrıverdi”, “Nəriman”, “Xanlar”, “Hacı Tağı”, “Aşıq Hüseynin Tiflis səfəri”) müəllifi olmuşdur.           

“Əli qılınclı şair”

Bu məşhur el sənətkarı təkcə aşıqlığı ilə deyil, ictimaiyyətin də tanınmış simalarından biri kimi həmişə diqqət mərkəzində olmuşdur. Ona görə də öz dövrünün tarixi şəxsiyyətləri ilə daim ünsiyyət qurmuş və onların məhəbbətlərini qazanmışdır. 1917-1922-ci illərdə Həmid Sultanovun tapşırığı ilə Aşıq Hüseyn, Aşıq Mirzə və Xəyyat Mirzədən ibarət aşıqlar məclisi təşkil edilərmiş. Metex qalasında həbsdə olarkən Nəriman Nərimanovla yaxından tanışılğı ona “Qoca Şərqin Nərimanı gəlirmi?” şeirini və “Nəriman” dastanını yazmağa sövq etmişdır.
Aşıq sənətinin vurğunu Səməd Vurğunun Hüseyn Bozalqanlını “Əli qılınclı şair” adlandırması heç də təsadüfi deyildi. Bədahətən şeir deməkdə pərgar olan aşıq Şərqin klassiklərindən Sədi Şirazini, Firdovsini, M.Füzulini, N.Gəncəvini əzbər söyləyərmiş. Satira canrına daim üstünlük verən, bunu özünün müxəmməslərində təsdiqləyən H.Bozalqanlı M.Ə.Sabirin əsərlərini sevə-sevə mənimsəmişdir. Onun “Geri dur” müxəmməsi də məhz bu qəbildən olan yaradıcılıq nümunələrindəndir. 1940-cı ildə qələmə aldığı “Bilin” adlı müxəmməsi buna parlaq misaldır:
Səhər durur kolxozçular
Tarlaya katan aparır,
Qəprətivə gələn malı
Kölgədə yatan aparır,
Növbədəki durub baxır
Qarzınka atan aparır,
Artıq çıxan qazanc pullar,
Özünə cibiştandı, bilin.
Xalq yaradıcılığına dərindən bələd olan aşığın şeirlərindəki ibrətamiz sözlər, zərb-məsəllər də çoxluq təşkil edib. Onun fəlsəfi fikirləri, dini baxışları sınaqdan dəfələrlə çıxarılmış xalq deyimlərindən qidalanmışdır ki, bu da dünyagörüşünün zənginliyindən soraq verir:
ßCəlili-Cabbarım,  Qadiri-Muxtar,
Altı gündə bu dünyanı  çəkibdi.
On səkkiz min aləm,  küllü hər nə var,
Ərşi-kürşü, Nuh-asimanı çəkibdi.
1937-ci il noyabrın 13-də aşıq Hüseyn Bozalqanlı Azərbaycan Yazıçılar Ittifaqının üzvü və ittifaq nəzdində olan aşıqlar bölməsinin rəhbəri seçilib. Ustad sənətkar I və II Aşıqlar Qurultaylarının, eləcə də, Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərinin iştirakçısı olub. Şairin əməyi dövlət tərəfindən çox yüksək qiymətləndirilib. O, “Şərəf nişanı” ordeni və fəxri fərmanla mükafatlandırılıb, 1941-ci il oktyabrın 16-da isə ən yüksək fəxri ada – Azərbaycanın əməkdar incəsənət xadimi adına layiq görülüb.
Ölməz sənətkarin on dörd şagirdi olub. O, müasirləri məşhur Aşıq Ələsgər, Növrəs Iman, Aşıq Ağacan, Xəyyam Mirzə, Qazaxlı Mirzə Səməd, şair Vəli, şair Nəcəf və başqaları ilə deyişib.
Hüseyn Bozalqanlı 1941-ci il noyabrın 13-də vəfat edib. Qəbri Bozalqanlı kəndinin el qəbristanlığındadır.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir