Cırcırama hökumətimiz

Qar yağdı. Bakıda bütün böcəklər öldü. Azərbaycan hökumətinin qışa hazırlaşan məmurları da bu qarın altında qaldılar. Elə buna görə də hakimiyyətin qışa hazırlaşması məşhur şeirdə cırcırama adlı böcəyin qışa hazırlığını xatırlatdı. Yaz və yayda ciddi “hazırlıq” işləri barədə məlumatlar qar yağan kimi bir cırcırama səsi kimi batdı. Indi biz hökumətimiz bu qışdan çıxa bilmədi desək, yanılmarıq. Bu biabırçılığı kompensasiya etmək üçün hökumət mediasının dünyanın buz donması haqqında verdiyi məlumatlar  isə başqa cür diqqəti çəkirdi. 5 dərəcə şaxtaya və 10 sm qara tab gətirə bilməyən hökumət özünü 20-40 dərəcə şaxtada fəaliyyət göstərən hökumətlərlə müqayisə edir. Dünyanın bir tərəfində sel varsa, bu o demək deyil ki, bizi ağız qarqarası boğmalıdır. Hardan çıxıb bu məntiq?

“Azərbaycan” qəzetinə afərin

“Azərbaycan” qəzeti ad çəkmədən müvafiq dövlət orqanlarını tənqid edib. Qəzetin seçdiyi ifadə də çox dəqiqdir. Hər şey baş verəndən, fəlakət dizə çıxandan sonra bəyanat verməklə  “hərəkətə keçməklə” varlıqlarını büruzə verirlər. Mən hakimiyyətmeylli medianın bu yazısını təqdir edirəm. Heç onları ad çəkməmək cəsarətsizliyində də ittiham etmirəm. Bu addımları elə kifayət qədər cəsur addım sayıram. Tam mübaliğəsiz demək olar ki, bu cür faktları cəmiyyətin xeyrinə qiymətləndirirəm. Üstəlik, bu materialı özünü müharibə övladı sayan, müstəqil elan edən televiziyaların materiallarından daha faydalı sayıram.
Biləcəri dairəsinə enən yolda baş verən qəzada 30 avtomobilin bir-birinə dəyməsi son vaxtların ciddi həmrəyliyiydi. Yol polislərinin ciyəri yandı bu olayda. Ayrı vaxtı olsaydı ordan “nə pullar qırmaq” olardı?! Amma indi pulu kimdən alasan? Kimin yaxasından yapışasan, qarın buzun yiyəsinə üz tutarsan, səni daha zəlil günə qoyar, bu havanı bircə həftə uzadar, olarsan maaşa möhtac. Kim nə deyir-desin, bircə məsələdə qəddarlığımdan zövq alıram. Bizim yol polislərini qarlı havada maşın itələyən görəndə mənə elə gəlir ki, onlar cəhənnəmdə Sizifin daş qaldırması əzabını yaşayırlar. Bir fərqi var ki, bu əzab qışdan-qışa olur, hər qış da belə olmur.
Bu soyuq günlərdə xalqımızın başlıca məşğuliyyətlərindən biri də ABŞ-dakı prezident seçkisi və Sarkozinin bədnam addımlarının milli maraqlarımızı beynəlxalq arenada necə təhdid etməsidir. Mənə elə gəlir ki, bizim bələdiyyələrin belə səlahiyyətsiz olmasının başlıca səbəbi Obamanın seçki platformasındaki səhvlər, boşluqlardır. Ilham Əliyevin nə işinə qalıb ki, icra hakimiyyətləri ilə bələdiyyə orqanlarının arasındakı “əmək bölgüsü” hər rayonda bir cürdür… Kimin adamı daha güclüdür, o da rayonun, ya da kəndin sahibidir. Bu cür xırda işlərin həlli “genosid” məsələsinə Fransanın münasibətindən keçir. Ərdoğanın 2004-cü ildə dediyi bir söz o vaxtdan bəri hər belə situasiya ilə üzləşəndə qulağımı cingildədir: “Acın stratejisi olmaz!”.  Amma bizim acların hamısı strateqdir. Ona görə ac deyillər ki, fərasətsizdirlər, tənbəldirlər. Ona görə acdırlar ki, müqəddəs vaxtlarını dünyanın problemlərinə sərf edirlər…