Azərbaycanlı düşüncəsində belə bir stereotip var ki, Avropa və amerikalı valideynlər övladlarına kifayət qədər diqqət ayırmır, hətta sevmirlər övladlarını. Kiçik müqayisə aparaq: Qərb valideyni çalışır ki, uşaq artıq 16-18 yaşlarında öz şəxsiyyətini formalaşdırsın, iqtisadi müstəqilliyini əldə etsin. Tam, sərbəst bir fərd olsun. Uşağa iş həyatı, psixoloji davranışlar və s. ilə bunu təmin etməyə çalışır. Azərbaycan gənci isə 25 yaşında belə, bəzən 30 və daha artıq yaşda ailədən asılı qalır. Müstəqillik əldə edə bilmir.
Nəticədə cəmiyyətdə yerini tapa bilmir. Insanların gənc yaşından işləməsi bizdə “Qərb uşağını sevmir və əziyyət verir” kimi anlaşılır. Amma Qərb uşağını sadəcə müstəqil şəxsiyyətə çevirməyə çalışır.
Şahid olduğum bir səhnə: Amerikalı ana və təqribən 3-4 yaşlı bir övladı. Ana parkda oturub, uşaq isə oynayır. Anaya zəng gəlir. Təcili getməlidir. Durur ayağa, uşağa səslənir: “biz getməliyik, gəl”. Uşaq isə gördüyü bir heykələ heyrətlə baxır. Ana yaxınlaşır uşağa: “biz gecikirik, xahiş edirəm, gəl”. Uşaq anaya baxır, sonra başı ilə yox işarəsi edərək təzədən heykələ tərəf boylanır. Ana gözləyir. 2-3 dəqiqə keçir. Yenidən eyni xahiş. Uşaqdan səs gəlmir. Proses 20 dəqiqəyə yaxın davam edir. Sonda uşaq heykəldən uzaqlaşır, ananın əlindən tutur və gedirlər. Inanmıram ki, Azərbaycan valideyni uşağına bu qədər çox səbr ayıra bilər. Bu hal bizdə olsa, yəqin ki, uşağın döyülərək və məcbur edilərək anaya tabe olması ilə nəticələnərdi. Adi hal kimi görünsə də, Qərb anası uşağını gözləməklə ona böyük bir gələcək verdi.
Azərbaycan övladı qorxaqdı. O, hər şeydən qorxur. Uşaq vaxtı anasından, atasından fiziki və mənəvi zərbələr alır. Bir şəxsiyyət kimi hörmət olunmur. “Uşaqsan uşaq yerini bil” sözləri bəlkə də ən çox eşitdiyi sözlərdir. Məktəb vaxtı müəllimlərinin danlaqları və çox zaman da onların zərbələri. Universitetə gəldikdə yeni qadağalar, yeni zərbələr. Valideyndən, müəllimdən, böyükdən ifrat qorxu. Daha sonra “dövlət baba”nın təzyiqləri. Onu itaət və qorxu altında saxlamaq istəyi.
Budur, Azərbaycan gəncinin taleyi. Uşaqlıqdan bəri böyüyünə hörmət edən (o səhv olsa belə), qorxu və təzyiq altında böyüyən, heç vaxt fikirləri soruşulmayan bir gənclikdən böyük işlər gözləmək də düzgün olmaz. Bu uşağın, bu yeniyetmənin, bu gəncin heç vaxt öz qərarı olmayıb. Seçim haqqı olmayıb, sadəcə itaət. Nəticədə şəxsiyyəti tam formalaşmamış insanlar yığını. O da gördüklərini və yaşadıqlarını gələcəkdə öz uşaqlarına tətbiq edəcək. Onları itaətə məcbur edəcək. Yolda da bir az fərqli insan görəndə “gənclərimiz yaman pozulub” deyəcək.
Xəyyam Namazov


