Aslan Ismayılov: «Bəzi cinayətlər var ki, onları açmaq üçün iradə çatışmır. Bu, əsasən siyasi motivli və bizneslə bağlı cinayətlərdir»
Ötən il Azərbaycanda 18 qəsdən adam öldürmə cinayətinin üstü açılmayıb. Bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib(APA). Qeyd olunub ki, Bakı şəhərinin Xətai rayonunda 3, Yasamal rayonunda 2, Qaradağ, Səbail və Binəqədi rayonlarının hər birində 1, habelə Gəncə şəhəri və Ağdam rayonunun hər birində 2, Sumqayıt şəhərində, Zaqatala, Neftçala, Tovuz, Şəmkir və Astara rayonlarının hər birində 1 belə cinayətin bağlı qalması bu sahədə fəaliyyətin qüsuru kimi qiymətləndirilib.
Həmin hadisələrin açılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.
18 qəsdən adam öldürmə cinayətinin üstünün açılmaması prokurorluq işçilərinin peşəkarlığının lazımi səviyyədə olmadığını göstərir Əgər deyil Zakir Qaralov bunu inkar edəcəksə, bu halda həmin cinayətlərin açılmamasında “yuxarılar”ın maraqlı olması barədə əsaslı şübhələr yaranacaq. Onsuz da bəzi cinayətlərlə bağlı bu şübhələr var. Məsələn, “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətli, yazıçı Rafiq Tağının öldürülməsi. Hər iki cinayət açılmamış qalır. Halbuki vaxtilə hüquq-mühafizə orqanlarında çalışmış şəxslər bildirirlər ki, bu cinayətləri çox asanlıqla açmaq mümkündür. Hətta sabiq baş prokuror Əli Ömərov “Azadlıq”a müsahibəsində bildirmişdi ki, Rafiq Tağı ilə bağlı cinayəti ən qısa müddətdə açmaq mümkün idi.
Tanınmış vəkil Aslan Ismayılov bu məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, cinayətlərin açılmamasının iki səbəbi var: Qeyri-peşəkarlıq və iradənin olmaması. “Bu gün hüquq-mühafizə orqanlarında, xüsusilə prokurorluq orqanlarında peşəkarların sayı çox azdır. Elə bu baxımdan bir sıra cinayətlər açılmamış qalıb. Digər tərəfdən bəzi cinayətlər var ki, onları açmaq üçün iradə çatışmır. Bu əsasən siyasi motivli və bizneslə bağlı cinayətlərdir”, – deyə vəkil əlavə edib.


