Kürəcikdəki NATO RƏM sistemlərinin komandanlığı Almaniyada olacaq
Avropanı raket hücumlarına qarşı qorumaq məqsədiylə Türkiyənin Malatya şəhərinin Kürəcik bölgəsinə yerləşdirilən NATO raketdən müdafiə sisteminə komandanlıq alyansın Almaniyadakı Ramşteyn hərbi hava bazasına verilib. Bu baza radar sisteminin əsas qərərgahı olacaq. Sistemin idarəçiliyi isə Almaniyadakı Qeylenkirxen hərbi bazası tərəfindən həyata keçiriləcək.
Almaniyadakı komandanlıq mərkəzində bir türkiyəli general və bir qrupun çalışacağı razılaşdırılıb. Türkiyəli generalın ölkəsi adından tam səlahiyyət sahibi olacağı bildirilib. NATO ölkələrinin müdafiə nazirlərinin srağagün Brüsseldə keçirilən toplantısında raketdən müdafiə layihələrinin detalları və aşağı kadr heyəti müzakirə olunub. Kürəcikdə yerləşdiriləcək 3 min kilometrə qədər uzaqlıqda hədəfi vura bilən orta və uzun mənzilli mərmilərə qarşı hesablanmış müdafiə sistemi Avropanı hədəf alan hücum zamanı dövrəyə girəcək. Müdafi sistemi mərmini havadaykən təsbit edəcək, bundan sonra Şərqi Avropadakı müxtəlif nöqtələrdə, Aralıq dənizində yerləşdirilən raket zərbə sistemləri hərəkətə keçəcək.


