Suriya Silahlı Qüvvələrinin Homs şəhərini artilleriya atəşinə tutması nəticəsində ən azı 217 nəfər ölüb, yüzlərlə insan yaralanıb. “Reuters”in məlumatına görə, bu barədə İnsan Hüquqları üzrə Müşahidə Şurasının rəhbəri Rami Abdulrəhman açıqlama verib. O bildirib ki, zərərçəkənlər arasında qadınlar və uşaqlar da var: “Suriya qoşunları ərazini bir neçə mövqedən minaatanlarla atəşə tuturlar. Tamamilə məhv edilən binalar da var”.
Bəşər Əsəd reyiminin əleyhdarları buna cavab olaraq, Suriyanın Misir, Böyük Britaniya, Almaniya və ABŞ səfirlikləri qarşısında etiraz aksiyası keçiriblər. Hətta Misirdə nümayişçilər səfirliyi dağıdaraq yandırıblar. Almaniyada isə səfirliyin qapıları sındırılıb, divarlarda hökumət əleyhinə şüarlar yazılıb.


