30 yanvar. Bakıya qar yağdı. Yollar bağlandı, hərəkət iflic oldu. Millətin giley-güzarı aldı başını getdi: “Hanı bunların öyündükləri, tərifini yerə-göyə sığışdırmadıqları texnikalar, hansı günə saxlayırlar, yolları niyə təmizləmirlər?”.
Aradan bir az keçdi, əvvəlcə Bakı şəhər Icra Hakimiyyətindən Mənzil Kommunal Istismar Sahələrinin qartəmizləyən texnikalarının səfərbər edildiyi, küçələrin, yolların ən qısa vaxtda qardan təmizlənəcəyi barədə açıqlama verildi, açıqlamanın mürəkkəbi qurumamış bu dəfə hüquq-mühafizə orqanları şəhər şosesində qar təmizləməklə məşğul olan texnikanın 58 yaşlı kişinin üstündən keçdiyini açıqladı. Bu da sizə qarın təmizlənməsi! Gedin kef edin.
2 fevral. Yenə qar, yenə çovğun. Yollar, küçələr yenə keçilməzdir. Və bir də baxıram nə? Yenə də “Hanı bunların öyündükləri, tərifini yerə-göyə sığışdırmadıqları texnikalar, hansı günə saxlayırlar, yolları niyə təmizləmirlər?” janrında hay-həşirin biri bir qəpikdir.
Əcəb dilbilməz adamlarsınız. Indi bunlar nə qədər yarıtmaz, bacarıqsız, qabiliyyətsiz olduqlarını sizə sübut etmək üçün neyləməlidirlər, öz qartəmizləyən texnikaları ilə hamınızın üstünüzdən ayrı-ayrımı keçməlidirlər?
30 yanvarı xatırlayın, başa düşün də…
Zakir Qaralovun menyüsünə
Baş Prokurorluq dünən bir açıqlama yaydı, ötən il baş verən qətllərin 80 faizdən çoxunun üstünün açıldığını elan etdi.
Təbii, əgər bu hesablama doğrudan da reallığı əks etdirirsə, 900 min yeni iş yeri haqqında statistikanın prokurorluq sistemində təcəllası, təzahürü deyilsə, pis nəticə deyil. Amma…
Amma artıq Zakir Qaralovun da bunu yaddaşının bir yerinə möhkəm-möhkəm yazması lazımdır: nə qədər ki, cəmiyyəti silkələyən… Ciddi ictimai rezonans doğuran… Özündən geriyə qucaqdolusu suallar, şübhələr, müəmmalar buraxan… Ölkədə ictimai təhlükəsizliyə, düşüncə özgürlüyünə, fərqli fikirliliyə, xof mühitinin dərinləşməsinə yönəldiyi kimsədə şübhə doğurmayan, qətllərdən biri, bircəciyi açılmazsa, məişət cinayətlərinin yüzdəyüzü açılsa belə, bu, nə prokurorluğun uğuru sayıla bilər, nə toplumun vicdanını rahatladar, nə də kimlərisə sabitlik nağıllarına inandırar.
Abutalıbova niyə “mer” yazmaq olmaz ki?
Bəzi dostlarımız tez-tez şikayətlənir ki, qəzetlər niyə Hacıbala Abutalıbovu mer kimi təqdim edirlər, axı Bakıda heç mer seçkisi keçirilməyib.
Mən bu giley-güzarın səbəbini heç, amma heç başa düşmürəm. Guya mer seçkisi olsa, bu, doğrudan da seçkimi olacaq? Bilməyə nə var ki, Ilham Əliyevin paşa könlü kimi istəyəcək, onu da təyin edəcək. Daha bunun üçün əlavə əziyyətə nə ehtiyac var?
Burnu fırtıqlı bağça uşağı da bilir ki, Azərbaycanda 18 ildir təyinatların iki növü mövcuddur: sərəncam və seçki. Yəni tutaq ki, icra başçıları sərəncamla təyin olunur, amma arada demokratik görünmək üçün deputatları da seçki yolu ilə təyin edirlər. Hər iki halda da nəticə dəyişmir. Nəticə dəyişmirsə, fərqi nədir, Hacıbala Bakının icra başçısıdır, yoxsa meridir?
Ona qalsa, gərək bu saat Milli Məclisdəki 125 nəfərin heç birinin adının əvvəlinə “deputat” sözü yazılmasın, çünki nə olsun seçki keçirilib, amma onlardan bircəciyi də seçilməyib.
Qısası, biz həm deyirik ki, Azərbaycanda seçkilər formal, gözdən pərdə asmaq üçün keçirilir, həm də gileylənirik ki, niyə seçki olmadan Abutalıbova “mer” yazılır. Bu absurdu anlamaqda çətinlik çəkməmək mümkün deyil.