Bizlər indi ortadakı bəlli görsənişlərə görə özümüzü Sarkoziyə borclu saymalı, ona ödül verməliyik. Bunu ürəkdən deyirəm, bu mənim gerçək sözümdür. Sarkozi Türk dünyasına böyük qulluq göstərdi: bizim dərindən-dərin yuxumuza daş atdı; bizi oyatdı. Bunu dəyərləndirmək gərəkdir.
Az qala hər yazımla bağlı elektron poçtuma Türkiyədən sayğı, sevgi reaksiyaları gəlir. Bilirəm, onlar mənim indiki susqunluğumdan çaşbaş qalıblar: hamı yazır, hamı təpki göstərir, başqa çağlarda susmaq bilməyən dostumuz niyə susur? Yoxsa bu da bir çoxları sayaq yolunu dəyişdi, sındı-satıldı? Yox, arxadaşlar, yox! Bizlər o içi çürük, başından yolsuz, ideyaca sapqın kimsələrdən deyilik. Bizlər, böyük Nəsimi demiş, dil bazarçısı da deyilik. Adımız – andımızdır. Bizlər bahadırlığı yaşam, davranış normasına çevirmiş kişilərik!
Sarkozi Fransasının olmayan “soyqırımı” DANMA (hamının “inkar” dediyi ərəbcədir) qanunu qarşısında susmaq – sonadək susmaq, sozsüz, bizlik deyildi. Bir az qırağa çəkildik, qıraqdan baxdıq, baş verənləri qıraqdan izlədik… Türkiyədən, Azərbaycandan necə sərt təpkilər oldu, nə yaman qışqırıqlar qopdu. Hamısı yey, hamısı gözəl, hamısı alqışlanası, ancaq… dönüb geriyə baxsaq nə görərik? Türkiyədə də, Azərbaycanda da çoxillik yatış. Ermənilərsə yatmadılar: bizlərlə yalançı, tülkücəsinə dostluq sərgiləyəndə də, açıq düşmənçilik eləyəndə də Türkə düşmən erməniliklərinə azacıq da olsa ara vermədilər. Bunları gördüyümə, bildiyimə görə ermənilərin yerə-göyə sığmaz Türk düşmənçilikləri ilə bağlı illərlə çoxlu yazı yazdım. Bu yazıların çoxluğuna görə məni yaxın-uzaqdan qınayanlar oldu. Türkiyədə də, Azərbasycanda da ermənilərlə barışıq çağırışları geniş yayıldı: ermənilərin Rusiya başda olmaqla bir sıra güclü dövlətlərə arxalanaraq ötən yüzildə Türkiyədə, Azərbaycanda törətdikləri çoxsaylı vəhşiliklərin, qanlı qırğınların, terror olaylarının üstündən! Ermənilərin indilər, Qarabağda, törətdikləri qırğınların üstündən, ayrıca olaraq Xocalı soyqırımının üstündən… ermənilərlə barışıq çağırışları!
Ermənilərin törətdikləri Xocalı soyqırımının üstündən… 20 il keçib. Iyirmi il! 20 il o yanda Türkiyə yatdı, bu yanda… bilmirəm kimi deyim?! Indi Tükiyədə Azərbaycanı qınağa tutan isterika baş alıb getməkdədir. Azərbaycanı niyə? “Azərbaycan Türkiyənin yanında deyil”. Türkiyənin keçmiş prezidenti S.Dəmirəl açıq deyir: “Elçibəyi hakimiyyətdən mən apardım, Heydər Əliyevi hakimiyyətə mən gətirdim – Amerikanı da inandırıb bu işə qoşmaqla”. Beləliklə, ölkədə Azərbaycan hakimiyyətinin yerinə AntiAzərbaycan hakimiyyəti quruldu. Beləliklə, yalnız Azərbaycanın Qarabağı deyil, erməni tapdağı altında qalan, qurtuluş gözləyən sevgili Qarabağın bütün Azərbaycanı IŞĞAL olundu! Türkiyənin sonrakı bir sıra hökumətləri də Dəmirəl gedən yolu gedərək Azərbaycanla deyil, AntiAzərbaycanla qardaşlıqda bulundular. Biz illərlə bu əskiyi Türkiyəli qardaşlarımıza duyurmağa çalışdıq. Bacarmadıq! Duyurmağı bacarmadıq – qardaşların duymazlığı nədənindən!! Indi baş verənlərə görə durub Azərbaycanı qınamaq! – bizi incitməyin: Azərbaycan bizik; bir millət – iki dövlət formulunu canında, qanında daşıyan, yaşadan BIZlər! Ulu öndərimiz, milli liderimiz Məmməd Əmin bəy deyirdi: “Ey Türk xalqı! …Düşmənini tanı, milli dirçəlişini yüksəlt – gələcək səninlədir!”. Duydunuzmu?!
Xocalı soyqırımından sonra Azərbaycan, Türkiyə, Islam Iranı ermənilik üzərinə yürüşə çıxmalıydı. Ikisi qırılan türklüyün, üçüncüsü qırılan müsəlmanlığın, yıxılan məscidlərin öcünü almaq üçün. Nə oldu? Ikisi yalançı-yarımçıq blokada yaratmaqla yetindi, üçüncüsü ermənilərə arxa durmaqla, çoxsaylı yardımlarda bulunmaqla o blokadanı etkisiz duruma gətirdi. Iranda Xocalı soyqırımını anmaq belə yasaq edildi… Sarkozinin etkisilə indi Xocalı soyqırımını tanıma başlayıb.