Rusiya müxalifəti 120 minlik mitinq keçirdi

Putinin özünədəstək aksiyası isə fiaskoya uğradı (FOTOLAR)

Ötən gün Moskvanın Yakimenka meydanında müxalifət izdihamlı mitinq keçirib. “Ədalətli seçkilər uğrunda” adı verilən mitinqdən əvvəl Rusiya paytaxtının mərkəzinə gedən yollar bağlanıb, şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Müxaliflər aksiyadan az əvvəl qərar qəbul ediblər ki, mitinq razılaşdırılmış vaxtdan 40 dəqiqə tez yekunlaşdırılsın. Buna səbəb kimi, hava şəratinin pis olması göstərilib.
Havanın soyuq olmasına baxmayaraq, müxalifətin mitinqinə 120 mindən çox insan qatılıb. Aksiyanın gedişi zamanı, həmçinin mitinq başa çatandan sonra heç bir insident qeydə alınmayıb. Paytaxt polisi isə müxalifətin mitinqinə 35-30 min aralığında insanın toplaşdığını bəyan edib.

Rusiya azad olacaq!

Mitinqə Rusiya ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri qatılıb. Ölkənin keçmiş maliyyə naziri Aleksey Kudrin və milyarder, prezidentliyə namizəd Mixail Proxorov da iştirakçılar arasında olub. Müxalif fəalların yaratdığı “Oktyabr” adlı kolona aksiya başlamamışdan bir neçə dəqiqə əvvəl 15 min etirazçı qoşularaq, mitinqin keçirildiyi meydanın mərkəzinə doğru yürüş ediblər.
Meydanda qurulmuş tribunanın səhnəsində “Rusiya azad olacaq!”, “Yeni seçki tələb edirik!” kimi şüarlar yazılan plakatlar asılıb. Polis mitinqə kolonlarla qatılan müxalif fəalların hərəkətinə mane olmağa çalışıb.

“Bu qatar odla gedir…”

Mitinq başlamamışdan əvvəl Qrebenşikovun “Bu qatar odla gedir” mahnısı səsləndirilib. Aksiyaya ayrıca kolonla qatılan “Seçicilər liqası”nın üzvləri havaya ağ şarlar buraxıblar. Şarların üzərində “Yeni seçkilər!” şüarları yazılıb. “Seçicilər liqası”nın üzvləri baş nazir Vladimir Putinin əleyhinə şüarlar səsləndiriblər. Kolon meydan boyu hərəkət edərək, “Putinsiz Rusiya!” şüarı yazılmış plakatlar qaldırıblar.

“Putin oğrudur!”

Aksiyanın gedişi zamanı mitinqçilər 20 metrlik “Putinsiz Rusiya!”, “Putin oğrudur! şüarları yazılmış plakatlar qaldırıblar.
“Həmrəylik”, “Yabloko” blokunun üzvləri 100-200 nəfərlik mobil qruplar yaradaraq mitinqin keçirildiyi meydana müxtəlif istiqamətlərdən daxil olublar. 200 nəfərlik qrup “Güclü cəmiyyətə lider lazım deyil!” şüarı yazılmış plakatla meydana daxil olub.

“Bizdən başqa heç kim…”

Bakı vaxtilə saat 13.00-da başlanan mitinqin açılışını müğənni Artyom Trotski “Şa pu na na” mahnısıyla edib. Daha sonra “Azad desant” qrupu səhnəyə çıxaraq “Bizdən başqa heç kim”, “Biz sizə həqiqəti deyəcəyik” mahnısıyla mitinqçilərə müraciət edib. Çıxış edən Vladimir Rıjkov baş nazir Vladimir Putinin istefasını tələb edib. Mitinqçilər ona dəstək olaraq, “Putin, istefa!” şüarını səsləndiriblər.
Yazıçı Lyüdmila Uliçkaya çıxışında “bu gün yaxşı tarix başlanır” deyib. Tribunaya əlil arabasında çıxan İrina Yasin isə bildirib ki, “əl və ayaq uzun olmasa, ədaləti qorumaq olar. Hökumət əl və ayaqlarını uzadaraq həyasızlıq edir”.
Daha sonra çıxış edən məşhur teleaparıcı Kseniya Sobçakın sözlərinə görə, əgər hakimiyyət xalqın soyuqdan donmadan çəkinməyib meydana çıxdığını, haqqını tələb etdiyini görmürsə, belə hökumət devrilməyə məhkumdur.

“Putin axmaqdır!”

Millətçilərin təmsilçisi Tor mikrafonu əlinə alaraq mitinqçilərə səslənib: “Kim ki sizin səsinizi oğurlayıb, onlara qarşı birlikdə olsaq, yenilməz olarıq. Yaşasın Rusiya!”. O həmçinin siyasi məhbuslara azadlıq tələb edib.
Olqa Romanova da çıxışı zamanı siyasi məhbusların azadlığa buraxılmasını tələb etdikdən sonra “Putin axmaqdır” fikrini işlədib.

 

“Onların sonu çatıb”

“Yabloko”nun liderlərindən Qriqori Yavlinski tribunaya qalxaraq müxalifətə verdikləri dəstəyə görə mitinq iştirakçılarına təşəkkürünü bildirib. O, hakimiyyətin bütün təzyiqlərinin səmərəsiz qalacağını söyləyib: “Biz ölkəmizin gələcəyini qoruyuruq. Hər şey yeni başlayır. Rəqiblərimiz başa düşməlidir ki, onların sonu çatıb”.

“Putinsiz Rusiya!”

Aksiyanın sonunda Vladimir Rıjkov mitinqin qətnaməsini oxuyub. Qətnamədə 4 dekabr seçkisinin nəticələrinin ləğvi, MSK sədri Çurovun istefası və fəaliyyətinin araşdırılması, müxalifət partiyalarının qeydiyyata alınması, siyasi sistemdə islahatların aparılması, dərhal azad, ədalətli parlament və prezident seçkilərinin keçirilməsi tələb olunub. Rıjkov sonda mitinqçilərə səslənərək, onları bu ilin martında keçiriləcək prezident seçkilərində Vladimir Putinə səs verməməyə çağırıb.
Mitinq “Oy moroz-moroz, ne moroz menya” və “Rodina” mahnılarının oxunmasıyla başa çatıb. Aksiyanın son mərhələsi olaraq, havaya “Putinsiz Rusiya!” sözləri yazılmış şarlar buraxılıb. Rıjkov müxalifətin növbəti mitinqinin fevralın 26-da keçiriləcəyini və hər kəsi yenidən meydanda gözlədiklərini bildirib.
Müxalifətin mitinqilə yanaşı, Poklonnaya meydanında baş nazir Vladimir Putinin tərəfdarlarının da aksiyası keçirilib. Aksiyaya 20-25 min iştirakçının qatıldığı bildirilir. Bəzi aksiya iştirakçıları 1000 rubl. müqabilində mitinqə gəldiklərini deyiblər. Baş nazirin “tərəfdarları” müxalifətinə qarşı şüarlar səsləndiriblər. Onlar Rusiyanın Putinsiz gələcəyinin olmadığını bildiriblər.

İnformasiya şöbəsi