Misir yenə qaynayır

Futbol matçında baş verənlərə və hərbi hakimiyyətə qarşı etirazlar davam edir

Misirin paytaxtı Qahirənin küçələrində toqquşmalar davam edir. Etirazların üçüncü günü də polis onları daş-qalaq edən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Bütün ölkədə üç gündür davam edən nümayişlər zamanı baş vermiş toqquşmalarda ölənlərin sayı 9-a çatıb. Misirin səhiyyə nazirliyinin yaydığı məlumata görə, ölənlərdən 6-ı Süveyş, 3-ü isə Qahirə sakinidir. Qahirədə daxili işlər nazirliyinin binası yaxınlığında baş vermiş toqquşmalarda 2500-dən çox insanın xəsarət aldığı bildirilir.

Ölkədə qarışıqlığa bir neçə gün əvvəl keçirilən futbol oyununda 79 azarkeşin ölümü ilə nəticələnmiş qarşıdurma səbəb olub. Misirlilər inqilabdan bir il sonra da ölkədə özbaşnalığa və təhlükəsizliyin təminatının çökməsinə ictimai qəzəbi nümayiş etdirirlər. Nümayişçilərin sözlərinə görə, qarışıqlığa son qoymağın yolu hərbi şuranın istefası və hakimiyyəti mülki rəhbərliyə təhvil verməsindən ibarətdir.

Hüsnü Mübarək rejiminin devrilməsindən sonra ölkənin rəhbərliyini ələ alan Silahlı qüvvələrin Ali Hərbi Şurası bəyanat yayaraq bildirib ki, ölkə öz tarixində ən təhlükəli və mühüm sayılan həssas və çətin dövrünü yaşayır. Bəyanatda o da vurğulanır ki, Ali Hərbi Şura hər zaman təhlükəsizlik qüvvələrinə qarşı dinc etirazların bütün insanların öz tələblərini ifadə etmək hüquqlarına hörmətlə yanaşır. Hərbi Şura bütün siyasi qüvvələri ölkədə sabitliyin təminatı üçün məsuliyyətli və diqqətli olmağa çağırıb.