İctimai Palata hökuməti yarıtmazlıqda ittiham etdi

İctimai Palata hava şəraiti ilə əlaqədar yaranmış problemlərin həllində dövlət orqanlarının fəaliyyətsiziliyinə dair bəyanatla çıxış edib. Bəyanatda deyilir:

“Bir neçə gündur ki, davam edən qarlı və şaxtalı hava Azərbaycanda, xüsusilə də onun paytaxtında və ətraf kəndlərdə ciddi narazılıqlar yaradıb. Son illər on milyardarla manat sərmayə qoyulmasına baxmayaraq, şəhər kommunal, nəqliyyat təsərrüfatının bərbad vəziyyətdə olması və pis idarəçilik səbəbindən havalar soyuyan kimi elektrik enerjisi, su, istilik və  qaz təchizatında  problemlər yaranır. Belə ki, Bakı şəhərində bəzi binaların daxili və xarici istilik kəmərləri, qazanxanalar sıradan çıxmış, su təminatı isə tamamilə dayanmışdır.
Yol və nəqliyyat  təsərrüfatının üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməməsi ucbatından, qardan təmizlənməmiş, duz  səpilməmiş yolların buz bağlaması nəticəsində sərnişin daşıyan avtobusların, avtomobillərin hərəkəti əsasən dayanıb,  paytaxtda sakinlərinin  işə getmələri və gəlmələri çətinləşib. Eləcə də ölkənin rayonlarını Bakı şəhəri birləşdirən  magistral yollar bağlanmış, ölkənin paytaxtı ilə  bir çox regionlar arasında əlaqə kəsilmişdir. Eyni zamanda, bir sıra rayonlarda nəqliyyat sistemində yaranmış problemin nəticəsində mağazaların ərzaq, xüsusilə də çörək təminatında da problemlər yaranmağa başlanmışdır.
Bütün bu baş verənlər Bakı şəhər və həmçinin rayonların təsərrüfatının qışa hazır olmamasının əyani göstəricisidir. Bu məqsədlə planlaşdırılan vəsaitlərin çox hissəsinin vaxtında təyinati üzrə xərclənməməsi və yaxud təyinatı üzrə səmərəsiz xərclənməsi, işlərin keyfiyyətsiz görülməsi, şəhər, yol, nəqliyyat, mənzil, kommunal, istilik, qaz, su,  elektrik enerjisi və fövqəlada hallar  sahəsində pis idarəçilik hətta ölkə vətəndaşlarının həyatları bahasına başa gələn hadisələrin baş verməsinə səbəb olmuşdur.
Son məlumata görə, bu günlər ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasına 1239 müraciət daxil olub. Müraciət edənlərin 132 nəfəri travma alıb ki, bunun 66 nəfəri sürüşmə nəticəsində xəsarət alanlardır. Ümumilikdə travma alanlardan 87 nəfər xəstəxanaya çatdırılıb. Küçələrin təmizlənməməsi nəticəsində xəsarət alanlardan isə 60 nəfəri xəstəxanaya çatdırılıb. Bundan əlavə, yalnız son  bir sutka ərzində onlarla  yol qəzası olub. 18 nəfər dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənmə nəticəsində 1 azyaşlı uşaq ölüb, 4 nəfər isə donvurma nəticəsində xəstəxanaya yerləşdirilib, onlardan 1-i dünyasını dəyişib.
Belə fəlakət statistikanın hər  qış bir neçə dəfə təkrar olunmasına baxmayaraq, əlaqədar orqanlar öhdələrinə düşən işləri hələ də  məsuliyyətlə yerinə yetirmirlər. İctimai Palata hesab edir ki, onun əsas səbəblərindən biri hakimiyyətdə özbaşınalıq, mövcud sistemdə məsuliyyətsizlik, təsərrüfatsızlıq və korrupsiya ilə əlaqədardır. Uzun illər mənzil-kommunal təsərrüfatlarında, yol nəqliyyat sektorunda islahatların aparılmaması bu sahədə problemləri ildən-ilə çoxaldır.
İctimai Palata hesab edir ki, bütün bunların yaranmasının başlıca səbəbi bu hakimiyyətin idarəçilik qabiliyyətinin tam tükənməsi, qışa hazırlıq işlərini vaxtında görməməsi ilə izah olunmalıdır. İctimai Palata mövcud hakimiyyətdən hazırkı vəziyyətdə təcili təxirə salınmaz tədbirlərlə yaranmış problemləri həll etməsini və eyni zamanda mövcud problemlərin yaranmasına günahkar olanların məsuliyyətə cəlb olunmasını tələb edir.

04 fevral 2012-ci il”