Bölgələr niyə qaz istəmir?

Bu qarlı-çovğunlu havada bir neçə günü rayonda keçirmək zərurəti yarandı. “Regionların iqtisadi inkişafı” əməlli-başlı özünü göstərirdi: nisyə dəftərləri qalınlaşmışdı, böyük bir kənddə telefon konturu tapmaq mümkün deyildi, çünki alıcısı yoxdu, piştaxtaları ən keyfiyyətsiz mallar “bəzəyirdi”; hamı səbirsizliklə mövsümün gəlişini gözləyirdi – yaz gələsidi, məhsul yetişəsidi, onu yığası və satasıdılar… Allah alverçilərin könlünə insaf salsa, bəlkə qışdan yığılan borclarının bir hissəsini qaytarmaq qismət oldu.

Yəqin, onu demək artıqdır ki, bölgədə həyat donmuşdu – magistral yollar qardan təmizlənmir, o ki qala, rayoniçi bərbad yollar ola! Qılınc kimi kəsən soyuqda odunun ümidinə qalıb əhali. Qaz xətti isə çəkilir, lap burunlarının ucuna qədər gəlib çıxıb. Gələn il də olmasa, 2014-cü ili qazla qarşılayacaqlarına şübhə etmirlər. Amma qazın çəkilişini heç biri arzulamır. Əksinə, qazın gətirəcəyi “faciələri” indidən hesablayırlar: 3 otaqlı kiçik kənd evinin qızdırılması üçün qazın aylıq ödənişinin ayda ən azı 70-80 manat olacağını artıq müəyyənləşdiriblər: “Həm odun kimi istiliyi yoxdur qazın, həm də qiyməti çox bahadır. Bir odun sobasına ildə 22 kub odun lazım olur. 22 kub oduna isə 60-65 manat pul veririk. Iki-üç soba üçün 160-170 manat bizi 6-7 ay görür, hələ artıq da qalır. Ancaq qaz çəkilsə, ayda 80 manat verməliyik. Gör, nə qədər fərq eləyir… Biz o pulu hardan verəcəyik? Qaza arxayın olub odun yığmasaq, bir də gördün, qışın oğlan çağında pul vermədiyimizə görə gəlib qazı kəsdilər. Bu yerlərdə istiliyin olmaması isə ölümdür də…”
Söhbətə çəkdiyim kənd adamlarının hamısı birmənalı olaraq bu sözləri təkrarlayırdılar. Hiss olunurdu ki, qaz söhbəti aylardı buralarda müzakirə olunub, camaat “qərarını” verib.
Bakıya qayıtdıqdan sonra “qaz xəttindəki nasazlığın aradan qaldırılması üçün” iki rayona qaz verilməsinin dayandırılmasını və Bakının göbəyindəki mənzilində 1951-ci il təvəllüdlü tənha qadının “evinin isidilməsi yaxşı olmadığından” donub öldüyünü oxuyacaqdım. Sanki elə beləcə də olmalıdır, qışda aparılan təmir və ya bir insanın evinin içində donub ölməsi normal haldır. “Evinin istiliyi niyə yaxşı deyilmiş bu qadının?” deyə, sual verən də, məsuliyyət daşıyan da yoxdur. Bəlkə, borca görə qazını, yaxud işığını kəsiblərmiş…
Bu xəbərləri alandan sonra kənd camaatının narahatlığını anladım: bunlar qışın oğlan çağında “magistraldakı xətadan” və ya “borcdan” – yəni ya zəlzələdən, ya vəlvələdən – əhalini qazsız-işıqsız qoya bilərlər.
Bu ölkədə halal yaşamaq olmur
Ümumi qayğı insanlar arasında ünsiyyəti artırır, doğmalıq yaradır. Qayıdanbaş yol yoldaşlarımızla səmimi söhbətlərimizə də soyuq, şaxta, “qlobal buzlaşma” barədə “şayiələr” səbəb oldu.
Iki tələbə bitən semestrin pulunu vermək üçün Bakıya gəlməyə məcbur olduqlarını dedilər. Biri Tibb Universitetində oxuyur, digəri BDU-da. Semestr imtahanları 1000-2000 arasında başa gəlirmiş. Çox vaxt mühazirələrdə iştirak etmirlər, əvəzində, əlavə olaraq kimlərəsə rüşvət verirlər.
Tibb Universitetində oxuyana lap acığım tutdu. Dediyindən belə məlum oldu ki, Allah qoymasa, mömindir, ibadət əhlidir. Rüşvət verməyin haram olduğunu bilmirmi? Savadsız olmaq üçün rüşvət verir, sonra da gəlib bizi müalicə edəcək… Nə günahımız var ki, canımıza qəsd edir?
Rüşvət verib, təhsil alır; sabah rüşvət verib işə girəcək, birisigün “110 manatla yaşamaq mümkün deyil”lə sığortalanıb rüşvət də alacaq bu uşaq. Hələ özlüyündə alibi də tapıb: “Bu ölkədə halal yaşamaq üçün heç bir fürsət yoxdu”.
Onda savaş, halallıq yolunda, haqq uğrunda mübarizə apar, ibadətində səmimisənsə, haramla yaşamaqdansa, öl də!
Öz məsuliyyətini cəmiyyətin üstünə atmaqla şərə xidmət edib, “mömünlik” örtüyünə bürünənləri heç anlamadım…