Azərbaycan Əsədin istefasına səs verdi; ABŞ Rusiya və Çini pis hədələdi
“Bundan sonra axacaq qana görə Rusiya və Çin məsuliyyət daşıyacaq”
Dünyanın siyasi gündəmini zəbt edən Suriyadakı olaylar son bir neçə gündür ki, BMT Təhlükəsizlik Şurasının başlıca dartışma mövzusudur. Artıq bir ilə yaxındır xalqına qarşı qanlı qətliamları davam etdirən və hər gün daha çox insanın ölümünə səbəb olan Suriya prezidenti Bəşər Əsədin təcili istefa verməsi ilə bağlı müddəanın əks olunduğu qərar layihəsinin təsdiqlənməsi üçün dünən TŞ-nin 15 üzvünün iştirakı ilə kritik səsvermə keçirilib.
BMT TŞ-də aparılan müzakirələrdə Türkiyənin də dəstək verdiyi qərar layihəsinə Azərbaycan da daxil olmaqla 13 üzv ölkə səs verərkən, Rusiya və Çin veto hüququndan istifadə edərək, Bəşər Əsədə qarşı hazırlanan layihənin təsdiqlənməsini əngəlləyib.
Suriyada şiddətin dərhal dayandırılması çağırışını edən və Suriya rejimi tərəfindən törədilən kobud insan haqları pozuntularını qınayan qərar layihəsinə Rusiya və Çinin veto qoyması Qərb ölkələrinin kəskin tənqidlərinə səbəb olub. Indi bütün diqqətlər gələn həftə Rusiya xarici işlər naziri Sergey Lavrovla Bəşər Əsəd arasında Şamda keçirilməsi gözlənən görüşə kəsilib.
Qeyd edək ki, Rusiya onsuz da xeyli müddət idi sözügedən qərar layihəsini veto edəcəyinin siqnallarını verirdi. Gələn məlumatlarda da bildirilir ki, dünən gün ərzində 48-ci Təhlükəsizlik Konfransının toplandığı Münhendə, həmçinin BMT Baş Idarəsinin yerləşdiyi Nyu-Yorkda Rusiyanı razı salmaq üçün aramsız diplomatik səylər göstərilib. Ancaq qərar layihəsinin, Əsəd hakimiyyəti və müxaliflərə bərabər məsafədə olmadığını israr edərək qarşı çıxan Rusiyanın razılığını almaq mümkün olmayıb. Axşam saatlarında başlayan müzakirələrdə Çin də bu qərarı veto edəcəyini açıqlayıb.
Bundan başqa, səsvermə öncəsi keçirilən və ancaq BMT daimi üzvlərinin qatıldığı mətbuata qapalı toplantıda Rusiyanın həm qərar layihəsində dəyişiklik edilməsi, həm də səsvermənin təxirə salınmasını istədiyi də gələn məlumatlar arasındadır. Ancaq TŞ üzvləri bununla razılaşmayıblar.
İclasdan sonra Rusiyanın BMT-dəki daimi nümayəndəsi Çurkin deyib ki, ölkəsi Suriyada axan qanın tezliklə dayanmasını istəyir, lakin bunun üçün “Suriyadakı müxalif qrupların silahlı dəstələrdən arınması gərəkdir”.
Bu, son 22 ildə BMT TŞ-də iki ölkənin vetosu ilə geri qaytarılan ümumilikdə 4-cü Suriya ilə bağlı isə 2-ci qətnamə layihəsidir.
Rusiya və Çinin layihəyə veto qoymasını Fransa “Suriya, Təhlükəsizlik Şurası və demokratiyanın dostları üçün üzücü” adlandırıb.
Ən sərt çıxışı isə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Suzan Rays edib. Rays TŞ-nin toplantısında bildirib ki, Rusiya və Çinin qoyduğu vetolar ABŞ-ın “ürəyini bulandırır”. “Suriyadakı böhranı sülhlə həll etmək üçün Ərəb Liqasının göstərdiyi son cəhd də bu vetolarla heçə endirildi. Bundan sonra axacaq qana görə Rusiya və Çin məsuliyyət daşıyacaq”, – deyə o bəyan edib.
Xatırladaq ki, BMT dünən səhər saatlarında Homs şəhərində Suriya təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi bir hərbi əməliyyatda, ən azı 260 nəfərin öldüyünə dair xəbərlər yayıldıqdan dərhal sonra hazırlanmış qərar layihəsini təsdiqləmək üçün səsverməyə təqdim etməyə qərar vermişdi.
Rəşad Alp


