Bəlkə bir Qəmlo obrazı da yetərdi…

Səhnəyə yetkin bir sənətkar kimi gəlmişdi

Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri olan görkəmli sənətkarlarımızdan biri də Məlik Dadaşovdur. Məlik Dadaşaov bu məktəbin orta nəslinə mənsub idi. Teatrda onlarla obraza səhnə həyatı vermişdi, elə kinoda da yaddaqalan, maraqlı rollar yaratmışdı.
Həyatda da yaratdığı obrazlar kimi çılğın və səmimi insan idi. Bəlkə, ona görə də çox vaxt deyirdilər ki, Məlik Dadaşov ekranda, səhnədə elə öz obrazını yaradır.
Yaradıcılıq yönümü xarakter rollarında formalaşan, dramatik və satirik obrazları da oynamaqda böyük səriştəsi olan Məlik Yusif oğlu Dadaşov 7 iyun 1924-cü ildə Bakıda doğulub. Asəf Zeynalı adına musiqi məktəbində təhsil alıb. 1941- 1945-ci illərdə Böyük Vətən müharibəsində vuruşub. Ordudan qayıtdıqdan sonra rejissor Məhərrəm Haşımovun çağırışı ilə Gənc Tamaşaçılar Teatrına aktyor götürülüb. Az sonra Zaqatala Dövlət Dram Teatrında, 1946-cı ilin mayında Şəmkir Dövlət Dram Teatrında işləyib və bir il sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Teatr Institutuna, Ədil Isgəndərovun rəhbərlik etdiyi aktyorluq kursuna qəbul olunub.
1950-ci ildə Azərbaycan Teatr Institutunu bitirdikdən sonra M. Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun “Ailə namusu” pyesində oynamışdı. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt səhnəmizdə Ə. Ələkbərov, M. Məmmədov, Adil Isgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.
60-cı illər Məlik Dadaşovun teatr yaradıcılığının ən yüksək zirvəsidir. Bu illərdə o, teatrda Şeyx Nəsrullah kimi yadda qalan obraz yaratdı və özünün sənətkarlıq məharətini təsdiqlədi.
ÿAzərbaycan dramaturgiyasında xaraktercə mürəkkəb və ziddiyyətli, ancaq dolğun bir obraz olan Şeyx Nəsrullah Məlik Dadaşov sənətinin zirvəsində dayanmaqla onun səhnə fəaliyyətində ən uğurlu ifa oldu. Məlik Dadaşov Şeksprin “Fırtına” pyesində oynadığı Prospero obrazı ilə daha da sevildi. Prosperodan sonra daha bir Şekspir qəhrəmanını səhnədə canlandırdı. Bu, cinayətkar, amma zərif və həssas təbiətə malik Maqbet idi. Tamaşaya yazılımış rəylərdən belə qənaətə gəlmək olardı ki, tam işlənməmiş psixoloji vəziyyətlər aktyorun ifasında bütövlükdə təcəssüm tapmamışdı. Fəqət bu obrazın onun səhnə yaradıcılığında olması faktı Məlik Dadaşovun müəyyən ampluasının davamı idi.
Bütün bu keyfiyyətlər aktyorun kino yaradıcılığı üçün də səciyyəvi oldu. Kinoda da roldan-rola dəyişir və başqalaşırdı. 35-ə yaxın bədii filmdə çəkilən Məlik Dadaşov “Axırıncı aşırım”da Qəmlo, “Dəli Kür”də Molla Sadıq, “Koroğlu”da Bolu bəy, “O dünyadan salam”da Şeyx Nəsrullah, “Birisi gün gecə yarısı”nda Nəriman Nərimanov, “Babək”də Ibn Bəis, “Nəsimi”də Şirvanşah Ibrahim, “Fəryad”da Aram Xaçaturyan obrazlarını yaratdı.
Şeyx Nəsrullah və Qəmlo obrazları bir şedevr idi
“Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir. Ancaq çox təəssüflə qeyd etmək lazımdır ki, kişi rolunun ən yaxşı ifasına görə keçmiş Ittifaq festivalında onun adı mükafatçılar siyahısına salınmadı. O vaxt deyilirdi ki, sovetlərin düşməni (Qəmlo) “sovetin” mükafatını ala bilməz. Və bir də “Dəli Kür”dəki Molla Sadıq. Bu obrazın da Azərbaycan kinosunda öz xüsusi yeri var.
O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. Onun yaradıcılığında H. Sarabskidən, A. M. Şərifzadədən və digər klassiklərimizdən bəhrələnmə meylləri hiss olunurdu. Məlik Dadaşov dramatik rolların mahir ifaçısı idi. Yaratdığı obrazların ifası üçün elə gözəl ifadə vasitələri tapırdı ki, hətta tarixi qəhrəmanlar belə reallığa çox yaxınlaşırdı. M. Əzizbəyov, N. Nərimanov kimi tarixi şəxsiyyətlərin obrazları dediklərimizi bir daha təsdiq edir.
Məlik Dadaşov xalq artisti idi. Doğrudan da, xalq onu çox sevirdi. Hətta bəzən onun qəhrəmanlarının ifadələri xalqın dilinə düşürdü. Elə Qəmlonun, (“Axırıncı aşırım”), Kərbəlayi Ismayılla dialoqlarındakı ifadələri xatırlayın. Yəqin ki, “Abbasqulu bəyin nazı ilə çox oynayırsan, a… Kərbəlayi” ifadəsi hamıya yaxşı tanışdır. “Ölülər”dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Akademik Teatrın səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət yetirin. Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir. Bəlkə də, ona görə mərhum kinorecissor Tofiq Tağızadə “Ölülər” pyesi əsasında ekranlaşdırdığı “O dünyadan salam” filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkmişdi.
“Ölülər”dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə akademik teatrın səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət yetirin. Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir. Bəlkə də, ona görə mərhum kinorejissor T.Tağızadə “Ölülər” pyesi əsasında ekranlaşdırdığı “O dünyadan salam” filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkmişdi.
Tarixi şəxsiyyətlər də Məlik Dadaşovun ifasında çox real alınırdı. Kinorejissor Əjdər Ibrahimov aktyoru bir neçə filmində çəkmişdi. “Iyirmialtılar” və “Ulduzlar sönmür” filmlərində o, M. Əzizbəyovun və N. Nərimanovun çox real tarixi obrazlarını ekranda əbədiləşdirə bilmişdi.
Xalq yazıçısı I.Əfəndiyevin “Atayevlər ailəsi” pyesi əsasında hazırlanmış televiziya tamaşasında M.Dadaşovun yeni ampluada yaratdığı Atayev obrazı çox uğurlu ekran qəhrəmanı idi.
Məlik Dadaşov 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 iyun 1974-cü ildə xalq artisti fəxri adları ilə təltif edilib.
Son günə qədər səhnədə
Məlik Dadaşovu səhnədə görən hər kəs təsdiq edər ki, onun xarici görkəmi, sifətinin ahəngdar cizgiləri, mənalı baxışları, əzəmətli yerişi səhnə üçün yaranmışdı. Əlbəttə, bunlar aktyor üçün vacib olan şərtlərdəndir. Lakin əsas məsələ Məlik Dadaşovun sənətkarlıq gücündə, istedadındadır. Bir aktyor kimi çoxcəhətli yaradıcılıq imkanlarına malik Məlik Dadaşov həm komediyalarda, həm dramatik və faciə xarakterli obrazlarda, həm də lirik-psixoloji rollarda böyük uğur qazanmışdı. Zəngin plastikası, aydın tələffüzü, rəqs etmək məharəti, yüksək musiqi duyumu onun aktyor cazibədarlığını qüvvətləndirirdi.
Məlik Dadaşov daxilən narahat aktyor idi. Çılğın ehtiraslı xarakteri “ölçüyə sığmayan” obrazlara ciddi maraq göstərirdi. Obrazın ritmini, səhnə hərəkət və davranışını uzun müddət axtarır, dəfələrlə sınaqdan çıxarır və sonra tamaşada “özününküləşdirirdi”. Əməl-fəaliyyət xəttinin sürətritmi iti olan (məsələn, Şeyx Nəsrulla, Məstəli şah) rollara məxsusi danışıq tərzi tapırdı. Cingiltili səsini istədiyi ritmdə və istədiyi ton yüksəkliyində asanca və aydın işlədirdi.
M.Dadaşov teatrımızda ömrünün sonuna kimi çalışmışdı. V.Şekspirin “On ikinci gecə”, L.Tolstoyun “Canlı meyit”, S.Vurğunun “Fərhad və Şirin”, Ş.Qurbanovun “Sənsiz”, I.Qasımovun “Nağıl başlananda” və s. tamaşalarda onun yaratdığı obrazlar bu gün də xatirələrdən silinməmişdir. Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışırdı. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşmiş, buraya yeni yaradıcı qüvvələr cəlb olunmuşdu. 80-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetində aktyor sənətindən dərs də deyirdi.
Tədris Teatrında tələbələrlə məşq zamanı səhnədə yıxılıb başından ağır yara alan Məlik Dadaşov üç gün sonra, 3 dekabr 1996-cı ildə dünyasını dəyişdi. Məzarı Bakıda ikinci Fəxri xiyabandadır.
Bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etmiş görkəmli teatr və kino aktyoru Məlik Dadaşov bu gün aramızda olmasa da, onun əziz xatirəsi sənətsevərlərin qəlbində əbədi olaraq yaşayacaqdır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir