Yalan satan iqtidar
Keçmiş sovet respublikalarından Litva və Qazaxıstan, SSRI dövründən qalma əmanətləri qaytarıb. Azərbaycanı çıxmaq şərti ilə qalan respublikalarda bu prosesə çoxdan başlanılıb və onların hamısında ən yaşlı əmanətçilərə ödəmələr artıq başa çatıb. Bəs bizdə bu prosesə nə vaxt start veriləcək? Araşdımamız zamanı məlum oldu ki, AZƏRBAYCANDA ƏMANƏTLƏRIN QAYTARILMASI, SEÇKILƏR ÖNCƏSI TƏTBIQ OLUNAN HƏVƏSLƏNDIRMƏDIR.
…Ölkəmizdə əmanətlərin qaytarılması haqda “müzakirə”lərin növbəti mərhələsinə start verilib. On mindən çox mənzil fırıldağı qurbanları, ondan bir neçə dəfə çox evi sökülən vətəndaşları olan bir ölkədə əmanətlərin qaytarılacağı söhbətləri nəyə lazımdır axı…
Amma yenə də vətəndaş ümidini üzmür, sakitcə bu məzhəkənin nə ilə bitəcəyini maraqla gözləyir. Qəribədir ki, ölkədə bu pulları israrla tələb edən də yoxdur, yuxarıda ərz elədik ki, iqtidarın himayə etdiyi mənzil-tikinti şirkətləri minlərlə vətəndaşın pulunu alıb halal evlərini vermir. Bu da azmış kimi, elə bu iqtidarın bələdiyyəsindən, icra hakimiyyətindən pulla torpaq alaraq özlərinə ev-eşik tikən zavallı vətəndaşlarımızın evləri amansız şəkildə uçurulur. Bu insanaların sayı isə on minlərlədir. Mənzil fırıldağı və uçurulmuş evlərdən vətəndaşlara dəyən ziyan, təxmini hesablamalara görə, 2 miyard manata yaxındır.
Bu, əmanətlərin qaytarılması üçün nəzərdə tutlmuş məbləğdən aşağıdır.
Sual olunur, öz fəaliyyəti dövründə vətəndaşlarına batmış əmanətlərdən çox zərər vermiş bir iqtidarın bu əmanətləri qaytaracağı vədi nə dərəcədə inandırıcıdır?
…20 ilə yaxındır ki, 2 milyona yaxın Azərbaycan vətəndaşı Sovet əmanət banklarına qoyduğu əmanətlərin qaytarılmasını gözləyir.
Razılaşaq ki, kifayət qədər ciddi rəqəmdir. Iqtidarın əmanətqaytarma vədlərinin verildiyi zaman kəsimlərini nəzərdən keçirdikdə, hər şey məlum olur. 2012-ci ildəki bəyanatlar sayca dördüncüdür. Hər şey isə 2005-ci ildən, Milli Məclisə seçkilər ilindən başlayır. Iqtidar seçki öncəsi vətəndaşlara əmanətlərin qaytarılacağı haqda vədlər verməyə başladı. Seçkilər başa çatandan sonra bu məsələ unuduldu. 2008-ci il prezident seçkiləri öncəsi isə iqtidara yaxın kütləvi informasiya vasitələri yenidən haray-həşir salmağa başladılar. Ilham Əliyevin ikinci dəfə prezident seçilməsi ilə yenidən tənəffüs… 2010-cu il, Milli Məclisə keçirilən seçkilər ərəfəsində, batmış əmanətlərin qaytarılması haqda vədlərə yenidən start verildi.
Və nəhayət 2012-ci il… Qarşıdan prezident seçkiləri gəlir. Yenə SSRI dövründən qalma əmanətlərin qaytarılması yavaş-yavaş gündəmə oturdulur… 2005-ci ildən qalma ssenariyə heç bir kosmetik dəyişilkik etmədən, yenə də maliyyə naziri deyir ki, heç bir problem yoxdur, hər şey Milli Məclisin qərarına bağlıdır. Milli Məclis yetkililəri isə öz növbələrində, “təlimat”a uyğun olaraq, “Azərbaycan bu vəsaiti ödəmək iqtidarındadır, qanun üzərində işləyirik. 6 il əvvəl o vaxtkı maliyyə naziri Əvəz Ələkbərov ”Ayna” qəzetinə verdiyi müsahibədə “Sovet dövründən qalmış əmanətlərin qaytarılması ilə bağlı heç bir problem yoxdur” fikrini bu gün nöqtəsinə, vergülünə dəymədən hazırkı maliyyə naziri Samir Şərifov təkrarlayır. O dövrdə mətbuatda gedən bəzi başlıqlara nəzər salaq…
“Gələn ildən batmış əmanətlər qaytarılacaq”: Maliyyə naziri Əvəz Ələkbərovun sözlərinə görə… “Ayna”. – 2005. 14 oktyabr və “Əmanətlərin qaytarılması üçün 5-10 il müddət tələb olunur: Əhaliyə ödəniləcək pulların məbləği isə 1,6 milyard dollar proqnozlaşdırılır”. “Yeni Azərbaycan” – 29 oktyabr 2005. “Əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi hazırlanıb: Layihə Prezident Aparatına təqdim edilib. ”Iki sahil”. 29 oktyabr 2005.
Zənnimizcə kifayətdir…
…Eyni səpkidə yazılar, eləcə də telekanallarda saysız şoular sonrakı üç seçkilər zamanı da ara vermədi. Milli Məclisə son seçkilər zamanı ANS-in “Günəbaxan”ında “əmanətlərin qaytarılması” şousu yəqin ki, hamının yadındadır.
Bu müzakirələr zamanı qaytarılacaq məbləğın miqdarının müxtəlif variantlarda açıqlanması da iqtidarın qeyri-ciddiliyindən xəbər verir.
Araşdırma zamanı məlum oldu ki, iqtidara yaxın mətbuatda son üç seçkilər ərəfəsində, əmanətlərlə bağlı 400-dən çox yazı gedib.
Varlığa nə darlıq…