Azərbaycanlı oliqarxlar Bosfor boğazına axışır

Azərbaycandan gedənlərin bahalı sövdələşmələri Türkiyə ev satanlarını heyrətləndirib

Arman Özver: “Onlar Avropalı müştərilərdən fərqli olaraq qiymətin bahalığına baxmırlar; O qədər zəngindilər ki, buna uyğun da yaşam tərzləri var”

Azərbaycanlı milyonçular Türkiyənin məşhur Bosfor boğazı sahillərində dəyəri yüz milyonlarla ölçülən mülklər almaq üçün növbəyə durublar. Bunu, “Turkey Sothebys İnternational”ın baş müdiri Arman Özver Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində deyib. A.Özver dünyanın 43 ölkəsində daşınmaz əmlak üzrə xidmətlər həyata keçirən iş adamıdır. Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkətə müraciət edənlər arasında Azərbaycanla yanaşı, kral ailələrinə yaxın şəxslər, Rusiya, Qazaxıstan və Qırğızıstandan gələn önəmli iş adamları var: “Bu insanlar İstanbulda və Türkiyənin cənub bölgəsində daşınmaz əmlak bazarını diqqətlə izləyir, adamlarını göndərərək layihələrlə, qiymətlərlə bağlı həftələrlə araşdırmalar aparırlar”.
A.Özverin dediyinə görə, ən çox tələbat Bosfor boğazınadır. Hazırda boğaz sahillərində qədim üslublu mülklərə sahib olmaq üçün 10 zəngin insan növbə gözləyir ki, onların arasında azərbaycanlı da var: “Bu insanlar bu mülkləri ilin müəyyən vaxtlarında gəlib qalmaq üçün alırlar. Onların başda London, Nyu-York, Fransa olmaqla dünyanın hər nöqtəsində evləri var və İstanbulda da bir evlərinin olmasını istəyirlər. O qədər zəngindilər ki, buna uyğun da yaşam tərzləri var. Məsələn, ildə iki həftə Londondakı evlərində, qış tətilində xizək mərkəzlərində yerləşən villalarında, bir həftə də İstanbuldakı evlərində qalırlar. Belə yaşayırlar”.

Arman Özver

A.Özer onu da bildirib ki, müştərilər adlarının ictimaiyyətə bəlli olmasını istəmədikləri üçün şirkət də bu anonimliyə riayət edir.
Qiymətlərə gəlincə, A.Özer rəqəmin on milyonlarla ölçüldüyünü deyir: “Boğazdakı mülklərin hər birinin öz tarixi, öz memarlığı, öz hekayəsi var. Bunlar hamısı qiymətə təsir edir. Bir sənət əsərini hansı mütəxəssis yüzdə-yüz qiymətləndirə bilər? Burada da o cürdür. Bizim əlimizdə Boğazda – Balta limanında çox özəl, sənət əsəri kimi bir mülk var. Bunu Səudiyyə Ərəbistanı kralının yaxınına göstərdik. Çox bəyəndi. Qiyməti 100 milyon dollardan bahadır. Binanı içindəki mebellə bir yerdə almaq istədi. Ancaq sahəsi 3 min kv.metr olan bu əmlak ona balaca gəldi”.  
A.Özər deyir ki, avropalı müştərilərdən fərqli olaraq Azərbaycandan gələnlər qiymətin bahalığına-ucuzluğuna baxmırlar: “Rusiya, Azərbaycan, Türk cümhuriyyətlərindən gələnlərdə belə bir yanaşma var – gələndə paraya-pula baxmırlar”.
Şirkət rəhbəri əlavə edib ki, Türkiyədə daşınmaz əmlaka sahib olmaq üçün ən böyük tələbat Orta Asiya ölkələrindən, Rusiya, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Tacikistandandır.