Partiyanın üzvlərinin sayı azdır, üzvlər pul vermir, yoxsa yığılan vəsaitlər mənimsənilir?
2011-ci ildə YAP-ın büdcəsinə üzvlük haqlarından 4 milyon 711 min 974 manat daxil olub. Bu fakt YAP-ın Idarə Heyətinin iclasında açıqlanıb. Iclasda həmçinin bildirilib ki, 2012-ci ilin yanvarın 1-nə olan məlumata görə, partiyanın 556 min nəfərdən yuxarı üzvü var.
Xırda hesablama aparaq. YAP-da bir ilə 4 milyon 711 min 974 manat üzvlük haqqı yığılırsa, bu bir aya 392 min 664 manat, yəni, təxminən 400 min manat edir. YAP-da əvvəllər üzvlük haqqı 1 manatdan yığılsa da, artıq bir neçə ildir ki, bu qayda dəyişdirilib. Üzvlük haqqı YAP-çıların əmək haqqılarından 1 faiz tutulmaqla yığılır. Hər bir YAP-çının nə qədər əmək haqqı aldığını bilməsək də, onu bilirik ki, 2011-ci il üçün Azərbaycanda orta aylıq əmək haqqı 356 manat olub. Bu rəqəmlə hesablamamızı davam etdirsək, orta hesabla hər bir YAP-çı hər ay 3 manat üzvlük haqqı ödəməlidir. YAP-ın 556 min üzvü varsa, onda bu hesabla hər ay partiyada 1 milyon 668 min manat üzvlük haqqı yığılmalıdır. Bu isə bir ilə 20 milyon 16 min manat edir. Amma nədənsə YAP-ın rəhbərliyinin hesablamalarına görə bu rəqəm 4 milyon 711 min 974 manatdır. Hətta üzvlük haqqı köhnə qaydada yığılsa, yəni hər üzv 1 manat versə belə, yenə də YAP-ın rəhbərliyinin açıqladığı rəqəmdən çox edir: Bir aya 556 min, bir ilə isə 6 milyon 672 min manat. Biz hələ partiyaya verilən ianələri demirik. Məmur oliqarxların əksəriyyəti hakim partiyanın üzvüdür. Və inandırıcı deyil ki, onlar müəyyən olunmuş qaydada üzvlük haqqı versinlər. Bəs onda bu ziddiyyət nədən irəli gəlir? Iki versiya irəli sürmək olar: Ya YAP-ın üzvlərinin sayı şişirdilib, ya da üzvlər formal xarakter daşıyır, yəni məcburi şəkildə partiyaya üzv olublar, əslində isə onları YAP-a heç nə bağlamır, o dərəcədə ki, ayda 1-2 manat belə bu təşkilata qıymırlar. Əgər YAP rəhbərliyi bu iki versiyanı əsassız sayacaqsa, bu o demək olacaq ki, yığılan vəsaitlər mənimsənilib.
Vidadi