İran aprel-iyun aylarında vurulacaq

Pentaqon şefinin adından məlumat yayıldı, onun özü isə bunu təkzib etmədi

“The Washington Post”un yazarı Devid İqnatius qələmə aldığı köşə yazısında adını açıqlamadığı mənbələrə istinad edərək ABŞ-ın müdafiə naziri Leon Panettanın İsrailin bu ilin baharında – aprel, may, ya da iyun ayın İranın nüvə təsisatlarını vuracağına inandığını yazıb. Müəllif yazır ki, bu tarix İranın nüvə silahı əldə etmək istiqamətində “toxunulmazlıq sahəsinə” girməsinə fürsət vermədən, yəni vəziyyət daha da qəlizləşməmiş hərəkətə keçmək planlanlaşdırılaraq seçilib.

İqnatius bundan əlavə prezident Barak Obama və Leon Panettanın İsraili ABŞ-ın belə bir hücuma qarşı olduğunu xəbərdar etdiyini də vurğulayıb. Vaşinqtonun İranın nüvə fəaliyyətlərini dayandırmaq üçün tətbiq olunan iqtisadi sanksiya proqramına və digər qeyri-hərbi strategiyalara zərər verəcəyi səbəbindən Tehrana yönəlik hərbi müdaxiləyə hələ ki qarşı olduğu xüsusilə qeyd edilib.
Müəllif qeyd edib ki, ancaq Ağ ev hələ ABŞ-ın İsrailin hücumuna necə cavab verəcəyiylə bağlı qəti qərar verməyib.

Brüsseldə səfərdə olan ABŞ müdafiə naziri isə jurnalistlərin “The Washington Post” qəzetindəki məlumatla bağlı suallarına “Şərh etmək istəmirəm” deyə cavab verib. “Bu məlumatı təkzib edirsiniz” sualına cavabında isə “Xeyr, yalnız şərh etmirəm. Nə düşündüyüm və hadisələri necə gördüyüm yalnız məni maraqlandıran bir vəziyyətdir. Başqasını maraqlandırmaz” deyib. İsrailin İrana hərbi müdaxilə variantını gündəmdə saxladığını da xatırladan Panetta ABŞ-ın bununla bağlı narahatlıqlarını da dilə gətirdiyini bildirib.

Bu arada İsrail hərb kəşfiyyatının rəhbəri general mayor Aviv Koçavi bildirib ki, İran hazırda malik olduğu uranın zənginləşdirilməsini davam etdirərək dörd atom bombası istehsal etməyə qadirdir və belə bir qərar verildikdən bir il sonra ilk bombanı hazırlaya bilər. General İranın 3,5 faiz səviyyədə dörd ton uran zənginləşdirdiyini və 20 faiz zənginləşdirilmiş 100 kq urana malik olduğunu da deyib.

Onun sözlərinə görə, bu həcmdə material dörd atom bombası istehsal etməyə imkan verir. Bu rəqəmlər BMT-nin nüvə agentliyinin göstəricilərinə yaxındır. Lakin Koçavi beynəlxalq sanksiyaların Tehranı nüvə silahları istehsalı kursundan çəkindirə biləcəyini ehtimal edib. General İranın bu fikri rədd etməsinə baxmayaraq, Tehranın nüvə silahı istehsal etməyə can atdığına şübhə etmədiyini bildirib.

Əlavə edək ki, nüvə bombası istehsalı üçün uranın 90 faiz zənginləşdirilməsi lazımdır. Lakin Qərb ekspertləri bildirir ki, uran 20 faiz zəngiləşdirildikdən sonra bu həddə çatmaq böyük səy tələb etmir. Tehran 20 faiz zənginləşdirilmiş urandan araşdırmalar üçün tibbi reaktorda istifadə ediləcəyini bildərərək, nüvə fəaliyyətlərinin dinc mahiyyət daşıdığına təkid edir.

İsrail baş nazirinin müavini Moşe Yalon bildirib ki, İran uzaqmənzilli raket hazırlayır. Bunda məqsəd hər hansı bir hücum zamanı ABŞ-ın hərbi obyektlərini vurmaqdır. Raketlər 10 min kilometr məsafədəki hədəfləri vurmaq imkanına malik olacaq. Onun sözlərinə görə, İranın nüvə silahlarının saxlanıldığı ehtimal olunan yeraltı sığınacaqlar kifayət qədər yaxşı qorunmur:“Ona görə də həmin ərazilər mümkün hərbi müdaxilələr qarşısında tab gətirməyəcək. Hətta hücum zamanı İran Silahlı Qüvvələrinin qərargahları, hissələri da hədəf alına bilər”.

ABŞ-ın nüfuzlu “Bipartisan Policy Center” təşkilatı İranla bağlı təkliflər paketi hazırlayıb. Sənəddə rəsmi Tehrana qarşı sanksiyaların sərtləşdirilməsi və hərbi əməliyyatlara hazırlıq görülməsi təklif olunur. ABŞ prezidenti Barak Obamaya ünvanlanmış hesabatda rəsmi Vaşinqtondan İran ərazisində kəşfiyyat-təxribat xarakterli fəaliyyətini gücləndirmək, Fars körfəzinə əlavə hərbi gəmilər göndərmək, müttəfiqləri ilə irimiqyaslı hərbi təlimlər keçirmək tövsiyə olunur.

İranın ali dini lideri ayətullah Əli Xameneyi isə cümə namazı zamanə yenə İsrail və ABŞ-ı hədəf alıb. Xameneyi televiziyada yayımlanan cümə çıxışında İranın nüvə fəaliyyətlərini dayandırması üçün beynəlxalq ictimaiyyətdən gələn təzyiqə boyun əyməyəcəyini söyləyib:“İranı təhdid etmək və İrana hücum etmək, Amerikaya və sionist İsrailə zərər verəcək. Sanksiyalar bizim nüvə fəaliyyətlərimizə təsir edə bilməz. Neft embarqosu və döyüş təhdidlərinə qarşı bizim də doğru zamanda gündəmə gətirəcək öz təhdidlərimiz var”.

İnformasiya şöbəsi