
Bir necə ömürlük məhbus yanvarın 31-dən etibarən aclıq aksiyasına başlayıb. Bu barədə ömrülük məhbusların yaxınlarından İnsan Hüquqları Klubuna məlumat verilib. Məhbusların əsas tələbi barələrində çıxarılmış məhkəmə qərarının dəyişdirilərək daha yüngül cəza təyin edilməsi və bu məqsədlə onlara qarşı sürülən ittihamlar üzrə yeni məhkəmə araşdırmasının keçirilməsidir.
İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov “Azadlıq”a açıqlamasında aclıq keçirənlərin ailələrinin onlara müraciət etdiyini söylədi: “Onların təhlükəsizliyi baxımından adlarını açqılaya bilmərik. Təşkilat olaraq Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə və Ali Məhkəməyə müraciətlər hazırlamışıq. Beynəlxalq təşkilatlarla və səfirliklərlə görüş təyin etmişik. Gələn həftə onlarla görüşüb, bu məsələni müzakirə edəcəyik. Üçüncü və daha praktik addım ondan ibarətdir ki, hazırda bir neçə vəkillə müzakirə aparırıq. Onlar ömürlük məhbusların cəzalarının yüngülləşdirilməsi və işlərinə yenidən baxılması ilə bağlı məhkəmə proseslərinə başlasınlar”.
Ramin DEKO


