Məhəmmədi sakinləri yolu bağladı

Üç gündür qazsız, işıqsız qalan sakinləri dinləyən yoxdur

Bakı kəndlərində artıq iki sutkaya yaxındır ki, elektrik və qaz problemi yaranıb. Məhəmmədi kəndində yaşayan bir qrup sakin etiraz əlaməti olaraq Pirşağı yolunu bağlayıb. Kənd sakinlərindən birinin “Azadlıq”a verdiyi məlumata görə, aksiya iştirakçıları şaxtalı havalarda evlərini qızdırmağın mümkün olmadığı üçün etiraza başlayıblar.
Yolu bağlayan kənd sakinləri evlərə elektrik enerjisinin verilməsini tələb edən şüarlar səsləndiriblər. Etiraz aksiyası baş verən əraziyə polis əməkdaşları da gəlib. Asayiş keşikçiləri də qəzəbli sakinləri durdura bilməyiblər. Onlar haqlarını tələb edirlər.
Etirazçılar bildirirlər ki, vaxtı-vaxtında kommunal haqlarını ödəyirlər: “Üç gündür ki, evlərimizdə işıq, qaz yoxdur. Ancaq bizim haqqımızı tanıyan yoxdur. Işıq, qaz pulunun vaxtı tamam olan kimi qapıları az qala sındırırlar. Bəs nədən işıq vermirlər? Yenə yay olsaydı bir təhər dözərdik. Qışın, çovğunun bu vaxtında dözmək çətindir. Imkanı olanlar odun sobası alıblar. Evimizin içində donuruq. Bizə niyə zülm edirlər. Bütün qurumlara müraciət etmişik. Diqqət edən yoxdur. Haqqımızı tələb edəndə deyirlər ki, stansiya partlayıb. Nəsə bir qəza baş veribsə, bunun bizə nə dəxli var? Problemlərini özləri həll etsinlər”. Aksiya iştirakçıları axşama doğru dağılışıblar. Yazı çapa gedərkən kənd sakinlərindən öyrəndik ki, hələ də işıq, qaz problemi həll olunmayıb. “Sabah da (bu gün – red.) qazsız, işıqsız qalsaq aksiya keçirəcəyik” deyə qeyd etdilər.

Ramin DEKO