Fransa Azərbaycan hakimiyyətini qorxudub

Bu ölkənin mediasında gedən tənqidi reportaj Ilham Əliyevə mesaj kimi dəyərləndirilir

Fransanın “Frans Press” xəbər agentliyi və “France 24” kanalında Azərbaycanın bu ilin mayında Bakıda keçiriləcək ”Eurovision” musiqi yarışmasına hazırlıqla bağlı reportaj Azərbaycan hakimiyyətinin narahatlığına səbəb olub. Xatırladaq ki, reportajda yarışmanın keçiriləcəyi konsert zalının tikintisi və inşaat işlərinin aparıldığı ərazidə yaşayan insanların evlərindən köçürülməsinə toxunulub.
Qeyd olunub ki, ötən ilki yarışmanın qalibi olan Azərbaycanda bu il baş tutacaq musiqi festivalının hazırlıq mərhələsində işlər bir o qədər də ürəkaçan deyil. Çünki konsert zalının inşa olunduğu ərazilərdə yaşayan insanların mülkiyyət hüquqları kobudcasına pozulur: “Insan haqları müdafiəçiləri konsert kompleksinin ətrafındakı evlərin mülk sahiblərinin razılığı alınmadan, haqları ödənilmədən sökülməsi halları baş verib”.
Reportajda daha sonra qeyd olunur ki, vətəndaş cəmiyyətinin fəalları və hüquq müdafiəçiləri ərazidə yaşayan insanların paytaxtın rəsmi dairələrinin tapşırığı ilə məmurların zorakı üsullarıyla evlərindən çıxarıldıqlarını bildirib.
Indiyə qədər Fransa mediasında Azərbaycan hakimiyyətinin maraqlarına cavab verməyən material yayımlanmayıb. Bu Əliyevlərin Fransa ilə özəl əlaqələri ilə izah edilir. Elə bu baxımdan da Əliyevlər bu reportajdan ciddi narahat olublar. Reportajın Fransa-Türkiyə münasibətlərinin gərginləşməsindən sonra yayımlanması Ilham Əliyevə xəbərdarlıq kimi dəyərləndirilir. Doğrudur, bu məsələdə Ilham Əliyev hələ ki, susur. O, Fransa Senatının məlum qərarına münasibət bildirməyib. Lakin iqtidar düşərgəsində Fransanın əleyhinə fikirlər eşidilir. Mümkündür ki, Fransa hətta hökumətin 3-cü 4-cü dərəcəli təmsilçilərinin susmasını istəyir. Ilham Əliyev susub, digərlərinin danışmasını ikili oyun kimi qiymətləndirir və bu baxımdan da ölkə başçısına yerini göstərməyə çalışır.

Azad