Bakı aeroportunu fəaliyyətini tədricən bərpa edir. Gecə saat 02:05-də aeroport hələ fevralın 2-də saat 19:05-də Bakıyda enməli olan Praqadan gələn aviareysi qəbul edə bilib. Daha sonra saat 08:40-da əks istiqamətdə, Bakı-Praqa aviareysi yerinə yetirilib.
Hazırda hava limanında Bakıdan Dubaya, Moskvaya, İstanbula, Kiyevə və Surquta olan aviareyslərə qeydiyyat aparılır.
Buna baxmayaraq, bu gün yerinə yetirilməsi planlaşdırılan Bakı-Paris və Bakı-Milan aviareysləri, həmçinin Bakı-Gəncə və Bakı-Naxçıvan aviareysləri təxirə salınıb.
***
Azərbaycanda hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyəti iflic olub.
Hava limanından «APA-ECONOMICS»ə verilən məlumata görə, hazırda Azərbaycan paytaxtından heç bir aviareys yerinə yetirilmir və Bakı aeroportunun qəbul etməli olduğu aviareyslər yerinə yetirən bir neçə təyyarəni Gəncə Beynəlxalq Hava Limanı qəbul edib: «Bakıdan Tbilisiyə, Dohaya, Dubaya, Vyanaya, Xantı-Mansiyska, Moskvaya, Yekaterinburqa, Daşkəndə, İstanbula, Bişkekə, Londona, Aktauya, Tehrana yerinə yetirilməli aviareyslər təxirə salınıb. Nijni-Novqorod və Yekaterinburqdan Bakıya uçan iki təyyarə isə paytaxtda hava şəraitinin əlverişsiz olması səbəbindən Gəncə hava limanına enib».
Aeroportdan qeyd olunub ki, hazırda Bakı aeroportu heç bir aviareys üzrə təyyarələrin uçuş və enməsini həyata keçirmir.


