Bəxtiyar Sadıqov dövlət qurumlarını suçladı

“Sanki heç bir hazırlıqları yoxdur və hələ qış gəlməmiş nikbin bəyanatlar verən də bunlar deyilmiş”

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qışa hazırlıqla bağlı işinin öhdəsindən gəlməyən dövlət qurumlarını tənqid edib. O, “Media forum”a açıqlamasında konkret ad çəkmədən deyib ki, nədənsə bəzi qurumlar üçün qar, çovğun, yolların sürüşkən olması həmişə gözlənilməz problem xarakteri daşıyır. “Sanki heç bir hazırlıqları yoxdur və hələ qış gəlməmiş nikbin bəyanatlar verən də bunlar deyilmiş. Onların öz işlərinin öhdəsindən gəlməmələri bizim üçün problemlər yaradır. Küçələrdə bir dənə də texnika, qumsəpən maşın görünmür”, – deyə B.Sadıqov bildirib.
Rəhbərlik etdiyi qəzetin işində fasilə yaranıb-yaranmadığına gəlincə, baş redaktor deyib ki, qəzetdə iş dayanmayıb. O bildirib ki, qarlı-çovğunlu günlərdə redaksiya xüsusi iş rejiminə keçir: “Gələ bilməyənlər materialları evdən yazıb internetlə göndərirlər, gecə növbəsinə redaksiyanın yerləşdiyi əraziyə yaxın ünvanlarda yaşayan əməkdaşlarımız qalır, uzaqda yaşayanları redaksiyamızın avtomobilləri aparıb yola salır. Yəni redaksiyadaxili bütün problemləri həll edə bilirik. Ancaq işıq sönsə, mətbəə işləməsə, işimiz yarımçıq qalacaq”.