Mehriban Vəzir: «Bu hökumət kommunist təfəkkürlü, Rəsulzadəyə zidd olan bir sistemin tör-töküntüləridir»
Xaliq Bahadır: «Rəsulzadə demokratların lideridir, indi hakimiyyətdə oturanların yox»
Şərqdə ilk demokratik Cümhuriyyət quran Məhəmməd Əmin Rəsulzadənin dünən doğum günü idi. Hər il olduğu kimi bu dəfə də demokratik düşərgənin nümayəndələri milli öndərin dünyaya gəlişinin 128 illiyi ilə əlaqədar onun doğma kəndi – Novxanıdakı abidəsi önünə toplaşdılar. Ancaq əfsuslar olsun ki, hökumət səviyyəsində Rəsulzadə yenə yad edilmədi. Ötən gün ADR-in qurucusu ilə bağlı hökumət səviyyəsində heç bir tədbir keçirilmədi. M.Rəsulzadəyə qısqanclığın kökündə nə dayanır, bu, haradan qaynaqlanır?
Ictimai Palatanın Koordinasiya şurasının üzvü Mehriban Vəzir Rəsulzadənin demokratiya, söz azadlığı təmsilçisi olduğunu söyləyir: “Bu hökumət isə indiyə qədər yürüyüb gələn kommunist təfəkkürlü, bir sözlə, Rəsulzadəyə zidd olan bir sistemin tör-töküntüləridir. Bu da təbiidir. Ona görə də bu hakimiyyət Rəsulzadəyə düşmən gözüylə baxır”.
Publisist Xaliq Bahadır hakimiyyətin belə bir addım atmasına təəccüblənmədiyini dilə gətirdi: “Burada təəccüblü heç nə yoxdur. Rəsulzadə ilə indiki hakimiyyətin ideologiyası, qurduqları sistemlər, düşüncələr ayrı-ayrıdır. Rəsulzadə demokratların lideridir, indi hakimiyyətdə oturanların yox”.
Ramin DEKO


