Putinlə bağlı ABŞ kəşfiyyatının qorxulu məlumatı

“Putin prezidentliyə qayıtdıqdan sonra özünə xas xarici siyasəti davam etdirəcək”

ABŞ Milli Kəşfiyyat xidmətinin rəhbəri Ceyms Klepper Putinin gələcək siyasətinə və Rusiya ordusunun vəziyyətinə dair şərhlər verib. Onun fikrincə, Putin prezidentliyə qayıtdıqdan sonra özünə xas xarici siyasəti davam etdirəcək. ABŞ-a qarşı etimadsızlıq saxlanılacaq, Rusiya Suriya və İrandakı mövqelərindən imtina etməyəcək.

Klepper: “Biz ehtimal edirik ki, Putinin qayıdışı əvvəlki kursun qalması deməkdir. Ən azı qarşıdakı ildə daxili və xarici siyasətdə dəyişikliklər gözlənilmir.”

Öz nitqində Klepper qeyd edib ki, Putin Rusiya elitasının iqtisadi maraqlarını qorumağa davam edəcək. “İdarə olunan demokratiya” və “klan kapitalizmi” indi sınaq mərhələsini keçir. Rusiya hakimiyyəti əhalinin etirazlarını sakitləşdirmək üçün rifahın yüksəldilməsi barədə vədlər verir. Rusiya iqtisadiyyatının indiki zəif artım templərində bu real görünmür.

“Rusiya ordusuna heç bir islahat kömək edə bilməyəcək”

Klepper hesabatında Rusiya ordusunun son son illərdəki islahatlarına da toxunub. Ordudakı islahatlar bürokratik maneələr və maliyyə çatışmazlığı ilə üzləşəcək. Rusiya postsovet məkanında müasir silahlanmış ordu yaratmağa müvəffəq olsa da, NATO ordusu ilə rəqabət apara bilməyəcək.