Pakistan Xocalı soyqırımını tanıdı

Pakistan Islam Respublikası Senatının Xarici Əlaqələr Komitəsi fevralın 1-də “Pakistan – Azərbaycan münasibətləri” ilə bağlı dinləmələrdən sonra Azərbaycan Respublikasının ərazisinin 20 %-nin işğalı və ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı yekdilliklə qətnamə qəbul edib.
Azərbaycan XIN-in mətbuat xidməti sənədin mətnini yayıb: Xarici Əlaqələr Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyir. Komitə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edir, beynəlxalq ictimaiyyəti Ermənistanı bu qərarları yerinə yetirməyə səsləməyə çağırır. Beynəlxalq ictimaiyyət bu Soyqırım üçün məsuliyyət də müəyyən etməlidir.
Pakistan senatorlarının qəbul etdiyi sənədi şərh edən Azərbaycan XIN-in rəsmi nümayəndəsi Elman Abdullayev qeyd edib ki, Xocalı soyqırımına bütün beynəlxalq ictimaiyyət ədalətli hüquqi qiymət verməlidir və bu istiqamətdə səylər davam etdirilir. Xatırladaq ki, ötən ilin sonlarında Meksika Senatı və Milli Assambleyası da Xocalı soyqırımını tanıyıb.