«Heç olmasa bir qulağınızı açıb ittiham olunan tərəfi də dinləyin…»
Nemət Pənahlının xanımı Həcər Pənahlı “Media forum” saytına açıqlama verərək Penitensiar Xidmətin ünvanına ittihamlar səsləndirib. H.Pənahlı bildirib ki, 20 gün əvvəl Penitensiar Xidmətə müraciət edərək Nemət Pənahlıya vəziyyəti olduqca ağır olan atası ilə vidalaşmaq üçün 1-2 saatlıq icazə verilməsini istəyiblər. Lakin qurumdan heç bir cavab gəlməyib və N.Pənahlının atası rəhmətə gedib.
Penitensiar Xidmətə növbəti dəfə müraciət edən ailə bu dəfə də N.Pənahlıya dəfndə iştirak üçün şərait yaradılmasını xahiş edib. Lakin qurumdan yenə də müsbət bir cavab gəlməyib. Üzərindən 17 gün keçəndən sonra, yəni yanvarın 30-da Penitensiar Xidmət N.Pənahlının evinə məktub göndərib: “Yanvar ayının 30-u axşam saat 8 radələrində qapımızı döyüb bizə bir məktub verdilər. Penitensiar Xidmətdən gələn məktubda yazılır: ”Hörmətli, Səməd müəllim, sizin 13.01.2012-ci il tarixli ərizənizə baxdıq (Neməti atası ilə görüşdürməklə bağlı verilən ərizə). Xahiş edirik bu məsələ ilə bağlı cəzaçəkmə müəssisəsinin müdiriyyətinə müraciət edəsiniz”.
Açıqlamasını Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciətlə davam etdirən Həcər Pənahlı bunları əlavə edib: “Yanınıza ilk dəfə şikayətə gələndə mənə də, mətbuata da bir cavab verdiniz: ”Nemət Pənahlı daxili intizamı pozur və ona görə də cəzalandırılır”. Nemət Pənahlı ən pis halda bu günahı boynuna götürə bilər və adi bir təcridxananın intizamını pozmuş olar. Bəs siz? Qarşınıza qoyduğum bu faktlarla bütöv bir ölkənin daxili nizamını hansı haqla pozursunuz? Sizmi səlahiyyətinizdə olan şeyləri bilmirsiniz, ya sizə tabe olan işçiləriniz dünyadan xəbərsizdir? Bu nə ilə əlaqədardır ki, sizə ərizə yazdığımız gün cəzaçəkmə müəssisəsinin rəisinə də ərizə yazdığımızdan xəbəriniz yoxdur? Adam rəhmətə gedəndən 20 gün sonra işçiləriniz bizə ərizəmizi cəzaçəkmə müəssisəsinin rəisinə yazmağı tövsiyə edirlər. Cənazəmizi ortalıqda qoyub hər vəchlə sizinlə əlaqə yaratmağa çalışanda katibiniz Vüqar müəllim bizə dedi ki, mənim generala məruzə etməyə vaxtım yoxdur. “Bəs sabah?” soruşduq. “Sabah da olmayacaq, birisigün də” dedi.
Indi mənim qayınanam xəstəxanada can çəkişir. Amma mən sizə artıq müraciət etmirəm. Mən müraciətimi sizi bu günə salan rejimə edirəm. Böyük Isgəndərin belə bir adəti varmış. Həmişə məhkəmələrdə bir qulağını bərk-bərk qapayarmış. Günlərin birində ondan bunun səbəbini soruşurlar. Belə cavab verir: “Qapadığım qulağımı ittiham olunanı dinləmək üçün saxlayıram”. Mənim yox, böyük Isgəndərin tövsiyəsinə qulaq asın. Heç olmasa bir qulağınızı açıb ittiham olunan tərəfi də dinləyin ki, bu məmləkətin qəhrəmanları yalnız cinayətkarlardan ibarət olmasın. Çünki bir məmləkətin cinayətkarlarını qəhrəmana çevirmək o məmləkətə ən böyük xəyanətdir. Bu mənim sözüm deyil, rəhmətlik Heydər Əliyevin sözüdür. Bəs görəsən, bir ölkənin azadlıq mücahidlərini xuliqan kimi təqdim etmək nədir?”.