Mütəllibov axtarışda olan cinayətkarların siyahısında

Araz Əlizadə: «Bu illər ərzində gizlənmişdi ki, ona axtarış elan ediblər?»

Sosial Demokrat Partiyasının həmsədri, keçmiş prezident  Ayaz Mütəllibovun cinayətkar kimi axtarışda olduğu üzə çıxıb. Məlum olub ki, onun şəkli polis məntəqəsinin qarşısındakı axtarış lövhəsindədir. Lövhə Səbayel Rayon Polis Idarəsinin 8-ci bölməsinin 2 saylı inzibati sahəsində qoyulub.
Ayaz Mütəllibovunÿ şəklinin yanında onun doğum tarixi, adı, soyadı, atasının adı və axtarışda olduğu maddələr yazılıb. Mütəllibovun adı qəsdən adam öldürməyə cəhd, soyğunçuluq, dələduzluq, oğurluq və digər maddələrlə təqsirli bilinərək axtarışa verilən şəxslərin adları ilə eyni sırada verilib.
Sosial Demokrat Partiyasının digər həmsədri Araz Əlizadə isə A.Mütəllibova qarşı bu addımı bürokratik əngəl kimi qiymətləndirib: “Ayaz müəllim bu neçə illər ərzində gizlənmişdi ki, ona axtarış elan ediblər? Ayaz müəllim Moskvada yaşayır, onun pasport qeydiyyatı var idi. Qeydiyyatda olduğu mənzildə yaşayır. Bu cür şeylərin mənasını görmürəm”.    
Mütəllibovun adının həmin lövhədən çıxarılması üçün müraciət edib-etməyəcəklərinə gəlincə, A.Əlizadə bildirdi ki, bu məsələ “Eks-prezidentlər haqqında” qanunun qəbulundan sonra həllini tapacaq: “Prezident qanunu imzalayandan sonra Ayaz Mütəllibovun adı avtomatik olaraq oradan çıxacaq”.
Xatırladaq ki, “Eks-prezidentlər haqqında” qanun layihəsi ötən ilin oktyabrında Milli Məclisin birinci oxunuşundan keçib. Bu qanunun tələbləri də Ayaz Mütəllibovun Bakıya gəlməsinə imkan verir.