Müsavatçı gənclərə 3 sutka həbs verildi

İctimai Palata Tural Hacıbəyli və Amid Süleymanovun qanunsuz həbsi ilə bağlı bəyanat yayıb

Müsavat Partiyası Gənclər Təşkilatının üzvləri Tural Hacıbəyli və Amid Süleymanov yanvarın 31-də Iranın Bakıdakı səfirliyinin önündə saxlanılaraq 9-cu polis bölməsinə aparılıb. Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı dünən “Media forum”a bildirib ki, Axundov bağının yaxınlığındakı kafelərin birində Azərbaycan Demokratik Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə əlaqədar ziyafət verilib. Ziyafətdə T.Hacıbəyli və A.Süleymanov da iştirak edib. Tədbir qurtarandan sonra evə gedən gəncləri polis Iran səfirliyinin qarşısında saxlayaraq 9-cu polis bölməsinə aparıb: “Polis bölməsindən bizə bildiriblər ki, guya gənclər içkili halda səfirliyin binasına girməyə cəhd ediblər, polis də onların qarşısını alıb”.
S.Soltanlı qeyd edib ki, yanvarın 31-i axşamdan polis bölməsində saxlanan gənclərin işi məhkəməyə verilib.
Iş üzrə dünən Səbayel Rayon Məhkəməsində keçirilən iclasda isə gənclərin hər birinə 3 sutka inzibati həbs cəzası verilib. Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli “Media forum”a bildirib ki, hakim Fuad Hüseynov prosesi qapalı keçirib.
Tural Hacıbəyli və Amid Süleymanovun 3 sutka azadlıqdan məhrum edilməsilə bağlı dünən Ictimai Palata etiraz bəyanatı verib. Bəyanatda deyilir:ÿ”Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə gənclər təşkilatlarının təşkil etdiyi bayram tədbirindən qayıdarkən saat 22-23 radələrində Müsavat Partiyası fəalları Tural Hacıbəyli və Amid Süleymanov Iran səfirliyinin qarşısında polis tərəfindən saxlanılıb.ÿ
Verilən məlumatlara görə, gənclər səfirliyin qarşısından keçərkən külək onların əllərində olan kağızları uçurub. Kağızlar səfirliyin qapısına tərəfə uçduğuna görə gənclər oraya yaxınlaşıb kağızları götürmək istəyiblər. Bu an böyük ehtimalla onları izləyən polislər gənclərin bu hərəkətinin qeyri-qanuni olduğunu bildirərək onları saxlayıb və Səbayel rayon 9-cu polis bölməsinə aparıblar. Bu zaman polis və gənclər arasında heç bir mübahisə olmayıb, onları polis maşınına dəvət edərkən digər gənclər də onlarla bərabər maşına minmək istəyiblər. Polislər gənclərlə profilaktik söhbət etmək istədiklərini və sonra onları sərbəst buraxacaqlarını bildiriblər. Sonradan isə gənclər 9-cu polis bölməsinə aparılıb, onların xırda xuliqanlıq etdiyi və polisə tabe olmadığı haqqında məlumat verilib. Bu barədə saxlanılanların ailələrinə polis tərəfindən heç bir məlumat verilməyib.ÿ Fevralın 1-də məhkəmə növbəti dəfə siyasi sifariş yerinə yetirərək Tural Hacıbəyli və Amid Süleymanova 3 sutka həbs cəzası verib”.
Ictimai Palata bəyanatda gənclərə qarşı belə qanunsuz hərəkətlərin həyata keçirilməsini qətiyyətlə pisləyir və  onların azad olunmasını tələb edir.