“Ya bizimlə birgə Suriya xalqının yanındasınız, ya da törədilən cinayətlərin ortağı olacaqsınız”
Rusiya və Çin bu dəfə də BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qərarına əngəl oldu
Suriyada gərginlik davam edir. Ötən gün paytaxt Dəməşqdə hökumət qüvvələri ilə ordudan yayınaraq müxaliflərin tərəfinə keçmiş hərbçilər arasında şiddətli döyüşlər gedib. Səqbə rayonunda baş verən toqquşmalarda azı 7 nəfərin öldüyü bildirilir. Yerli Koordinasiya Komitəsindən verilən məlumata görə, paytaxtın müxtəlif istiqamətlərində yaşanan döyüşlər zamanı ümumilikdə 28 nəfər öldürülüb.
Həvəskar çəkilən görüntülərdə şəhərdə tankların və digər hərbi texnikanın hərəkəti öz əksini tapıb. Hökumət qüvvələri üsyançılara qarşı Zəməlkə və Ərbin rayonlarında da ciddi əməliyyatlara başlayıb. Bundan əlavə, Rənkus rayonunda da partlayış səsləri eşidilib. Baba Əmr şəhərində isə neft kəmərinin partladıldığı bildirilir.
Bu arada, BMT Təhlükəsizlik Şurasında Suriyadakı vəziyyətlə bağlı keçirilən görüşlər və aparılan müzakirələr yenə də nəticəsiz başa çatıb. Bu dəfə də Təhlükəsizlik Şurasında veto hüququ olan Rusiya və Çin Ərəb Ölkələri Liqasının hazırladığı və başda ABŞ olmaqla, Qərb dövlətlərinin dəstəklədiyi “Yol xəritəsi”nə qarşı çıxıb.
Rusiya və Çinin qarşı çıxdığı layihə Suriyada demokratik və plüralist siyasi sistemin qurulmasına gətirib çıxaracaq siyasi keçid müddətinin müəyyənləşdirilməsi, Bəşər Əsədin bu keçid dövründə bütün səlahiyyətlərini müavininə təhvil verməsi nəzərdə tutulub.
BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən ABŞ dövlət katibi Hillari Klinton Bəşər Əsəd rejimini dəstəkləyənlərə sərt mesaj ünvanlayıb: “Ya bizimlə birlikdə Suriya xalqının yanındasınız, ya da zorakılıqların davam etdirilməsilə törədilən cinayətlərin ortağı olacaqsınız”.
ABŞ dövlət katibinin bu mesajı Əsəd rejiminə qarşı sərt addımların əleyhinə çıxan Rusiya və Çinə ünvanladığı şübhə doğurmur. Klinton həmçinin yaxın günlərdə Əsəd rejiminə mesaj verəcək bir qərar layihəsinin qəbulu üçün səylərin artırılacağını da əlavə edib.
ABŞ yetkilisi çıxışında Suriyadakı milli azlıqlara da səslənib: “Hamımızın bir seçim şansı var. Yaxın Şərqdə baş verənlər təhlükəlidir. Dağılan iqtisadiyyat, artan etnik-dini qarşıdurmalar və qeyri-sabitlik regionu böhrana sürükləyir. Əsəd rejiminin törətdiyi əməllər, xüsusilə, Suriyadakı azlıqların vəziyyətilə bağlı narahatlıqlar artıb. Əsəd və onun ətrafı Suriyada etnik və dini qrupları bir-birinə qırdırmaq üçün çox çalışır, vətəndaş müharibəsi təhlükəsini qızışdırır. Əsədin bütün bunlardan istifadə edərək, ölkəni böhrana sürükləməsinə icazə verməyin”.
Ərəb Ölkələri Liqasının layihəsinin dəstəklənməsinin vacibliyini vurğulayan Hillari Klinton Suriyaya hərbi müdaxilə variantının gündəmdə olmadığını söyləyib. Dövlət katibi xatırladıb ki, Ərəb Ölkələri Liqası aramsız diplomatik cəhdlər göstərib, Suriyaya müşahidəçilər göndərib və Bəşər Əsədə zorakılıqları dayandırmaq üçün dəfələrlə şans verib. Amma Liqanın hesabatından da göründüyü kimi, Suriya rəhbərliyi verdiyi vədlərə əməl etməyib və zorakılıqları artırıb.
“ABŞ olaraq, Ərəb Ölkələri Liqasının Suriya hökumətindən tələb etdiklərinə BMT Təhlükəsizlik Şurası tərəfindən dəstək verilməsində israr edirik. Əsəd rejimi zorakılığa son qoymalı, həbs etdiyi hər kəsi sərbəst buraxmalı, əsgərlərini şəhərlərdən çəkməli, humanitar yardım işçilərinə, müşahidəçilərə və jurnalistlərə ölkəyə giriş haqqı verməlidir. Ərəb Ölkələri Liqasının təklif etdiyi, Suriyadakı qurumların və ölkə birliyinin qorunacağı siyasi keçid planı dəstəklənməlidir. Suriyada dəyişiklik zamanı gəlib. Əsəd rejiminin terror dövrü sona çatacaq”, – deyə Hillari Klinton bildirib.
Veto hüququ olan Rusiya və Çin iclasdan sonra da mövqeyini dəyişməyərək, Suriyada rejim dəyişikliyini nəzərdə tutan planların qarşısında dayanacaqlarını bəyan ediblər. Ingiltərənin xarici işlər naziri Vilyam Hoque və onun fransalı həmkarı Alan Jüpe Ərəb Ölkələri Liqasını dəstəklədiklərini və Suriyada hakimiyyət dəyişikliyini nəzərdə tutan “Yol xəritəsi”nin lehinə olduqlarını bildirib.
Elxan



