Əliyevlər həm Davudoğluya “yox” deyir, həm də təşəkkür tələb edir
«Yeni Azərbaycan»dakı növbəti məqalədə Hillari Klintona da «daş» atılıb
Azərbaycan-Türkiyə münasibətlərində gərginlik davam edir. Fransa Senatının məlum “inkar qanunu”na Azərbaycan hakimiyyətinin cəsarətsiz reaksiyası və bunun Türkiyəni qane etməməsi YAP iqtidarının Ankaraya hücuma keçməsinə səbəb olub. Ötən həftə “Yeni Azərbaycan” qəzeti Türkiyənin ünvanına sərt ittihamlar səsləndirmişdi. Qəzet bu missiyanı davam etdirir. “Yeni Azərbaycan”ın dünənki sayında növbəti dəfə Türkiyənin ünvanına sərt fikirlər yer alıb. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna cavab olan “Türkiyə, Fransa və ATƏT-in Minsk Qrupu” başlıqlı yazıda əvvəlcə Fransanın Minsk Qrupunun həmsədrliyinə necə üzv olması xatırladılır. Bu yerdə qeyd edək ki, Əhməd Davudoğlu yaxın günlərdə CNN Türk kanalına müsahibəsində Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyində qalmasının qeyri-mümkünlüyünü bildirərək, Türkiyənin isə yeni həmsədr qəbul olunmasını təkid edib.
Bu məsələdə maraqlı görünməyən Azərbaycan hakimiyyəti isə hər vəchlə sübut etməyə çalışır ki, Türkiyə mövqeyində səhvdir. Sözügedən məqalədə yazılır ki, Fransanın Minsk Qrupunun həmsədrliyinə üzv olması nə Azərbaycanın, nə də Türkiyənin iradəsi ilə baş verib. Digər tərəfdən Azərbaycan hər zaman Türkiyənin Minsk Qrupuna həmsədr seçilməsini dəstəkləsə də, Ermənistanın etirazı ilə üzləşib, digər üzv dövlətlərin lazımi dəstəyini qazana bilməyib. Bu yerdə Azərbaycan hakimiyyətinin xarici siyasətindəki uğurlardan danışması başadüşülən deyil.
Məqalədə daha sonra Rusiya nümunə gətirilir: “Türkiyədən fərqli olaraq, Rusiya diplomatik və hərbi imkanlarını səfərbər edərək güclər tarazlığında öz diktat mövqeyini Avropaya qəbul etdirmişdir”.
Daha sonra Əhməd Davudoğlunun iddiasının əsassız olduğu diqqətə çatdırılır və Türkiyə bir növ təhdid edilir: “Türkiyə Minsk Qrupu məsələsini qaldıranda buna daha geniş bir prizmadan yanaşmalı, onun real həyata keçirilmə ehtimalını düzgün dəyərləndirməlidir. Türkiyənin təsir imkanlarının məhdudluğu, onun ATƏT çərçivəsində daha çox təcrid olunması riskini artırır”.
Hakimiyyət “inkar qanunu” məsələsində Türkiyənin Qarabağ məsələsini gündəmə gətirməsini də istəmir. Türkiyəyə tövsiyə edilir ki, bu ölkədə fəaliyyət göstərən fransız şirkətlərindən təzyiq vasitəsi kimi yararlansın: “Hazırda Türkiyə ərazisində 960 fransız şirkəti fəaliyyət göstərir. Yeni fransız şirkətlərinin Türkiyəyə axını prosesi davam edir. Təkcə 2011-ci ildə 90 yeni fransız şirkəti sərmayə yatırmışdır. Bu, əlbəttə, rəsmi Ankaraya geniş təsir imkanları verir. Lakin yaranan təəssürat odur ki, hökumət bu imkanlardan yararlanmaq istəmir, sadəcə Fransanın bəzi siyasi təsir imkanlarına zərbə vurmağa çalışır. Bunun hansı sonluqla nəticələnməsini zaman göstərəcək. Lakin Ermənistana qarşı sərt mövqe daha konkret nəticələrə gətirib çıxara bilər”.
Azərbaycan iqtidarı Ərdoğan hakimiyyətini qətiyyətsizlikdə suçlamaqdan da çəkinməyib: “Bu gün Türkiyənin qətiyyətsiz mövqeyi Ermənistan rəhbərliyini ruhlandırmış, onun çətin durumuna baxmayaraq, qeyri-real iddialarını davam etdirməyə sövq etmişdir”.
Bu yazıda da Türkiyəyə Xocalı soyqırımı xatırladılır. Və Türkiyədə erməni jurnalist Hrank Dinkin qətlini pisləyən aksiyalara eyham edilərək faciənin bu ilki ildönümündə “hər birimiz Xocalılıyıq” şüarı altında aksiya keçirilməsini məsləhət görür və bu addım ermənilərin qeyri-insani hərəkətlərinə verilən ilkin qiymət kimi dəyərləndirilir.
Maraqlıdır ki, bu qədər ittiham və qınaqdan sonra Azərbaycan hakimiyyəti Türkiyədən təşəkkür də tələb edir. Eyni zamanda ABŞ-ın da bostanına daş atır: “Azərbaycanın Türkiyəyə dəstəyi həm rəsmi bəyanatlarla, həm də real əməllərlə müşahidə olunur. Lakin bu günə qədər rəsmi Ankaradan heç bir təşəkkür sözləri eşidilməyib. Əksinə bəzi qəzetlər Azərbaycana qarşı tənqidi münasibət göstərməkdə davam edirlər. Əhməd Davudoğlu ABŞ-ın dövlət katibi Hillari Klintona zəng edib, ifadə etdiyi mövqeyə görə, təşəkkürünü bildirir. Bu, əlbəttə, diplomatiyada normal qarşılanmalı, lakin xanım Klintonun nə dərəcədə səmimi olması yaddan çıxarılmamalıdır. Bu gün Türkiyəni qəti və səmimi olaraq dəstəkləyən yeganə ölkə Azərbaycandır. Bunu hər kəs bilməlidir”.


