“Guardian”: “O, Azərbaycan diktatoru İlham Əliyevlə görüşüb…”
Britaniya mediasının ən tirajlı qəzetlərindən biri “The Guardian” növbəti dəfə York Hersoqu, şahzadə Endryunu öz ölkələrində insan haqlarnı pozan diktatorlarla yaxın ilişkisinə görə tənqid edib. Qəzetin “Şahzadə Endryunun ticarət missiyaları ilə bağlı suallar” başlıqlı məqaləsində qeyd olunur ki, Böyük Britaniya hökuməti şahzadənin son 6 ay ərzində hansı səbəblə 4 dövlət başçısı ilə görüşdüyünə və hökumətin ticarət missiyasını həyata keçirdiyinə dair izahat verməlidir.
“The Guardian” əlavə edir ki, şahzadə Endryunun Britaniyanın xüsusi ticarət nümayəndəsi vəzifəsinə hələ 6 ay öncə xitam verilib. York hersoqu uşaqbazlıqda təqsirləndirilən Cefri Epşteynlə dostluğu və Liviya diktatoru polkovnik Müəmmər Qəzzafi kimi rəhbərlərlə biznes əlaqələrinə görə tənqid olunduqdan sonra, ötən ilin iyulunda Britaniyanın xüsusi ticarət nümayəndəsi rolundan imtina etmişdi. Lakin saray sənədlərindən məlum olur ki, xüsusi ticarət nümayəndəsi rolunu artıq daşımadığına dair elandan sonra belə şahzadə Endryu Britaniya hökumətinin ixrac mexanizminin əsas fiquru olaraq qalıb. Səudiyyə Ərəbistanı və Çində Britaniya Biznes Nazirliyinin Ticarət və Sərmayə qolu üçün 17 görüş keçirib.
“The Guardian” daha sonra yazır ki, bundan başqa York Hersoqu Əbu Dabi şahzadəsi, Malayziya baş naziri, Panama və Monqolustan prezidentlərilə də görüşüb. Qəzet şahzadə Endryunun Bəhreyn kralı ilə ötən ilin dekabrında keçirdiyi görüşə toxunaraq “Human Rights Watch” təşkilatının Bəhreyndə insan haqları ilə bağlı son hesabatlardan birində bu ölkədə insan haqlarının ciddi pozulması, dinc nümayişçilərə qarşı aşırı gücdən istifadə, zorakı həbslər və saxlanmalar, işgəncə və tutulanlarla pis rəftarını xatırladır. Belə bir ölkənin rəhbəri ilə görüşə görə də şahzadə Endryu tənqid olunur.
“The Guardian” ötən həftə baş tutmuş Davos iqtisadi forumunda iştirak edən şahzadə Endryunun bir neçə ölkənin rəhbəri ilə görüşməsini də yada salıb. “Diktatorlarla görüş” adı verilən bölmədə qeyd olunur ki, zirvə görüşünün gedişatı zamanı şahzadə Endryu Britaniya ticarət nümayəndə heyətləri üçün ziyafət verib: “O, həmçinin indoneziyalı biznesmenə şam ziyafəti verib və Azərbaycan diktatoru İlham Əliyevlə görüşüb”.
Hökumət rəsmilərindən biri “The Guardian”a deyib ki, şahzadə Endryunun ticarət nümayəndəsi kimi rolunu davam etdirməsi Britaniya hökumətinin şahzadənin avtoritar ölkələrdə nüfuzuna ehtiyacını əks etdirir. Mənbə bunu avtoritar liderlərin vəzifədə tez-tez əvəzlənən nazirlərlə deyil, davamlı olaraq eyni şəxslə görüşmək istəməsilə izah edib.
Qəzet xatırladır ki, şahzadənin ticarət elçisi kimi fəaliyyəti əvvəllər də sərt tənqid olunub. “Çünki Yaxın Şərq və Şimali Afrika ölkələrini bürüyən “ərəb baharı”ndan az sonra, şahzadə yenicə devrilmiş Tunis diktatoru Zeynalabdin Ben Əlinin kürəkənini Bukkingem Sarayında nahara dəvət etmişdi.
Ötən il isə Endryu nümayişçilərə işgəncə verməkdə ittiham olunan avtoritar rejimin hökm sürdüyü Azərbaycanda Britaniyanın biznesi üçün millət vəkilinə lobbiçilik edib”, -deyə qəzet bildirir.
Siyasət şöbəsi