“Azərbaycanda bu il baş tutacaq festivalın hazırlıq mərhələsində işlər ürəkaçan deyil”
Fransanın “Frans Press” xəbər agentliyi və “France 24” kanalında Azərbaycanın bu ilin mayında Bakıda keçiriləcək “Eurovision” musiqi yarışmasına hazırlıqla bağlı reportaj yayımlanıb. Reportajda yarışmanın keçiriləcəyi konsert zalının tikintisi və inşaat işlərinin aparıldığı ərazidə yaşayan insanların evlərindən köçürülməsinə toxunulub.
Qeyd olunur ki, ötən ilki yarışmanın qalibi olan Azərbaycanda bu il baş tutacaq musiqi festivalının hazırlıq mərhələsində işlər bir o qədər də ürəkaçan deyil. Çünki konsert zalının inşa olunduğu ərazilərdə yaşayan insanların mülkiyyət hüquqları kobudcasına pozulur: “İnsan haqları müdafiəçiləri konsert kompleksinin ətrafındakı evlərin mülk sahiblərinin razılığı alınmadan, haqları ödənilmədən sökülməsi halları baş verib. Mülk sahiblərindən biri təqaüdçü Minarə İsgəndərova hazırda qızı və oğlu ilə birlikdə “Bayraq Meydanı”na yaxın evdə yaşayır. Onun qonşularından çoxu artıq oranı tərk ediblər. Başqa bir təqaüdçü qadın Nataliya Əlibəyovanın sözlərinə görə, o, hər an zorla evindən çıxarıla bilər. Tikinti işlər onun evinə yaxınlaşdıqca təqaüdçü qadının evindən zorla çıxarılması ehtimalları artır”.
Reportajda daha sonra qeyd olunur ki, vətəndaş cəmiyyətinin fəalları və hüquq müdafiəçiləri ərazidə yaşayan insanların paytaxtın rəsmi dairələrinin tapşırığı ilə məmurların zorakı üsullarıyla evlərindən çıxarıldıqlarını bildirib. Vətəndaşlar əllərindən alınan evlərə lazımı miqdarda pul verilmədiyini deyir. Ödənilən kompensasiyanın azlığı da vətəndaşların ciddi narazılığına səbəb olub. Bakı meriyasının mətbuat xidməti yaranmış problemlə bağlı sulları cavablandıra bilməyəcəyini bildirib.
“AFP” və “France24”də yayımlanan reportajda “Eurovision” musiqi yarışmasının Avropanın ən nüfuzlu festivalı olduğu xatırlanır və vurğulanır ki, “Azərbaycanın sərt rəhbəri İlham Əliyev yarışmadan ölkənin tanıdılması və imicinin yaxşılaşdırılması istiqamədinə yararlanmaq istəyir”. Vətəndaş cəmiyyətinin fəalları paytaxtda yaşanan tikinti bumundan sadə vətəndaşların zərər gördüyünü bildirir. Bir çox insan illərlə yaşadığı evlərdən çıxarılmasından narazıdır. Tikinti işlərinin aparıldığı ərazilərdə sökülən binalar arasında hüquq müfaiə təşkilatının ofisi də var.
“Human Rights Watch” təşkilatının rəsmisi Corc Qoqia bildirib ki, Azərbaycan hökuməti 2008-ci ildə paytaxtın yenidən qurulması layihəsinə başlayıb. Bu layihəyə uyğun aparılan tikinti işləri sadə vətəndaşlara ağır itkilər yaşadıb. Çünki şəhər rəhbərliyi və tikinti şirkətləri bəzi vətəndaşları xəbərdar etmədən kompensasiya ödəmədən evlərindən zorla bayıra atıblar: “Azərbaycan hökuməti yarışmadan imicini yüksəltmək üçün istifadə edir. Lakin unudur ki, yarışma öncəsi bu kimi hallar insan haqları müdafiəçilərinin diqqətindən yayınmır”.
İnformasiya şöbəsi


