Bəli, biz bunu gözləyirdik – illərdir bu ölkədə ağıl, məntiq, vicdan böhranı keçirənlərin “Demokratiyanın böhran keçirdiyi” haqqında köhnə nağılların yenidən ortaya atacağını… Heç elə şey olardımı ki, rejimin qabının böyür-başından yallananlar Fransa Senatının qərarını öz antiAvropa, antidemokratiya mövqelərini gücləndirmək üçün istifadə etməsinlər?
Buyurun, başlayıblar dil-dil ötməyə. Qaraqışqırığın, vay-şivənliyin biri bir qəpikdir: “Bu da sizin sinov getdiyiniz Avropa!”, “Budurmu təriflədiyiniz Avropa demokratiyası?”-filan. Adam istəyir ki, əvvəlcə “hoppanın burdan!” deyib əhəmiyyət verməsin. Amma görəndə ki, hətta bu cür boşboğazlıqlar vətəndaşlıq mövqeyinə inandığın adamları da tərəddüdə salıb, onların da qafalarını qarışdırıb, onların da emosiyaları məntiqini, ağlını üstələməyə başlayıb, bəzi adi həqiqətləri yazmaya bilmirsən.
Əvvəla, məni Fransa Senatının qərarından bu qədər təəccüblənməyin özü təəccübləndirir. “Sərhədsiz Reportyorlar”ın son hesabatında Fransa söz azadlığının vəziyyətinə görə dünyada 38-ci yeri tutur. Bu bir Avropa ölkəsi, demokratiyanın bərqərar olmasında müstəsna rol oynamış bir ölkə üçün, əlbəttə, çox pis göstəricidir. Amma nəzərə alsaq ki, son 10-15 ildə bu ölkəyə hazırda hakimiyyəti vaxtı korrupsiyaya bulaşdığına görə üzərində məhkəmə hökmü olan, Heydər Əliyevin varislik ssenarisinin əsas ilhamvericilərindən biri Jak Şirak rəhbərlik edib, onun davamçısı isə hazırda reytinqi Fransada yerlərdə sürünən, eyni zamanda Azərbaycandakı irtica rejiminin ailəvi dostu, yeganə iş əmsalı Əliyevlərə medal paylamaqdan ibarət olan Sarkozidir, o zaman demokratiyanın beşiklərindən birinin bu nöqtəyə gəlməsinin səbəbini anlamaq çətin deyil.
Bəli, bir böhran varsa, o da bu gün Fransanın öz daxili böhranıdır, amma fransız xalqının xoşbəxtliyi ondadır ki, onun əlində demokratiya kimi əvəzedilməz bir silah var və bu silah ona imkan verir ki, onun maraqlarına, onun mənafeyinə zərər vuranları ilk seçkidəcə cəzalandırsın. Ta bizdəki kimi, bir ovuc adam hakimiyyətinin ömrünü saqqız kimi istədiyi qədər uzatmır Fransada. Millətin iradəsinə tüpürmür, xalqın qutudakı səsini buruqdan neft, büdcədən pul çırpışdıran kimi oğurlamır.
Qısası, öz ayıbınıza kor olun, Fransaya görə narahat olmayın. Orada demokratik zənginliklər, üstünlüklər, ənənələr istənilən antidemokratik cəhdin, təşəbbüsün üstündən xətt çəkməyə, belə cəhdləri, təşəbbüsləri iflic etməyə qadirdir. Siz bunu tezliklə Fransa Senatının qərarının tətbiq ediləcəyi ilk məhkəmə işindəcə görəcəksiniz.
Ikincisi, ən pis Avropa ölkəsi ən yaxşı Afrika, Orta Asiya, nə bilim, ərəb ölkəsindən daha yaxşıdır. “Ən yaxşı” Azərbaycan, Rusiya, Iran-zad ən pis Fransadan daha pisdir, unutmayın bunu. Avropada demokratiya dəyərləri, iqtisadi azadlıq baxımından ən problemli ölkə Italiya deyildimi? Italiya idi. Amma hətta siz orada Berluskoninin də hakimiyyətdən necə rədd edildiyinə baxın, Qəzzafinin, Mübarəkin, Bin Əlinin də. Az-çox demokratiya ənənəsi öz sözünü deyir, demokratiyanı az da olsa dadan ölkədə həmişə problemdən çıxış var. Hüquqsuzluğa, ədalətsizliyə, zülmə dayanan rejimlərdə isə son – tupikdir. Çıxılmazlıqdır. Tıpkı indi Suriyada olduğu kimi. Belə rejimlərdə paza qarşı pazı işə salmaqdan başqa çıxış yolu qalmır.
Üçüncüsü, son bir ildə bu qədər tiranların arxasından təpik vuruldu, bu qədər despotlar küçələrdə itsürütməsi edildi, Ilham Əliyevin güvəndiyi bunca dağlara qar yağdı, bəs niyə biriniz də çıxıb bunu avtoritar, totalitar idarəetmənin böhranı adlandırmadınız? Niyə Əliyevçi rejimi gözü çıxmış qardaşlarından dərs almağa çağırmadınız? Bəs niyə demədiniz ki, ay Ilham Əliyev, ay Ramiz Mehdiyev, xalqın səsini oğurlamaqla, hüquqa, azadlıqlara sırtını dönməklə, monarxiya yaratmaqla artıq bir yerə varmaq olmaz, bu yolun, daha doğrusu, yolsuzluğun axırı yoxdur, nə qədər gec deyil, dönün inadınızdan, çəkilin kənara, milli iradənin önünü açın. Önünü açın ki, Azərbaycan yeni Liviya, yeni Misir, yeni Suriya olmasın? Niyə demədiniz, hə, niyə?
Amma Fransa Senatının bir qərarı ilə “demokratiyanın böhran keçirməyə başlaması” haqqında dayanmadan üyüdüb-tökürsünüz.
“Demokratiyanın böhranı” imiş. Yox bir dəvəbaşı.
Hoppanın e, burdan!