Körfəz ölkələri isə Tehrana qarşı yeni plan hazırladı
Iran ətrafında yaranmış gərginlik davam edir. Qərb ölkələrinin Tehrana qarşı sərt sanksiyaları və Iranın geri addım atmaması vəziyyəti daha da mürəkkəbləşdirir. Avropa Birliyinin Irana qarşı neft sanksiyalarından sonra Tehranın dünyanın enerji bazarı üçün mühüm əhəmiyyət kəsb edən Hörmüz boğazını bağlayacağına dair hədələri Qərb dövlətlərilə yanaşı, region ölkələrinin də ciddi narahatlığına səbəb olub.
Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər Iranla yaşanan Hörmüz boğazı gərginliyi səbəbindən təcili hərəkət planı hazırlayıb. Plan Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin Iranın Hörmüz boğazını bağlamaq cəhdinə qarşı sahil təhlükəsizliyi və dəniz qüvvələrinin hazır vəziyyətə gətirilməsini nəzərdə tutur. Küveytin sahil təhlükəsizliyi generalı Mübarək Əli əs Sabah bildirib ki, Hörmüz boğazı körfəz ölkələri üçün mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurasının 5 üzvü var – Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreyn. Bu ölkələr bəyan edib ki, Hörmüz boğazı bağlanacağı təqdirdə boğaz üzərindən gələn qida məhsulları başda olmaqla, ehtiyac duyulan mallar azalacaq.
Irana qarşı hərbi müdaxilə variantının gündəmdə olduğu bir vaxtda Rusiyanın “Kommersant” qəzeti maraqlı iddia ilə çıxış edib. Qəzetin yazdığına görə, ABŞ Irana qarşı hərbi hücumlar zamanı Gürcüstan ərazisindən istifadə etməyi planlaşdırır.
“Kommersant” yazır ki, Gürcüstan prezidenti Mixail Saakaşvilini Ağ evdə qəbul edən ABŞ prezidenti Barak Obama Vaşinqtonun bu planını gürcü həmkarının diqqətinə çatdırıb. Saakaşvili də öz növbəsində ABŞ-a bütün istiqamətlərdə dəstək verəcəyini Obamaya bildirib.
Informasiya şöbəsi


