ABŞ-dan Rusiyaya Suriya xəbərdarlığı

«Bəşər Əsədlə dostluq Rusiyanın Yaxın Şərqdəki gücünü xeyli zəiflədəcək»

Dünyanın diqqəti BMT TŞ-nin toplantısına yönəlib

Suriyada gərginlik davam edir. Bəşər Əsəd rejiminin azadlıq və siyasi islahatlar tələb edən müxaliflərə qarşı silahlı zorakılıqları region ölkələrini və Qərb dövlətlərinin səbrini daşdırıb. Ərəb Ölkələri Liqası və Körfəz Əməkdaşlıq Şurasının nümayəndələrindən ibarət müşahidə missiyasının Suriyada fəaliyyətini dayandırmasından sonra bütün diqqətlər Nyu-Yorkda baş tutacaq BMT Təhlükəsizlik Şurasının iclasına yönəlib. Qərb ölkələri TŞ-nin iclasında Ərəb Ölkələri Liqasının Suriya planını dəstəkləməsi üçün Rusiyanı razı salmağa çalışacaq.
Iclasda liqanın baş katibi Nəbil əl Ərəbi şuraya Suriyada müşahidə aparan qrupun hesabatıyla bağlı məlumat verəcək. Bundan sonra isə hesabata uyğun BMT qətnaməsinin səsverməsi olacaq. “The Guardian”ın xəbərinə görə, Ərəb Ölkələri Liqasının hazırladığı və Bəşər Əsədin istefa verərək səlahiyyətlərini müavininə verməsini nəzərdə tutan planını Qərb dövlətləri yekdillikə dəstəkləyir. Qətnamənin qəbulu üçün TŞ-nin 10 üzvünün razılığı alınıb. Ancaq səsvermədə veto hüququ olan Rusiyanın bundan istifadə etməsi Suriyaya qarşı qətnamənin qəbuluna imkan verməyəcək.
Rusiya BMT TŞ-nin iclasından öncə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasını nəzərdə tutan qətnaməyə veto qoyacağını bəyan edib. Ancaq “Reuters”ə danışan amerikalı bir diplomat Rusiyanın bölgə ölkələrinin səsini dinləyəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Qərb diplomatları Rusiyanın Bəşər Əsəd əleyhinə qətnaməni dəstəkləməsi üçün ciddi danışıqlara baş vurub. Iclasdan öncə açıqlama verən ABŞ dövlət katibi Hillari Klintonun sözlərinə görə, TŞ Suriyayla bağlı elə qərar qəbul etməlidir ki, Əsəd rejimi törətdiklərinin dünyanın təhlükəsizliyi üçün təhdid yaratdığını anlasın.
Qərb mətbuatı isə Suriya ilə bağlı qərarın dəstəklənməsi üçün ABŞ dövlət katibi Hillari Klintonun rusiyalı həmkarı Sergey Lavrovla bir neçə dəfə telefon əlaqəsi yaratmaq cəhdlərinin boşa çıxdığını bildirib. Məlumatlara görə, Lavrov Klintonun zənglərinə cavab verməyib. XIN rəhbəri jurnalistlərə açıqlamasında faktı təsdiqləyib. Nazir bildirib ki, iş qrafiki məşğul olduğu üçün Klintonun zənglərinə cavab verə bilməyib.
“Associated Press” agentliyi isə BMT TŞ-də müzakirə olunacaq Suriya qətnaməsinin qaralama mətnini əldə edib. Agentliyin məlumatına görə, BMT TŞ-nin Suriyayla bağlı qərar layihəsinin qaralama mətnində Bəşər Əsədə səlahiyyətlərini müavininə buraxmasına dair çağırış olunur. Əsəd rejiminə bildirilir ki, insan haqları pozuntuları və ifadə azadlığı hüquqlarını istifadə edənlərə qarşı bütün hücumlar dayandırılsın. Qaralama mətndə Suriyaya qarşı güc istifadə edilməyəcəyinə də zəmanət verilir.
Bu arada “The Washington Post” yazıb ki, ABŞ Rusiyaya Suriyanı dəstəkləməklə səhv strategiya tutduğunu başa salmağa çalışır. Vaşinqton Moskvaya bildirib ki, Bəşər Əsədlə dostluq Rusiyanın digər ərəb ölkələri ilə münasibətlərini və Kremlin Yaxın Şərqdəki gücünü xeyli zəiflədəcək. Qəzetin yazdığına görə, Rusiya Bəşər Əsəd rejimini dəstəkləməyə davam edərsə, Moskvanın nəinki digər ərəb ölkələri ilə münasibətləri korlanacaq, hətta Suriya daxilindəki nüfuzunu da itirəcək. Tartusdakı hərbi dəniz bazasıyla bağlı maneələr meydana gələcək, Rusiyanın bu ölkəylə silah ticarətində də maneələr yaranacaq.
Bəşər Əsəd hakimiyyətinin qatı əleyhdarı Müsəlman Qardaşları hərəkatının rəsmi internet saytında nəşr olunan yazılı şərhdə Əsəd rejiminin faşist və sionizmdən daha təhlükəlı olduğu vurğulanır. Açıqlamada Əsəd rejiminin törətdiyi qırğınların nasistlərin Almaniyada, Israilin isə işğal edilmiş Fələstin torpaqlarında reallaşdırdığı qırğınlardan daha pis olduğu deyilir.
Bu arada Rusiya Bəşər Əsədlə Suriya müxalifəti arasında dialoq təşəbbüsü ilə çıxış edib. Suriya müxalifətindən isə cavab özünü çox gözlətməyib. Belə ki, Suriya müxalifətinin lideri B.Qalyun bəyan edib ki, Rusiya Bəşər Əsədin prezidentlikdən istefa verəcəyinə zəmanət verdikdən sonra müxalifət Suriya prezidenti ilə dialoqa hazır olacaq.

Informasiya şöbəsi