Türkiyəli tələbələr Azərbaycandan dəstək gözləyir

Onlar İlham Əliyevin konkret mövqe sərgiləməsinin tərəfdarıdır

Bakıda fransız malları boykot edilməyəcək

Fransa Senatında qəbul olunan məlum “soyqırım” qanununa Ilham Əliyev hələ ki, susmaqla “cavab” verir. Məhz buna görə də Türkiyə mediasında haqlı olaraq “Ilham Əliyev niyə susur?” başlıqlı yazılar yer alır. Düzdür, bir-iki deputat və Xuraman Şuşalı kimi müğənnilər səviyyəsində hakimiyyət mövqe sərgiləyir. Ancaq demokratik düşərgə Senatın bu qərarını pisləməklə yanaşı, Əliyevlərin prinsipial məsələdə söz deməsini və addım atmasını tələb edirlər.
Bəs ölkəmizdə oxuyan, işləyən türklər Azərbaycan iqtidarının mövqesizliyini necə qəbul edir? Onlar, Əliyevlərdən hansısa addım atmağı gözləyirlərmi? Bu suala cavab tapmaq üçün onlarla görüşməli olduq.
Reportajımızda başqa bir nüansa da toxunduq, onu isə az sonra biləcəksiniz…

“Azərbaycan hələlik bu qanunla bağlı heç bir addım atmır”

Rufat adlı tələbə yasağı qınayır: “Fransa Senatının belə bir qərarı insanı təəccübləndirir. Dünyanın heç bir yerində belə bir iş görülmür. Səhv addımdır. Parlament bu məsələyə qiymət verməkdənsə, tarixə diqqət etmək lazımdır. Arxivlərin açılmasının tərəfdarıyıq. Biz bu işin baş tutmaması üçün əlimizdən gələni edəcəyik. Bu məsələni əngəlləcəyik. Məqsədləri 2015-ci ildə ”erməni soyqırımı”nın 100 illiyini dünyaya göstərməkdir. Yaxşı olar ki, Fransa törətdiyi cinayətlərə diqqət etsin, sonra bu məsələ ilə ilgilənsin”.
“Ümid edirik ki, Azərbaycan gec də olsa Türkiyəni dəstəkləyəcək. Fransa Senatının bu qərarı təkcə Türkiyə üçün deyil, bütün türk dövlətlərinə qarşı atılan addımdır. Biz bir yerdə olmalıyıq” – bu sözləri isə Zafer Hikmet deyir. O deyir ki, ermənilər Azərbaycanda Xocalı qətliamını törədiblər: “Biz dəfələrlə bu məsələni dünya ictimaiyyətinə çatdırmışıq. Konfranslarda məsələ qaldırmışıq. Hər zaman çalışmışıq ki, Azərbaycanın yanında olaq. Əfsuslar olsun ki, Azərbaycan hələlik bu qanunla bağlı heç bir addım atmır”.
15 ildir Bakıda yaşayan, bir neçə dükan sahibi olan Fərhad Fransanın belə bir addımına təəccüblənmədiyini dedi: “Mən bunu çoxdan gözləyirdim. Fransa dəfələrlə Türkiyəyə bu məsələ ilə bağlı ”xəbərdarlıq” edib. Görünür, Ərdoğan Sarkozinin dedikləriylə oturub-durmur. Bu qərarın qəbulu bir daha Fransanın demokratik ölkə olmadığını sübuta yetirdi. Birincisi, Fransa Senatı bu məsələyə aydınlıq gətirmək üçün arxivə, tarixə üz tutmalı idi. Ikincisi, tutaq ki, türkiyə belə soyqırımı törədib. Hər bir insan özgürdü. Ola bilər ki, hər hansı bir fransalı bunu inkar edir. Buna görə insanı cəzalandırmaq olar? Düzgün deyil. Fransa bu addımıyla bir daha göstərdi ki, demokratik ölkə deyil. Sözdə bir, əməldə isə başqa bir ölkədir”.

“Türkiyə hansı məsələdə Azərbaycanın yanında olmayıb?”

Hacı Osman Fransa adlı ölkənin yarandığı gündən bu cür işlər gördüyünü deyir: “Fransa istəyir ki, Türkiyəni də belə məsələlərə qoşsun, para və başqa şeylər qazansın. Məqsəd erməni lobbisini daha da gücləndirməkdir. Bu, böyük bir oyundur. Türkiyə böyük bir dövlətdir və istəyirlər ki, onu çökdürsünlər, ancaq bunu bacarmayacaqlar”.
Tələbə Orhan Gunduz senatın qərarıyla birgə Azərbaycan hökumətinin səssiz addımına təəccübləndiyini deyir: “Biz iki dövlət, bir millətik. Ən çətin anlarda bir-birimizə arxa durmalıyıq. Ancaq biz bunu görmədik. Nədən? Suçumuz nədir? Türkiyə hansı məsələdə Azərbaycanın yanında olmayıb? Çox istərdim ki, Ilham Əliyev iqtidarı Ərdoğan hökumətinin yanında olsun. Azərbaycan Türkiyəni sözdə də, əməl də dəstəkləməlidir”.
“Fransa öz vətəndaşlarına yasaq qoyur. Tarixçilər bu məsələni araşdırmalıdırlar. Arxivlər açılmalıdır. Kimin günahkar olması aydınlaşdırılmalıdır” – deyir, tələbə Erhan.
Şahin Bünyamin deyir ki, Ermənistanın dəstəkçisi olan Fransa bununla nəzarətində olan ölkələrə diqtə etmək istəyir: “Zamanında Ermənistanı dəstəkləyərək Azərbaycana, Türkiyəyə və başqa dövlətlərə zərər vurdu. Indi dünyaya göstərmək istəyir ki, Türkiyə bu hadisəni törədib və bunun cəzasını çəkməlidir. Boş yerə çabalamasınlar. Bunun heç bir effekti olmayacaq”.

Siyasətə qarışmayanlar

Keçək reportajımızın ikinci hissəsinə. Şəhərin mərkəzi küçələrində yerləşən dükanlarda fransız malları göz oxşayır. Indiki məqam üçün bu nə dərəcədə qəbul ediləndir? Türkiyə cəmiyyəti ölkələrində Fransa mallarını rəflərdən yığışdırılmasını istəyir. Axı biz danışanda “bir millət, iki dövlət” deyirik. Bu, əməldə də belədir, yoxsa? Bu sualın da cavabını tapdıq.
Öncədən qeyd edək ki, Fransız ətirləri baha olsa da müştəri sayı az deyil. 30 ml – 9 manat, 50 ml – 12 manat, 100 ml – 17 manat və üzü yuxarı qiymətlər qalxır.
Hər dəqiqə mağazalara kimsə baş çəkir. Əksəriyyəti ətir almadan dükanı tərk etmir.
“Fransız ətirləri çox gözəldir. Bunlardan imtina etmək mümkün deyil. Çünki digər ətirlər kimi zərərli deyil. Düşünürəm ki, hər hansı hadisəyə görə belə gözəl ətirləri boykot etmək olmaz” – deyir, alıcı Gülnar Hüseynova.

Metronun “28 may” stansiyasının yaxınlığında yerləşən dükanın satıcısı deyir ki, Fransız ətirləri əvvəlki qaydada satılır: “Heç bir qadağa yoxdur. Alıcılardan narazılığımız yoxdur. Hətta deyərdim ki, son günlər ətirlər daha yaxşı satılır. Bəlkə camaat Fransız ətirlərinin satışına qoyula biləcək qadağadan qorxuya düşüb, əlavə alırlar. Ancaq bütün hallarda satışdan narazılığımız yoxdur”.
Bakıda Fransanın məşhur geyimlərinin satıldığı mağazalar az deyil. “Pierre Cardin”, “Lacoste” kimi dükanlarda mallar endirimlə satılsa da, orta statistik azərbaycanlı üçün arzuolunan qiymət deyil. Ancaq buna baxmayaraq alıcılar bu dükanlara baş çəkirlər. Söhbətləşdiyimiz paytaxt sakinləri boykot haqda fikirləşmədiklərini və siyasətlə məşğul olmadıqlarını söyləyirlər.  

***

Türkiyəli tələbələr Ilham Əliyev iqtidarından dəstək gözləyirlər. Ümid edirlər ki, Əliyevlər onların səslərinə səs verəcək. Buna ümid bəsləyəkmi?
Boykot nə vaxtsa olsa, onu da eşidərik. Ən yaxşısı zamana ümid bağlamaqdır.

Ramin DEKO