Deputat isə Iranın Azərbaycana qarşı təxribatları gücləndirdiyini deyir
Iranın Rusiyadakı səfiri Seyid Reza Səcdadi Azərbaycanda əksəriyyəti dövlət orqanlarının saytları olan internet səhifələrinə hücumla bağlı rəsmi Tehrana yönəlik ittihamlara münasibət bildirib. Bu ittihamları qəbul etmədiklərini deyən səfir, hadisəni ayrı-ayrı adamların həyata keçirdiyini düşünür: “Biz bu ittihamları rədd edirik. Fikrimizcə, internet məkanı sağlam olmalıdır. Əgər azərbaycanlılarda bu hücumu Iranın təşkil etdiyi barədə təkzibolunmaz dəlil-sübutlar varsa, bizə müraciət etsin. Biz bu məsələni araşdırarıq”.
Milli Məclisin Təhlükəsizlik Komitəsinin üzvü Zahid Oruc isə səfirin açıqlamasına münasibət bildirərkən deyib ki, bu hücumların Irandan baş verdiyi fikrini Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov səsləndirib. Yəqin ki, sübut olmasaydı, nazir belə bir fikir səsləndirməzdi: “Onların inkar etmək imkanları varsa, ortaya qoysunlar. Əminəm ki, Azərbaycan tərəfi Iranın müvafiq mənbələrinə dəlil-sübutlarını təqdim edəcək. Faktiki, Iranın son dövlər Azərbaycana qarşı təxribatları güclənib. Irana qarşı təzyiqlər artdıqca bu ölkə sanki həmin təzyiqləri paylaşmaq üçün digər regional dövlətləri təhdid edir, təzyiq göstərməyə çalışır. Iran öz problemini özü çözməlidir və Azərbaycanın informasiya, virtual məkanına, real həyatına nüfuz etməyə çalışmamalıdır”.
Politoloq Razi Nurullayevin fikrincə, internet üzərindən olan haker hücumlarının hansı ölkədən olduğunu müəyyən etmək mümkündür, lakin onun arxasında kimin dayandığını bilmək çətin məsələdir: “Ona görə inanmıram ki, Azərbaycan Iranın qarşısına hansısa dəlil-sübut qoya bilsin. Iran üzərindən Azərbaycana haker hücumu olub. Əli Abbasov bununla bağlı açıqlamasında hücumun Iran və Hollandiya üzərindən olduğunu söyləyib. Lakin bunu sübut etmək üçün ortaya fakt çıxarılması çətin məsələdir. Iran istənilən faktları təkzib edəcək. Iranla Azərbaycan arasında mübahisə dərinləşir. Ona görə də hər hansı məsələ üzərində dartışmalar baş verir və münasibətləri daha da gərginləşdirir. Fikrimcə, bu məsələlərin üzərindən adlayıb keçmək lazımdır”.
Nigar