Əgər S.Sveyq kimi yaza bilsəydim! Onda düz 84 il bundan əvvəl baş vermiş böyük hadisə haqda gözəl bir esse yazardım. Bir neçə il bundan irəli bir rus müəllifinin (bəli, təəccüblənməyin!) bizim istiqlaliyyət ataları barədə gözəl məqaləsini tərcümə etmişdim. Həmin məqalədən kiçikcə bir detal hələ də yadımda qalıb. Müəllif yazırdı ki, ingilislər uzaq Asiyada belə avropalı və həm də müasir insanlar gördüklərindən heyrətə gəlmişdilər! Bəli, bizim belə tariximiz və belə tarixi insanlarımız olub. Indi onlar haqqında nə yazsan elə də böyük effekt verməyəcək. Mən demirəm ki, söz acizdir, yox, belə deyil, o illəri olduğu kimi yazmaqda insan özü acizdir, çünki ata və oğul Əliyevlərin tarixlə savaşı elə həddədir ki, bizlər öz kasad imkanlarımızla bu səviyyədəki inkarın qarşısını ala bilmirik. Böyük əməllər bir-birini inkar etmir. Hətta bir hadisəni, əməli inkar etmək yox, kölgələmək istəyəndə gərək özün elə əməl sahibi olasan ki, onun miqyaslarının böyüklüyü heç kimdə şübhə, tərəddüd yaratmasın. Bu gün belə böyük əməl varmı? Böyük bünövrə var. Lakin o elə təəssürat yaradır ki, sanki böyük bir saray üçün nəzərdə tutulan bünövrənin üzərində kasıb və yöndəmsiz bir kənd hamamı tikirlər! O hadisələr məni çox düşündürür. Mən bu YAP hakimiyyətinin tarix konsepsiyasını başa düşmək üçün çox çalışıram. Amma başa düşə bilmirəm.
1.Hər hansa bir ideyaya, ya əmələ uzun ömür, dayanıqlıq vermək üçün onu əvvəllər baş vermiş böyük hadisələrə proyeksiya edirlər ki, həmin ünsürləri daha uzun müddət yaşatmaq və qəbul etdirmək mümkün olsun. Mən bunlar haqda abstrakt danışmıram, tarixin dərslərinə, təcrübəsinə əsaslanır, başqa ölkələrdə baş verən olaylara söykənirəm. Hətta marksizm-leninzm də boş yerdə yaranmadağını, etibarlı bünövrəyə söykəndiyini sübut etməyə cəhd və təşəbbüs göstərirdi. Yəqin, “marksizmin üç mənbəyi” söhbəti yadınızdadır.
Bunların “izm”ləri nədir, nədən ibarətdir, mən bilmirəm, amma onu bilirəm ki, bu adamlar heç bir tarixi örnəyə istinad etmirlər, vur-tut, 30-40 ili əhatə edən bir “tarix” yaratmaq istəyirlər! Hətta S.Hüseyn belə etmirdi. O özünün kökünü hətta islama qədərki ərəb tarixilə bağlamağa cəhd edirdi! I.Kərimov da belə etmir, özbəklər öz dövlətçilik tarixlərini Teymurla və onun dövrü ilə bağlayırlar! Amerikalılar keçmişə müraciətlərində həmişə “demokratiya və istiqlaliyyət ataları” deyirlər…
2.Bunların yaxın tarixə qısqanclığını başa düşmək mümkündür, çünki yaxın keçmişin şahidləri və iştirakçıları hələ sağdır. Yaxın tarix bunlara çox ciddi bir sual ünvanlayır: o vaxtlar siz harada idiniz? Bircə hadisədə, 20 Yanvarda bunların epizodik iştirakı olub. Baxın, həmin kadrları gecə-gündüz fırladır və özlərini cəmiyyətə əsl lider kimi təqdim etmək istəyirlər. Mən demirəm ki, yaxın dövrün tarixində fəal iştirak kiməsə böyük imtiyaz verir. L.Valensa və V.Landsbergis bununla bağlı heç bir imtiyaz ummurlar, onlar həyatda ikən ölkəni başqaları idarə edir. Valensanın və Landsbergisin heç ağlına gəlmir ki onlardan “a bala, o vaxt siz harada idiniz?” – deyə soruşsunlar, çünki həyat davam edir, tarix də, siyasət də onunla birgə. Insanlar başqasına səs verir və özlərinə yeni prezident axtarırlar, daha tarixi eksponat yox!
Türkiyə Azərbaycanı prosesə cəlb edə biləcəkmi?
Bəli, indi Türkiyə rəsmiləri Azərbaycanın adından çox danışırlar, lakin zənn etmirəm ki, Azərbaycan tərəfindən kəskin və adekvat addım olsun. Əslində Azərbaycan Türkiyəni öz siyasətini qəbul etməyə vadar edə bilir. Bizimkilər Türkiyəni “Nabukko”dan əl götürməyə sövq edə bildirlər. Bunlar böyük və təhlükəli geosiyasi oyunlardan qaçırlar. “Nabukko”nun da məqsədi heç də təkcə Azərbaycan qazını Avropaya çıxarmaq deyil, Mərkəzi Asiyanın qazını Rusiyanın nəzarətindən almaq idi. Bunlar “Nabukko”dan imtina etməyin və bununla bağlı israr etməməyin müqabilində Türkiyəyə hər şey verdilər: qaz, investisiya və s. Indi də risqli addım atmayacaqlar. Türkiyə də özü üçün bir suala cavab tapmalıdır: bunların adından danışmaq və hətta bəyanatlar belə, vermək üçün bunlar nə qədər etibarlı müttəfiqdir?

Millətin ulduz saatı
•


