“Herkelin seçilməsi Azərbaycan üçün qazancdır”

Eynulla Fətullayev: «Çavuşoğlunu əvəz edən fransalı deputat demokratiya və insan haqları məsələsində çox prinsipialdır»

Ötən həftə AŞPA-nın qış sessiyası çərçivəsində assambleyanın hüquq məsələləri və insan hüquqları üzrə Komitəsində siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin fəaliyyəti məsələsi müzakirə olunub. Iclasda iştirak edən hüquq müdafiəçisi Eynulla Fətullayevin verdiyi məlumata görə, Ştrasser siyasi məhbus hesab olunan 70 nəfərin siyahısını Azərbaycan hökumətinə göndərdiyini və mandatı çərçivəsində bu məsələni yerində araşdırmaq istədiyini, lakin rəsmi Bakının onun səfərinə mane olduğunu bildirib.
Komitə rəhbərinin E.Fətullayevin Azərbaycanda kimləri siyasi məhbus hesab etməsi haqqında sualına cavabda hüquq müdafiəçisi bildirib ki, bu, ilk növbədə “Amnesty International”ın “vicdan məhbusu” kimi tanıdığı 17 nəfərdir.
E.Fətullayev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, biznesmen Rafiq Əliyevin, habelə keçmiş səhiyyə naziri Əli Insanovun da adını çəkib. Hüquq müdafiəçisi həmçinin Avropa Şurasının ekspertləri tərəfindən siyasi məhbus kimi tanınmış keçmiş OMON əməkdaşları Elçin Əmiraslanovu və daha iki OMON-çunu da qeyd edib. O, Islam Partiyası fəallarının və “hicab məhbuslarının” həbsində də siyasi motivlər olduğunu hesab edir: “Lakin beynəlxalq hüquq müdafiə təşkilatlarının təcrübəsinə əsasən, yalnız barəsində hökm qanuni qüvvəyə minən şəxslər siyasi məhbus kimi qəbul edilə bilər”(Turan).
E.Fətullayevin fikrincə, Ştrasser Azərbaycana gəlməsə də, onun məruzəçi qismində fəaliyyətinin müsbət nəticələri var. Ştrasserin bundan sonrakı taleyinə gəlincə, martın 12-də AŞPA Komitəsinin növbəti iclasında onun Azərbaycana səfəri məsələsi üzrə müzakirələri davam etdirmək qərara alınıb.
Ştrasser onu yenə Azərbaycana buraxmasalar belə, yerli hüquq müdafiəçilərinin məlumatları əsasında məruzə hazırlayacağını deyib. O, Almaniya və Macarıstanlı deputatların Azərbaycana qarşı ən sərt mövqe nümayiş etdirdiklərini qeyd edib. Macarıstanlı deputatlar, hətta Azərbaycanın AŞ-da üzvlüyünü dayandırmaq zərurətini qeyd ediblər. Əliyev qardaşları barəsində Strasburq Məhkəməsinin onların həbsinin siyasi məqsədlərə söykəndiyinə dair qərarı var, Insanovun işi üzrə isə yaxın günlərdə ittihamların mahiyyəti üzrə qərar elan olunacaq.
E.Fətullayev Herkelin AŞPA Monitorinq Komitəsinə sədr seçilməsinin Azərbaycan üçün olduqca əhəmiyyətli olacağını bildirib: “Herkel uzun illər Azərbaycan üzrə həmməruzəçi olub, dəfələrlə Azərbaycana səfər edib, bizim ölkəmizi çox yaxşı tanıyır. Mən özüm Herkellə dəfələrlə görüşmüşəm, onu yaxından tanıyıram. Kitabında da mənim haqqımda müsbət fikirlər yazıb. Mən Herkeli yalnız ədalət hissi olan vicdanlı adam kimi tanıyıram. Açığı, bu seçimə çox sevindim. Bu, Azərbaycan üçün bir qazancdır. Herkel sözün həqiqi mənasında Azərbaycanı sevən və Azərbaycanda demokratik islahatları və dəyişiklikləri dəstəkləyən bir adamdır. Belə bir adamın Monitorinq Komitəsinə sədr gəlməsi çox müsbət hadisədir. Hazırkı həmməruzəçilərin fəaliyyəti məqbul sayıla bilməz. Məhz onların fəaliyyəti üzərində nəzarətin gerçəkləşməsi üçün Herkelin təyinatı olduqca vacibdir. O, Azərbaycanı yaxşı tanıdığından indiki məruzəçilər onu aldada bilməz”.
AŞPA-nın yeni sədrinə gəlincə, E.Fətullayev Çavuşoğlunu əvəz edən fransalı deputatın insan haqları məsələsində çox prinsipial olduğunu bildirib: “Səfər zamanı onun haqqında maraqlandım. Avropa Şurası Nazirlər Komitəsinin fransalı səfiri ilə uzun söhbət etdik. O mənə bildirdi ki, bu şəxsi çox yaxından tanıyır. Dedi ki, o, demokratiya və insan haqları sahəsində çox prinsipialdır. Səfir inanır ki, yeni sədr AŞPA-nın Çavuşoğlunun rəhbərliyi dövründə itirdiyi nüfuzunu bərpa edəcək”.

Gültəkin