Bahar Muradova yalan danışır

Fuad Qəhrəmanlı: «Millət vəkillərinin, ayrı-ayrı hakimiyyət təmsilçilərinin açıqlamaları dövlət başçısının mövqeyi ilə eyni tutula bilməz»

Azərbaycan hakimiyəti dövlət başçısı Ilham Əliyevin hələ də Fransanın “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qanuna münasibət bildirməməsini maraqlı aspektdən izah etməyə çalışırlar. Hakimiyyət təmsilçilərinə görə, parlament üzvlərinin, Xarici Işlər Nazirliyinin verdiyi bəyanatlar elə I.Əliyevin mövqeyinin ifadəsi deməkdir.
Parlamentin vitse-spikeri Bahar Muradovanın açıqlamasını bu qəbildən saymaq olar. O, 1news.az saytına açıqlamasında bildirib ki, Azərbaycanın dövlət başçısı Fransanın son addımı ilə bağlı mövqeyini ifadə edib. B.Muradova daha sonra baş verənlərlə bağlı Milli Məclisin, XIN-in açıqlamalarını xatırladıb. Maraqlı məntiqdir. O zaman bir neçə gün əvvəl ”Yeni Azərbaycan” qəzetində Türkiyəyə qarşı dərc olunan məqalələr də dövlət başçısının Ankaraya mesajı kimi dəyərləndirilə bilər.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, hələlik dövlət başçısının Fransanın qəbul etdiyi qanunla bağlı hər hansı açıqlaması bəlli deyil. Digər tərəfdən, dövlət rəsmilərinin I.Əliyev adından belə bir açıqlama ilə çıxış etmədiklərini deyən AXCP yetkilisi bildirdi ki, sadəcə olaraq ayrı-ayrı rəsmi şəxslərin açıqlamaları var. Bunlar isə dövlət başçısının adından olmadığından Azərbaycanın mövqeyini ifadə edə bilməz: “Türkiyə mediasının təkidli suallarına baxmayaraq, Azərbaycanın dövlət başçısı hələ də susmaqda davam edir. Ona görə də Bahar Muradovanın bu açıqlamasının heç bir əsası yoxdur və reallıqdan uzaqdır. Əgər doğrudanda o hesab edirsə ki, indiyə qədər müxtəlif deputatların və ayrı-ayrı dövlət rəsmilərinin verdikləri açıqlamalar Ilham Əliyevin mövqeyini ifadə edir, o zaman sual yaranır ki, nəyə görə dövlət başçısı bu məsələyə münasibət bildirmir”.

Hikmət